RU

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.”



Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi, bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranmışdır.
Müasir Azərbaycanın milli siyasi məkanında fəaliyyəti və təsir dairəsi, beynəlxalq nüfuzu ilə fərqlənən, müasir siyasi sistemin formalaşmasında müstəsna rolu olan, demokratikləşmə prosesinə töhfəsini verən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. Hazırda Yeni Azərbaycan Partiyası kəmiyyət və keyfiyyət göstəricilərinə görə, nəinki ölkəmizin, hətta regionun siyasi palitrasının ən aparıcı partiyası kimi siyasi-ictimai və sosial proseslərdə sözünü qətiyyətlə deyə bilən avanqard siyasi qüvvədir. Digər tərəfdən beynəlxalq siyasi partiyalar təşkilatlarının mühüm önəm kəsb edən üzvü kimi qlobal tendensiyalara təsir etmək iqtidarında olan Yeni Azərbaycan Partiyası təşəbbüs və təklifləri ilə də diqqəti cəlb edir.
Bir sözlə, Yeni Azərbaycan Partiyası müasir siyasi partiya kriteriyalarına sahib olan şərəfli inkişaf yolu keçən və fəaliyyətilə Azərbaycanın həm daxili, həm də xarici həyatında əhəmiyyətli rol oynayan siyasi gücdür. Eyni zamanda, YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrilə, həmçinin Prezident İlham Əliyevin sosial-iqtisadi, siyasi və digər istiqamətli işlərində qüvvələrin səfərbər edilməsində əhəmiyyətli rol oynayır. Bu partiyanın adı, fəaliyyəti həm də xalq-iqtidar birliyinin ali təcəssümü kimi ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılıb.
44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə növbəti zəfərlərə yol açdı. Azərbaycan bu şanlı Qələbəsi ilə sübut etdi ki, ədalətə və beynəlxalq hüquqa söykənən siyasət davamlı uğurları şərtləndirir. Bu Zəfər Yeni Azərbaycan Partiyasının da həyatında yeniliklərə yol açdı. Belə ki, tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Yeni Nizamnamənin qəbulu, müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqramın işlənib hazırlanması və təsdiqlənməsi, struktur dəyişiklikləri kimi mühüm addımlar partiyanın tarixində yeni səhifənin əsası oldu. Yeni Proqramın əsas şüarı "Biz birlikdə güclüyük!" oldu. Müqayisəli təhlil aparsaq, Yeni Azərbaycan Partiyasının ilk Proqramında əsas çağırış "Yeni müstəqil Azərbaycan uğrunda!" idi. Həmin sənəddə əksini tapan vəzifələr, hədəflər ötən dövrdə uğurla icra edildi.
Bu zamana qədər partiyanın hər bir seçki prosesində platformasına diqqət yetirdikdə uğurlarımızın təqdimatı əsasında açıqlanan hədəflər sırasında torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının əsas yer tutduğunu görmək olar. Artıq 4 ilə yaxındır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azad edilmiş ərazilər cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Yeni Azərbaycan Partiyasının yeni Proqramında, həmçinin "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə təqdim edilmiş seçki platformasında da bütün bu uğurlar və hədəflər öz əksini tapıb. Yeni Azərbaycanın bütün hədəfləri xalqımızın parlaq gələcəyi üçündür.
Yeni Azərbaycan Partiyası bugünədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb. Partiyanın 32 ildə keçdiyi şərəfli yol cəmiyyətdə tutduğu mövqeyə işıq salır. Ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, öz monolitliyini qoruyur, hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edir. Partiyanın hər bir təşəbbüsü, qərarı Azərbaycanın bu günü və gələcəyi üçündür. Əbəs yerə Ümummilli Lider Heydər Əliyev bu partiyanı dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası kimi dəyərləndirməyib. Müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə 1992-ci il 21 noyabr tarixində təsis konfrasını keçirən partiyanın sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi, sözsüz ki, adi bir statistik göstərici deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə inamın təsdiqidir.
Partiyanın 2021-ci ildə keçirilən VII qurultayında Prezident İlham Əliyev 30 ilə yaxın dövrün reallıqlarına əsaslanaraq belə bir əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu, cənab İlham Əliyevin partiyanın fəaliyyətinə verdiyi yüksək dəyər, eyni zamanda, qarşıya qoyulan böyük məsuliyyətdir.
Bu gün Azərbaycan xalqına, dövlətinə, Vətəninə sədaqətlə xidmət edən, bu müqəddəs məhfumu dəyərləndirən hər bir vətəndaş, hər bir təşkilat noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünü böyük fərəh və qürur hissilə qeyd etmişdir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini



Избранный
18
1
aia.az

2Источники