RU

COP29 çərçivəsində “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib

Noyabrın 18-də COP29 çərçivəsində keçirilən tədbirdə dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən biri olan "QS Dayanıqlılıq 2025" reytinqinin nəticələri elan edilib. Tədbir Azərbaycan Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “QS Quacquarelli Symonds” təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Fins.az xəbər verir ki, açılış nitqində elm və təhsil naziri Emin Əmrullayev dayanıqlı inkişaf məqsədlərinin ali təhsil müəssisələrində təşviqi və bu istiqamətdə Azərbaycanın gördüyü işlər haqqında danışıb. O, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə iştirakının artmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra QS-in vitse-prezidenti Ben Sauter Azərbaycanın nailiyyətləri ilə bağlı təqdimat edib. O bildirib ki, ötən il reytinqə yalnız iki yerli universitet daxil olduğu halda, bu il ilk dəfə Azərbaycanın yeddi ali təhsil müəssisəsi siyahıya daxil olub.

Azərbaycan ali təhsil müəssisələrinin reytinqdəki nəticələri:

  • Bakı Dövlət Universiteti: 941-950
  • Azərbaycan Dövlət İqtisad Universiteti: 1081-1100
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: 1351-1400
  • Bakı Mühəndislik Universiteti: 1451-1500
  • Azərbaycan Texniki Universiteti: 1501+
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti: 1501+
  • Xəzər Universiteti: 1501+

Bu nailiyyətlərin göstəricisi olaraq universitetlər QS rəhbərliyi tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.

Tədbirin ikinci hissəsində "Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?" mövzusunda panel müzakirələr keçirilib. Panelə QS vitse-prezidenti Ben Sauter moderatorluq edib.

Spikerlər:

  • Ülkər Səttarova — Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru
  • Stuart Brocklehurst — Ekzeter Universitetinin Biznes və İnnovasiyalar üzrə direktoru
  • Kristin Özden — Kembric Universitetinin İqlim Təhsili üzrə direktoru
  • Matteo Vittuari — Bolonya Universitetinin Kənd Təsərrüfatı və Qida Siyasəti üzrə professoru

Müzakirələr zamanı ali təhsil müəssisələrində dayanıqlı inkişaf strategiyalarının tətbiqi, innovativ idarəetmə yanaşmaları və beynəlxalq təcrübələr müzakirə olunub.

Bu tədbir Azərbaycan universitetlərinin beynəlxalq səviyyədə tanınması və dayanıqlılıq sahəsində görülən işlərin təbliği üçün vacib platforma olub. Təhsil sektorunun iqlim dayanıqlığı və qlobal dayanıqlı inkişaf məqsədlərinə töhfə verməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. COP29 çərçivəsində əldə olunan nəticələr bu istiqamətdə ölkənin inkişafında mühüm rol oynayacaq.

Избранный
35
17
fins.az

10Источники