RU

Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli, azğın fransız hərbçilər

Mətbuatda işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülməsi barədə məlumat yayılıb.

O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Düzdür, bunu bütövlükdə baş nazir Nikol Paşinyan olmaqla Ermənistan əhalisinin hamısının adına yazmaq olmaz. Ancaq həmin azərbaycanlı döyülərkən ətrafdakı ermənilərin onu müdafiə etdiyini bildirməyib.

Fiziki təzyiqə məruz qalarkən ətrafdakılar ona yardım etsəydilər, heç şübhəsiz bu məlumatda əks olunardı. Təbrizliyə qarşı hücumlar Ermənistan hüquq-mühafizə sistemi, təhlükəsizlik xidmətinin də yaramaz fəaliyyətinin göstəricisidir. Çünki hadisədən hər kəsdən əvvəl onların xəbər tutması vəzifə borclarıdır.

Təbrizdən olan etnik azərbaycanlı ilk növbədə İran İslam Respublikasının vətəndaşıdır. İran isə öz növbəsində Ermənistanın xilaskarıdır. Rusiyanın imkanı olmadığı vaxt Tehran bu ölkənin əhalisini aclıqdan xilas edib. Odur ki, erməni cəmiyyəti Ermənistana səfər edən İran vətəndaşlarına hörmətlə yanaşmağa borclu sayılır.

YANAS.jpg

Məsələn, onlar Fransa vətəndaşlarına nümayiş etdirdikləri tolerantlığı İslam Respublikasından olanlara göstərmirlər. Əksinə, onlardan daim şübhələnirlər. Fransaya qarşı çıxmağa cürəti çatmayan ermənilər İran hakimiyyətinə qarşı etiraz belə edirlər. Bu günlərdə Ermənistan və İslam Respublikası arasında “Aqarak” sərhəd-keçid məntəqəsi erməni TIR sürücüləri tərəfindən bağlanmışdı. Onlar Ermənistana qayıdarkən aldıqları dizel yanacağının qiymətinin İran tərəfindən kəskin artırılması qərarına qəzəbləniblər.

Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur, dolu geri dönürlər. Sürücülər sərhəd nəzarəti vəsiqələrinin erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilməsinə etiraz ediblər.

İran hakimiyyətinin Ermənistana etdiyi yardımları isə sadalamaqla bitməz. Təbii qazdan tutmuş, gündəlik tələbat mallarına, hərbi avadanlığa, informasiya ilə təchiz etməyədək bütün sahələr üzrə əl tutub, yardım edib.

İslam Respublikası əhalisinin az qala yarısını Azərbaycan türkləri təşkil edir. Heç şübhəsiz Ermənistan cəmiyyətinə yardımlar həm də güney azərbaycanlıların ailəsinin boğazından kəsilib verilən tikədir.Ötən gün Ermənistanda Təbriz sakininin Azərbaycan türkü olduğuna görə döyülməsinə dair xəbər onların yaxşılığa nankorluğunun göstəricisidir.

HABER.jpg

Ötən ilin sonunda Qafanda fransalı hərbçilər Anahit adlı 15 yaşlı erməni qızı zorlayıb vəhşicəsinə döyüblər. Onlar Azərbaycan-Ermənistan sərhədində müşahidə missiyasının nümayəndələri olub. Sosial şəbəkələrdə fransalıların bu vəhşiliklərinə etiraz olunub. Fransa Silahlı Qüvvələrinin (FAF) Bernard adlı gənc zabiti 15 yaşlı Anahitlə gənclik kafelərindən birində qızın dostları ilə olduğu yerdə tanış olub.

Gənclər bir neçə dəfə görüşüb və Bernard Anahitə fransızcasını "təkmilləşdirməyi" təklif edib. Qız fransalının kirayə qaldığı mənzilə gələndə orada Bernardın həmkarının olduğunu da görüb. Hər ikisi sərxoş imiş. Sonra qıza seksual xarakterli işgəncə veriblər. Fransalı hərbçilər yuxuya getdikdən sonra o mənzildən qaçıb. Anahitin valideynləri polisə dərhal məlumat veriblər. Ancaq fransalıları heç kim həbs etməyib. Fransanın Ermənistandakı səfirliyi zərərçəkmiş ailə ilə əlaqə saxlayıb və “anlaşılmazlığı aradan qaldırmaq” üçün onlara "Disneyland Paris"ə səyahət təklif ediblər.

Güney azərbaycanlının döyülməsini qulaqardına vuran Ermənistan hakimiyyəti hələ də bu məsələyə aydınlıq gətirməyib. Bu ölkədə İslam Respublikası vətəndaşlarına qarşı hörmətsizliyə dair bir xəbəri də xatırlatmaq istərdik. Novruz tətilini keçirmək üçün Ermənistana səyahət etmiş bir qrup İran vətəndaşı tətil başa çatdıqdan sonra qaldıqları hoteli tərk etmək istəyib. Ancaq obyektin rəhbərliyi onlara icazə verməyib. Buna səbəb turizm agentliyinin lazımi vəsaiti hotelə ödəməməsi göstərilib.

SBEBE.jpg

Nəticədə İranın Məşhəd şəhərindən Ermənistana səfər etmiş 50 nəfər hoteldə girov saxlanılıb. İran vətəndaşları yalnız agentliyin hotelin bütün xərclərini ödəməsindən sonra ölkələrinə geri dönə biliblər.

Bu ilin fevralında yayılan məlumata əsasən, Ermənistanda ən çox İran vətəndaşı həbsdədir. Onların sayı 59 olub.

İran hakimiyyəti isə Ermənistan sərmayə qoymaqda davam edir. Bu günlərdə İrəvanda 18 min kv. metrlik ticarət mərkəzi açılıb.

İslam Respublikasından Ermənistana təbii qaz kəməri başlanğıcını Təbrizdən götürür.

Rəsmi İrəvan Şərqi Azərbaycan əyalətinin mərkəzi olan bu şəhərdə baş konsulluq açmaq istəyir.

Təbrizdə ermənilər Barun Avak (təbrizlilər ora “Barnava”) məhəlləsində yaşayırlar.

Yəni İran hakimiyyəti və Güney Azərbaycan türklərinin ermənilərə bu kimi münasibətinə dair çoxsaylı nümunələr göstərmək olar.

Təbriz sakinin azərbaycanlı olduğu üçün Ermənistanda dəfələrlə fiziki təzyiqə məruz qalması bu etnik qrupunun cəmiyyətinin türklərə münasibətinin göstəricisidir.

MUNAS.jpg

Çünki Ermənistan cəmiyyəti monoetnikdir. Onlar ölkədə başqa etnosların olmasına dözə bilmirlər. 35 il əvvəl 250 minə yaxın Qərbi azərbaycanlının öz evlərindən qovulması bunu təsdiqləyir. Belə bir cəmiyyət onların repatriasiyasına dözəcək? Dünyaya demokrat, tolerant, plüralist olduqlarını car çəkən Ermənistan hakimiyyətinin mahiyyəti yeniyetmə qıza təcavüz etmiş fransalı hərbçilərlə təbrizli azərbaycanlıya edilən hücumun timsalında daha yaxşı ifşa olunur.

Məlum hadisədən bir gün sonra İranın xarici işlər naziri Abbas Ərakçi ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Rəsmi İrəvanın nümayəndəsi yanacağın qiymətinin qalxması ilə əlaqədar erməni sürücülərin etirazını iranlı baş diplomata çatdırıb. Heç şübhə yoxdur ki, bu söhbətdə təbrizlinin döyülməsindən bəhs edilməyib.

Deməli, Ermənistan hakimiyyəti və cəmiyyəti ədaləti güclə dərk edir. Fransa güclü və öz vətəndaşının hüququnu müdafiə etdiyi üçün rəsmi İrəvan “Disneyland” səyahəti ilə razılaşıb.

Ermənistan hakimiyyəti İranı güclü saymadığı və hörmət etmədiyi üçün onun vətəndaşına qarşı dəfələrlə zorakılıq tətbiq edilib.

Rəsmi İrəvanın dözümü bu iki nümunədə aydın görünür. Onun etibarsız olduğunu, qonşulara münasibətini məlum hadisə də bir daha göstərib. Odur ki, Güney Azərbaycan türkləri üçün sual yaranıb: tolerant olmayan, türk düşmənliyini hələ də gizlətməyən, sülhdən, normallaşmadan danışan Ermənistana etibar etmək, o, ölkəyə getmək olar?!...

 Sədrəddin İsmayılov

Избранный
16
2
musavat.com

3Источники