RU

Trampın əsas məqsədi məhz Çinlə mübarizədə qalib gəlməkdir - Siyasi şərhçi

“Fransa Prezidenti Emmanuel Makron deyib ki, Avropa ölkələri Donald Trampın iqtisadi siyasətinə görə eyni anda həm ABŞ, həm də Çinlə ticarət müharibələrinə cəlb olunma riski ilə üzləşirlər. Onun sözlərinə görə, Avropa açıq şəkildə tarif müharibələri dünyasına daxil olur və ABŞ-ın yeni prezidenti avropalılarla amerikalılar arasında dəyər zəncirlərini poza bilər. Donald Trampın prezident seçilməsi başda Emmanuel Makron olmaqla bir çox Avropa liderini narahat edir. Makron isə Trampın prezident seçilməsindən xüsusilə narahatdır”.

“Donald Tramp birinci prezidentliyi dövründə, yəni 2016 -2018-ci illərdə Avropa ölkələrinin sıxışdırılması siyasətini apardı. Bu dövrdə Avropa ölkələri ittifaqın gücləndirilməsi əvəzinə NATO-nun gücləndirilməsi siyasətinə cəlb olunmuşdu. Tramp NATO-dan təkcə hərbi təşkilat kimi istifadə etmirdi. Eyni zamanda ABŞ-ın hegemonluğu altında fəaliyyət göstərən hərbi təşkilatdan daha çox hərbi siyasi təşkilata çevrilmişdi. Getdikcə NATO-nun AvropaBirliyini üstələmə siyasəti aparılırdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, bu isə Avropanın vahid bütövlüyünü qorumağa həvəsli olan Fransa və Almaniya kimi dövlətlərin mövqeyinə zidd idi.

“Buna görə də bu ölkələr ABŞ-da yenidən Donald Trampın hakimiyyətə gəlməsinə soyuq münasibət bəsləyirdilər. Bu təkcə Emmanuel Makronun istəyi deyil. Bu, həmçinin Fransanın Şarl de Qolldan bu yana apardığı dövlət siyasətilə bağlı olan bir məsələdir. Fransa Avropa Birliyinin gücləndirilməsində maraqlıdır. Ancaq Tramp bu siyasəti aparmır. O daha çox Avropa məkanında ABŞ-ın hegemonluğuna can atır. Çin iqtisadi cəhətdən son zamanlarda Avropa bazarında xeyli güclənib və texnoloji olaraq istər Avropa ölkələrini, istərsə də Amerika mallarını Avropa bazarlarından sıxışdırmağa başlayıb. Buna görə də hazırda Trampın da əsas məqsədi məhz Çinlə iqtisadi mübarizə aparmaq və qalib gəlməkdir. Trampın Rusiya ilə yaxınlaşmaq siyasəti də məhz buna dayanır. Bunun üçün Amerika Birləşmiş Ştatları var gücü ilə çalışır ki, Avropa Birliyini öz nəzarəti altına alsın. Həmçinin Rusiya ilə münasibətləri normallaşdıraraq bütün gücünü Çinə qarşı sərf etsin. Avropa Birliyi Çin və Amerika Birləşmiş Ştatlarının iqtisadi müharibəsinin arasında qalır. Məhz Emmanuel Makronun demək istədiyi məsələ budur. Yəni Avropa Birliyi ABŞ-ın bu hegemon siyasətinə Çinlə daha da yaxınlaşaraq cavab verə bilər. Ancaq bu daha bir təhlükəyə, Çinin Avropa bazarında daha da möhkəmlənməsinə səbəb olacaq. Trampdan sonra Avropa ölkələri Çini Avropa bazarından sıxışdırıb çıxarmaqda çətinlik çəkəcəklər. Trampın bu siyasəti məhz avro məkanı gücləndirmək istəyən ölkələri çox çətin vəziyyətə salır. Bu, onları Çindən asılı vəziyyətə qoyur. Avropa ölkələri qarşısına açıq şəkildə şərt qoyulub ki, ya Amerika Birləşmiş Ştatları, ya Çin. Məhz bu həmin ölkələri ciddi şəkildə narahat edir. Bundan da ən çox narahatlıq keçirən, məhz Avropa Birliyinin gücləndirilməsini arzulayan Almaniya və Fransa kimi ölkələrdir”.

Избранный
26
18
aznews.az

10Источники