RU

Ermənistanda səfir olmaqla Azərbaycanda səfir olmaq tam fərqli şeylərdir...

Daha doğrusu, Fransa kimi, İran kimi və bu qəbildən olan digər toksik ölkələrin diplomatlarının gedib İrəvanda səfir kimi fəaliyyət göstərmələri çox-çox asandır, nəinki Azərbaycanda səfirlik etmək.

Səbəbini deyim.

Ermənistana səfir təyin edilənlərdən haqqı söyləmək, ədaləti müdafiə etmək tələb olunmur. Bu ölkəyə təyinat almış şər ölkələrin səfirlərinin əsas işi Azərbaycanı qaralamaq, tez-tez anti-Azərbaycan bəyanatlarla çıxış etməkdir. Necə ki, Fransa və İranın İrəvandakı səfirləri Olivye Dekotini və Mehdi Sübhani bu alçaq "missiya"nı canla-başla yerinə yetirirlər.

Ancaq Ermənistandan fərqli olaraq Azərbaycana təyinat alan fransız, fars, amerikan, indus səfirlərin əsas missiyası haqlı tərəfin haqqını müdafiə etmək olsa da, onlar bu missiyanı yerinə yetirməyə qətiyyən həvəs göstərmirlər.

Siz indiyə qədər Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon`un öz İrəvandakı səfir həmkarı Olivye Dekotini kimi nümayişkaranə şəkildə ortaya çıxıb Ermənistanın revanşist siyasətini ittiham etdiyini və Azərbaycanın gerçək mənada sülhpərvər ölkə olduğunu dünyaya hayqırdığını görmüsünüz?

Yox, görməmisiniz. Heç birimiz görməmişik. Çünki bu xanım özünü səfir kimi yox, müqəvva kimi aparır. Sanki Emmanuel Makron bu qadının timsalında Azərbaycana səfir yox, canlı robot göndərib. Ann Buayon səfir yox, səfirin maketidir.

Eləcə də Azərbaycana səfir təyin edilən bir sıra digər ölkələrin diplomatları da özlərini əsl səfir kimi yox, neytral varlıqlar kimi aparırlar. Çünki onları ölkəmizə göndərən dövlət və hökumət başçıları Bakıdan Ermənistanı tənqid etməyi elə ilk başdan onlara qəti şəkildə qadağan edirlər. Bu diplomatlara tapşırılır ki, gedin Bakıda yeyin, için və ağzınıza su alıb oturun.

Ona görə də İrəvandakı səfirlərin Ermənistanın haqsız siyasətini həyasızcasına dəstəkləmələrindən fərqli olaraq, Bakıdakı bir çox səfirlərin ölkəmizin haqlı mövqeyinə heç bir dəstəyini görmürük.

Beləliklə, bu səfirlər öz susqunluqları ilə həm Azərbaycana, həm də öz ölkələrinə qarşı pislik etmiş olurlar...

Azərbaycanda səfir olmaq dürüstlük istər, vicdanlılıq istər, fədakarlıq və cəsarət istər. Əgər bu keyfiyyətlər Fransanın Azərbaycandakı səfirində olsaydı, o, irəli çıxıb öz ölkəsinin COP29-a münasibətdə yanlış mövqe tutduğunu etiraf edər və ya ən azından, ölkəsinin liderini anti-Azərbaycan ritorikasından çəkindirməyə çalışardı. Ancaq təəssüflər olsun ki, Ann Buayon öz şəxsi mövqeyi, müstəqil iradəsi olmayan "boz" diplomatlardandır.

Odur ki, bu xanımın Azərbaycanın xeyrinə nəsə düz-əməlli fikir səsləndirəcəyini gözləmək də mənasızdır.

Bu arada Ann Buayon növbəti dəfə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona Fransanın Azərbaycanın əleyhinə yürütdüyü siyasətlə bağlı etiraz bildirilib.

A.Buayon haqqımızı müdafiə edə bilməsə də, amma yəqin ki, etirazımızı, notamızı dərhal "ağa"sı Emmanuelin diqqətinə çatdıracaq.

P.S.

Əslində səfirlər öz ölkələrinin xarici siyasətlərinə kifayət qədər ciddi şəkildə təsir göstərə və ona bu və ya digər dərəcədə yön verə biləcək şəxslər sayılır. Onlar öz liderlərinin yanlış addımlarının qarşısını ala, səhvlərdən çəkindirə bilərlər. Lakin əfsuslar olsun ki, əksər hallarda məhz A.Buayon kimi mövqesiz diplomatların iradəsizliyi və fəaliyyətsizliyi üzündən Fransa kimi ölkələr Azərbaycana qarşı ard-arda ciddi səhvlərə yol verirlər. Odur ki, rəsmi Parisin hazırkı anti-Azərbaycan siyasətində madam A.Buayonun da günahı böyükdür.

Bəybala Mirzəyev

visiontv.az



Избранный
15
visiontv.az

1Источники