RU

BƏT rəsmisi: Bu gün 2,4 milyard işçi həddindən artıq istiyə məruz qalır

Bu gün 2,4 milyard işçi həddindən artıq istiyə məruz qalır. Həyatların və bizneslərin məhv olmasını görürük.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Biit Andres (Beate Andrees) COP29 çərçivəsində “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial sahə və maliyyələşdirmə arasındakı əlaqə mütləq vacibdir:

"Bu gün effektiv iqlim fəaliyyətinin təcililiyi danılmaz faktdır. İqlim dəyişikliyinin cəmiyyətə və iqtisadiyyata necə təsir etdiyini də görürük. Beləliklə, qarşımızda duran əhəmiyyətli çağırışları dərk edirik. BƏT məlumatları göstərir ki, bu gün 2,4 milyard işçi həddindən artıq istiyə məruz qalır. Milyonlarla insanın iqlimə bağlı təhlükələrdən təsirlənmə riski altında olduğunu bilirik. Bu təhlükələr təkcə işçilərin həyatına və sağlamlığına deyil, həm də sabitliyə və iqtisadi artıma zərbə vurur".

Qurumun regional direktoru qeyd edib ki, yaşıl iş yerlərinə, dayanıqlı müəssisələrə sərmayə qoymaqla, dairəvi iqtisadiyyat prinsiplərini təşviq etməklə və daha ədalətli cəmiyyət yaratmaqla ədalətli keçid və daha yaşıl gələcək üçün çoxlu imkanlar var: "İnanırıq ki, yaşıl və ədalətli keçidə imkan verən yeni iş yerləri yaradılacaq. Lakin bunun da digər iş yerlərinin ləğvinə səbəb olacağını da bilirik".

Избранный
15
1
bakivaxti.az

2Источники