RU

Ermənipərəst konqresmen Bakıya niyə gəlmişdi...

Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloni bir neçə gün əvvəl Bakıya gəlib. F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olub.

 

Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, şənbə günü - günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb. Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı otelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, otelə getməyib, qəfil COP29-da görünüb.

 

Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona ABŞ-nin qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Peloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan imtina edib.

 

Onu hoteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Pellone, rədd ol!”, “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib.

 

Ertəsi gün növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin və ictimai fəallarının Peloninin qaldığı otelin qarşısında “Pellone, rədd ol!”, “Pellone - sərhəd pozucusu”, “Pellone, cavab ver” şüarları ilə etiraz aksiyasından sonra Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa çalışıb.

 

Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Frank Pelosi və onun kimilər fərqli Azərbaycanla üzləşib və deməyə sözləri olmadığından tez-tələsik ölkəni tərk ediblər:

 

"Bu gün Azərbaycan dünya siyasətinin mərkəzindədir və dünya gündəliyini müəyyən edir. Hazırda dünyanın gündəliyi isə iqlim dəyişikliyidir. Dünya uçurumun astanasındadır. Ona görə də bütün dünyadan dövlət başçıları, siyasətçilər, tanınmış simalar Azərbaycandadır. Bəzi simalar, təşkilatlar, hətta ölkələr Azərbaycanda keçirilən COP29-a müxtəlif gözlə münasibət bəsləyirlər. Onların münasibətindən asılı olmayaraq, COP29 çox uğurlu, dünyaya səs salmış tədbir kimi yadda qalacaq. Frank Peloni kimi şəxslər çox gözəl başa düşürlər ki, siyasətdədirlərsə  və bu istiqamətdə fəaliyyətlərini davam etdirmək istəyirlərsə, dünyanın məşğul olduğu problemlərlə də müəyyənb formada məşğul olmalıdırlar".

O qeyd edib ki, Frank Peloni və onun kimilər dəfələrlə Azərbaycana qarşı qətnamələr qəbul etdirib, fikir söyləyənlər siyasətin içərisində özlərini görmək üçün Azərbaycana gəldilər.

 

"Təsəvvürlərindəki Azərbaycanı görəcəklərini düşünürdülər. "Burada BMT tədbir keçirir, onun dəvəti ilə gəldim, istəsəm, gələr, istəməsəm, gəlmərəm, mən ABŞ konqresmeniyəm, kim nə deyə bilər ki..." fəlsəfəsi ilə gəldilər. Lakin fərqli, dünya siyasətini müəyyən edən, cəsarətli çıxışlar edən, dünyanın iç üzünü açan, güclü, yeni reallıq yaratmış, heç kəsdən çəkinməyən, milli maraqlarını qoruyan Azərbaycanı gördülər. Onların təsəvvür etdikləri ilə gördükləri Azərbaycan tamam fərqlənir. Demokratlar seçkilərdə Respublikaçılara uyduzdular. Buna baxmayaraq, dünya müstəvisində öz məkrli siyasətlərini göstərə biləcəklərini düşündülər.  Ancaq nə baş verdi? Vətəndaş cəmiyyəti bunlara qarşı öz haqlı fikirlərini bildirdilər. Bunların hansı fikirdə olduqlarından heç kimin agah olmadığını, hər kəsin bunlara qarşı susacaqlarını düşündülər. Lakin hər şeydən agahıq.  Peloni fərqli Azərbaycanı, vətəndaş cəmiyyətinin gücünü gördü və deməyə sözü olmadığı üçün tez-tələsik də çıxıb getdi".

Komitə sədri vurğulayıb ki, Fransa kimi ölkənin COP29-a gəlməməsi tədbirin möhtəşəmliyinə xələl yetirməyib:

 

"Fransa böyük bir ölkədir. Onun burada iştirak etməməsi Konfransın möhtəşəmliyinə təsir göstərmədi. Fransa faktiki olaraq COP29-u təcrid etmək istəyirdi, amma öz-özünü təcrid etdi. Yaxud Avropa Parlamentini götürək. Nə qədər bəyanat verdilər ki, Avropa ölkələri Bakıya getməsinlər. Nəticədə, Avropa Parlamentinin deputatları, Azərbaycana qarşı səs verənlər ölkəmizdədilər. Çünki gəlməsələr, gündəmdən, dolayısı ilə də böyük siyasətdən çıxırlar. Ona görə vaxtilə biz Avropa Şurasına, Avropa Birliyinə gedirdiksə, indi onlar buradadırlar. Əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın mövqeyini konkret gördülər. Onların siyasətlərini dəyişəcəklərinə inanmıram, amma içəridə çox gözəl bilirlər ki, nə dərəcədə nahaqdırlar".

Избранный
35
37
modern.az

10Источники