RU

İtkin düşənlərin qaranlıq taleyi

Beynəlxalq ictimaiyyət itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana təzyiqləri artırmalıdır

Xəbər verildiyi kimi, bir müddət BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Builki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb.

Əfsuslar olsun ki, münaqişə bitsə də Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaratmaqdadır. Bu ölkənin uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir. Münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilmiş, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulmuşdur. Erməni işğalçılarının Xocalı şəhərini işğal edərkən törətdikləri qırğın zamanı 600-dən çox mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 36-sı uşaq, 65-i qadın olmaqla, itkin düşmüş 200 Xocalı sakini haqqında Ermənistan hələ də məlumat verməyib.

Ümumiyyətlə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşmüşdür. 3968 nəfərdən 3202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olmuşdur. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülmüşdür. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata almışlar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılmış, 4 nəfərin sonrakı taleyi barədə məlumat verilməmiş, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməmişdir. Müharibə qurbanlarının, xüsusən də əsir-girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı məsələlər hər zaman Ulu Öndər Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev bütün aidiyyəti platformalarda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər problemini qaldırmışdır. 2021-ci ilin sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev bu məsələni diqqətə çatdıraraq demişdir: “Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Vətən müharibəsi və antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə həmin ərazilərdə intensiv şəkildə axtarış proseslərinə başlanılmış və tapılmış kütləvi məzarlıqlardan 2021-ci ilin fevral ayından etibarən insan qalıqlarının ekshumasiyasına başlanılmışdır. Qeyd etmək yerinə düşər ki, hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanmış və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilmişdir. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilmişdir. Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilmişdir. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilmişdir. Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilmişdir. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilmişdir. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülmüşdür. Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır.

Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilmişdir. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olmuşdur. Qazıntılar zamanı aşkarlanmış meyit qalıqlarının ilkin tədqiqi zamanı insanların dini ayinlərə riayət olunmadan, xaotik halda basdırılması, sümüklərin üzərində küt, iti və kəsici alətlərlə yetirilmiş xəsarətlər, güllə izləri, əsgər çəkmələri və digər artefaktların aşkarlanması, o cümlədən antropoloji müayinələr bu şəxslərin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu deməyə əsas verir. Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir.

Sevinc Azadi, “İki sahil”

Избранный
90
ikisahil.az

1Источники