RU

Abxaziyada gərginlik -separatçı bölgədə nələr baş verir...

Gürcüstanın bu bölgədə suverenliyini bərpa etmək şansı yarana bilər: qondarma rejimin “prezidenti” kəndində gizlənir və istefaya bir halda razıdır - müxalifət binaları azad etsin; Rusiya isə müəmmalı şəkildə hadisələrə qarışmır: Moskva-Tiflis-abxaz müxalifətinin anlaşması, ya necə..? 

Noyabrın 11-dən yüzlərlə insan qondarma Abxaziya “təhlükəsizlik xidməti”nin Suxumidə yerləşən qərargahını mühasirəyə alıb. “Yeni Müsavat” bildirir ki, abxaz müxalifətinin nümayəndələri Qudautada toplantı keçirərək, “hökumət”in təqdim etdiyi qanun layihəsinin qəbulunu dayandırmaq qərarına gəliblər. Söhbət qondarma “investisiyalar haqqında” hökumət təşəbbüsündən gedir. 

Bununla Rusiyanın hüquqi və fiziki şəxslərinə bölgədə daşınmaz əmlak və kənd təsərrüfatı torpaqları almağa icazə veriləcək. Rusiya tərəfi isə bildirir ki, saziş Abxaziya iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının, istehsal sektorunun, turizmin və kurort sənayesinin inkişafına töhfə verəcək. “Abxaziya Rusiyanın köməyi olmadan müxalifətlə razılığa gəlməlidir”. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova belə deyib. Jurovanın fikrincə, indi sadəcə olaraq, baş verənləri müşahidə etmək lazımdır. Separatçılar belə bir addımı investisiyaların cəlb edilməsi və minlərlə iş yerinin yaradılması, xüsusilə də turizmin inkişafı prioriteti ilə əsaslandırır. Müxalifət isə əksinə, Rusiyanın Abxaziyanı nəhayət qəsb etmək, yerli əhalini öz torpaqlarını idarə etmək hüququndan məhrum etmək, on min fərdi ev tikmək və rus əhalini köçürmək niyyətində olduğunu iddia edir. Belə görünür ki, Rusiya separatçı bölgədəki vəziyyətə müdaxilə etməli olacaq... 

“Abxaziyada dövlət çevrilişinə cəhd etmək istəyənlərin hərəkətləri Rusiya ilə əlaqələrimizi yaxşılaşdırmayacaq”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu sözləri Abxaziya “prezidenti” Aslan Bjaniya deyib. O bildirib ki, Rusiya Abxaziya üçün həyati əhəmiyyət daşıyır. Aslan Bjaniya baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb. Şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir. Bununla yanaşı, istefaya getməkdən imtina edib. Onun sözlərinə görə, Abxaziyadakı siyasi böhranın güc yolu ilə həlli sabitliyin daha da pozulmasına gətirib çıxaracaq. Abxaz lider müxalifətin zəbt etdiyi hökumət binasını azad etdikdən sonra istefa ərizəsi yazmağa hazır olduğunu bildirib. Bjaniya bu sözləri Tamış kəndində tərəfdarları ilə görüşdə deyib. “Onlar bu binanı tərk etdikdə, istefa ərizəsi yazacağam və yeni seçkilərdə onların nə qədər dəstək alacağını görəcəyik”, - deyə o bildirib.

Rusiya öz vətəndaşlarına Abxaziyaya getməməyi tövsiyə edib və prosesləri izləməkdədir. XİN sözçüsü Mariya Zaxarova Abxaziyada baş verənlərlə bağlı vətəndaşlara müraciət edib: “Bu şərtlər daxilində Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Abxaziyaya səyahət etməkdən, o cümlədən turist səfərlərindən çəkinməyi tövsiyə etməyə məcburdur”. O qeyd edib ki, Moskva Abxaziyada baş verənlərdən narahatdır, lakin prosesə müdaxilə etmir, Rusiya vəziyyətin dinc, siyasi yolla həllinə ümid edir, lakin indiyədək etirazlar “ölkənin inkişafını ləngidir” və “xarici sərmayələrin cəlb olunmasına kömək etmir”. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə bildirib ki, işğalçı rejimin olduğu yerdə sabitlik mümkün deyil. “Odur ki, biz də deyirik ki, vahid Gürcüstan bizim ümumi maraqlarımıza, abxaz soydaşlarımızın mənafeyinə uyğundur. İstər Gürcüstanda, istərsə də başqa yerdə işğal rejimi sayəsində yaradılan istənilən belə boz zonalar həmişə qeyri-sabitlik mənbəyidir, çünki bu, qurumların fəaliyyət göstərmədiyi ərazidir”.

Ramiyə

Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova hadisələrin inkişafını gözləməyin tərəfdarıdır. Onun sözlərinə görə, inzibati binalar ələ keçirilib və hələ də Rusiya müdaxilə etmirsə, ortada bir razılaşmanın olması istisna deyil. Ekspert Moskva ilə “Gürcü arzusu” partiyası arasında bir anlaşmanı mümkün sayır: “Gürcüstanın Qərbdən uzaqlaşması fonunda Abxaziyanın qaytarılması nəzərdən keçirilə bilər. Hərgah, buna əmin deyiləm. Əvvəla, Abxaziya Qara dənizin sahilindədir və potensialı var. Rusiya belə bir imkanı əldən qaçırmaq istəməz. Necə ki, illər ərzində rus oliqarxlar Abxaziyada böyük əmlaklar alıblar və yeni "saziş"in ratifikasiyası da onların əl-qolunu daha da açacaqdı. Buna görə etirazlara səbəb oldu". 

Analitik, bununla belə, Rusiyanın Qafqazlarda doktrinasını dəyişdiyini istisna etmir: “Qarabağdakı separatizmi də uzun illər Rusiya himayə edib, amma son hadisələrdə qarışmadı. Gürcüstanın da Abxaziyada suverenliyini bərpa etməsinə müdaxilə etməyə bilər. Cənubi Osetiya haqda bunu demək çətindir, Rusiya ilə sərhəddir, Şimali Osetiya faktoru da var. Ancaq bu hadisələrdə abxaz müxalifəti ilə Rusiya və Gürcüstan iqtidarlarının konfidensial işbirliyi proqnozlardan biridir. Hələ ki Rusiya kobud müdaxilə etməyib və hadisələrin gedişini gözləyir. Əgər orada idarəçilik dəyişəcəksə, proseslər gözlədiyimiz məcrada inkişaf edə bilər”.

Turab

Turab Rzayev

Siyasi şərhçi Turab Rzayevə görə, Abxaziyanın Rusiyanın nəzarətinə keçməsinə qarşı çıxan tərəf aktivləşib: “Etirazçılar hesab edirlər ki, Rusiya investisiya müqavilələri ilə Abxaziyanın əsas limanları, infrastruktur layihələri və sənaye obyektlərini faktiki olaraq nəzarət altına alır, bununla da onu öz ərazisinin bir hissəsinə çevirməyə çalışır. Etirazçılar Abxaziyanın getdikcə Rusiyanın bir vilayətinə çevrilməsinə qarşıdır. Hazırda Abxaziya inkişaf etməmiş bir vilayət kimi Rusiyanın təsiri altındadır. İnsanlar bu vəziyyəti qəbul etmək istəmirlər”. Təhlilçinin fikrincə, Rusiya əvvəllər Gürcüstana ərazi bütövlüyünün bərpası ilə bağlı yardım edəcəyini vəd etmişdi: “Gürcüstan bu prosesdə Rusiyanın razılığını vacib hesab edərək münaqişəni danışıqlar yolu ilə həll etməyi üstün tutur. Sergey Lavrovun "Abxaziya və Cənubi Osetiya Gürcüstanla münasibətləri özü müəyyən edəcək" bəyanatına baxmayaraq, Moskvanın təsiri olmadan bu, mümkün görünmür. Gürcüstan bu vəziyyətdən narahatlıq keçirir, çünki Rusiya bu qurumları müstəqil tərəf kimi tanımaqda davam edir".

Ekspert istisna etmir ki, Abxaziyada gedən proseslərdən asılı olaraq vəziyyət Gürcüstanın xeyrinə dəyişə bilər: “Ola bilsin ki, etiraz aksiyaları genişlənərək, Abxaziyanın sərbəst siyasət yürütmək istəyini ortaya qoysun. Bu halda Tiflislə ortaq razılıq əldə etmək mümkündür. Digər tərəfdən, bu etirazların Gürcüstanla əvvəlcədən razılaşdırılaraq təşkil olunduğu da ehtimal edilir. Belə olduğu halda, Abxaziya Gürcüstanın suverenliyini tanımaqla, öz idarəetmə hüquqlarını qoruyaraq, konfederativ bir modeldə birləşə bilər”.

Qeyd edək ki, Rusiya Abxaziyanı, eləcə də Cənubi Osetiyanı müstəqil subyekt kimi tanıyır. Hər iki bölgədə 90-cı illərdən separatizm mövcuddur. 2008-ci ildə Gürcüstan öz ərazilərində separatizmə son qoymaq üçün hərbi əməliyyatlara başlasa da, rus ordusunun müdaxiləsi ilə qarşılaşdı. Beş gün davam edən müharibə nəticəsində rus qoşunları Tiflisin 25 kilometrliyinə çatmışdı. O zaman Fransa lideri Sarkozi Gürcüstana gələrək həmin dövrün prezidenti Mixail Saakaşvili ilə danışaraq müharibəni dayandırmağa məcbur etdi. Rusiya bunun ardınca hər iki regionun müstəqilliyini tanıdığını açıqladı. Son dövrlərdə isə rəsmi Moskvada Lavrovun dili ilə Abxaziyaya yardımların dayandırıla biləcəyi, Gürcüstanla bu bölgələr arasında danışıqlarda vasitəçilik ediləcəyi haqda fikirlər səslənir. İndiki məqamda isə konfederativ modelin olması dilə gətirilir.  

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Избранный
35
1
musavat.com

2Источники