RU

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib



Noyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
Newscenter.az xəbər verir ki, iclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edən MDB PA-nın missiyasının yekun rəyinin müzakirəsi zamanı çıxış edərək, görülən işlərə görə bütün müşahidəçi qruplara, o cümlədən Parlamentlərarası Assambleyanın müşahidə missiyasına təşəkkürünü bildirib.

Seçkilərin tarixinin dəyişdirilməsinin və sentyabrın 1-də keçirilməsinin, əsasən, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu qərar özünü tamamilə doğruldub. Onun sözlərinə görə, parlament seçkiləri ölkənin siyasi həyatında bütün dövlət resurslarının səfərbər olunmasını tələb edən mühüm hadisələrdən biri olduğundan, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident, vitse-prezident və baş nazirlərin qatıldığı qlobal xarakter daşıyan belə bir beynəlxalq tədbir zamanı seçkilərin keyfiyyətli təşkili qeyri-mümkün idi.

Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən parlament seçkiləri həm də cari ilin fevralında keçirilən prezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərində keçirilən ilk parlament seçkiləri olması ilə əlamətdardır. Bu seçkilərin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi ölkəmiz üçün mühüm tarixi əhəmiyyətə malik hadisədir. Qeyd olunub ki, seçkilər zamanı müvafiq dövlət orqanları tərəfindən vətəndaşların öz iradəsini azad ifadə etməsi və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.

O, Yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin əvvəlki kimi, parlamentlərarası dialoqun inkişafına sadiq olduğunu, bundan sonra da həm dost parlamentlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həm də Parlamentlərarası Assambleya çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə diqqət yetirəcəyini bildirib.

Məsələ ilə bağlı çıxış edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova COP29 kimi mötəbər və mühüm tədbiri yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycan xalqına və Azərbaycan Respublikası Prezidentinə təbriklərini çatdırıblar. Eyni zamanda, parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibəti ilə Sahibə Qafarovanı təbrik ediblər.

Süleyman
Избранный
14
24
newscenter.az

10Источники