RU

COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin yüksəksəviyyəli dəyirmi masası keçirilib

20 noyabr tarixində COP29-da Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçirilib.

Sanahinfo.az xəbər verir ki, tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu tədbirin dövrümüzün ən qlobal problemlərindən biri olan şəhər nəqliyyatının dekarbonizasiyası istiqamətində böyük əhəmiyyət kəsb etdiyini bildirib. “Məqsədimiz dayanıqlı şəhər mobilliyini yaratmaqdır. Bununla biz həm insanların, həm də planetin ehtiyaclarını qarşılamaq üçün şəhərlərimizi və şəhər mobillik sistemlərimizi dəyişməyi hədəfləyirik”, – deyə nazir qeyd edib.

Azərbaycanda şəhər nəqliyyatının yaşıllaşdırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Bakı şəhərinin ictimai nəqliyyatına elektrik avtobuslarının cəlb edilməsinə başlanıldığı, mikromobillik infrastrukturunun inkişaf etdirildiyi, avtobus zolaqları şəbəkəsinin genişləndirildiyi bildirilib.

Sonra çıxış edən Beynəlxalq Nəqliyyat Forumunun baş katibi Yon Te Kim qeyd edib ki, hökumətlər mövcud sistemi davam etdirmək və genişləndirmək əvəzinə, gələcəkdə görmək istədikləri dayanıqlı nəqliyyat sistemi üçün investisiya cəlb etməlidirlər. “Hökumətlər nəqliyyat infrastrukturu ilə bağlı bir baxışa sahib olmalıdırlar. İnteqrasiya olunmuş bir sistemin yaradılması üçün isə yerli hökumətlər və nəqliyyat şəbəkəsi təminatçıları, sənayelər, investorlar və vətəndaş cəmiyyəti arasında koordinasiyanın olması vacibdir” – deyə Baş katib vurğulayıb.

Daha sonra BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax çıxış edib. “Bu tədbir ölkələrin Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrə yenidən baxdıqları bir vaxta təsadüf edir. Bu, milli strategiyaların yerli reallıqlara uyğunlaşdırılmasının vacibliyi ilə bağlı dialoq üçün fürsətdir. Şəhərlər iqlim dəyişikliklərinin ağır yükü ilə üzləşir, eyni zamanda iqlim problemlərinin həllində kollektiv təsirimizi artırmaq üçün istifadə etməli olduğumuz həllər təklif edirlər”, – deyə icraçı direktor Rossbax bildirib.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyatı sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə strategiyalar müzakirə olunub. Şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığın təşviq edilməsinə ehtiyac olduğu vurğulanıb. İclasda qeyd olunub ki, dövlətlər arasında birgə planlaşdırma dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradılacaq.

Tədbirdə Yaşıl Şəhər Nəqliyyatı Sisteminin yaradılması, ən yaxşı nümunələri, bu sahənin maliyyələşdirilməsi və milli fəaliyyət planları barədə müzakirələr aparılıb.

Sonda COP29 çərçivəsində keçirilən bu tədbirin qlobal miqyasda şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirərək, milli siyasət və çərçivələrə inteqrasiya oluna bilən həlləri irəli aparacağı vurğulanıb.

Избранный
5
4
sabahinfo.az

5Источники