RU

Dolaşığa düşən minimum pensiya məbləği

Yazını böyüt
Yazını kiçilt

Gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiya məbləğinin artırılacağı gözlənilsə də, maliyyə naziri Samir Şərifovun parlametdəki çıxışından sonra belə qənaətə gəlmək olar ki, yeni ildə hökumət minimum pensiya alanları sevindirmək niyyətində deyil. Nazir bəyan edib ki, 2025-ci ildə minimum pensiya məbləği 280 manat olacaq, yəni dəyişməyəcək. Minimum əməkhaqqı məbləği isə 345 manatdan 400 manata çatdırılacaq. Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər iki göstəricinin artırılması ilə bağlı təkliflərini noyabrın 1-dək hökumətə təqdim etməli idi.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, minimum əməkhaqqı və minimum pensiya məbləğləri ilə bağlı qərarlar dövlət başçısı tərəfindən qəbul olunur: “Qeyd edim ki, Palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na istinad edib. Bununla yanaşı, cənab Prezident həm minimum əməkhaqqının, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətdə işlər görülməkdədir. Mətbuat tərəfindən bu məsələ ilə bağlı çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdim ki, həm minimum əməkhaqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlarla artırılır. Yəni hər hansı strateji sənədlərdə minimum əməkhaqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da, qərarları dövlət başçısı verir. Deməli, həm minimum əməkhaqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq. Strategiyaya istinad etmək heç də konkret məbləğlərin müəyyən edilməsi anlamına gəlmir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na istinad varsa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu, mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”.

Ekspert minimum pensiyanın məbləğinin minimum pensiya kapitalına təsiri ilə bağlı məsələyə münasibət bildirib. Qeyd edib ki, bununla bağlı təkliflər hazırlanır: “Minimum pensiya artan zaman minimum pensiya kapitalı ilə bağlı tələblər də artır. Minimum pensiya 144-ə vurulmaqla minimum pensiya kapitalı müəyyənləşir. Ona görə, bununla bağlı da təkliflərimiz var ki, daha differensial və digər meyarlar nəzərə alınmaqla mimimum pensiya kapitalı tələbi müəyyənləşsin. Nəticə etibarilə minimum pensiya minimum pensiya kapitalını artırdığına görə, burada digər meyarlardan istifadə edilməsinə ehtiyac var. Yalnız 25 illik staj olduqda minimum pensiya kapitalı tələb olunmur. Bu meyarların sayını artırmağa ehtiyac var ki, minimum pensiya kapitalı toplaya bilməyən vətəndaşlarımız da pensiya almaq hüququna malik olsunlar”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, ölkə Prezidentinin göstərişinə baxmayaraq, 2025-ci il üçün minimum pensiya məbləğinin dəyişilmədən saxlanılması müəyyən suallar doğurur: “Dövlət başçısı bir neçə ay əvvəl keçirilən iqtisadi müşavirədə hökumətə minimum pensiyanın və minimum əməkhaqqının artırılması barədə göstəriş vermişdi. Bu tədbirdən bir müddət əvvəl isə bəyan edilmişdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin istiqamətdə araşdırmalar aparılaraq hökumətə müvafiq təkliflər veriləcək. Gələn il minimum əməkhaqqının artırılması ilə bağlı artıq konkret rəqəm səsləndirilir. Amma minimum pensiya məbləği ilə bağlı məsələ bir qədər dolaşığa düşüb”.

Ekspert xatırladıb ki, bu məbləğ Azərbaycanda sonuncu dəfə 2023-cü artırılaraq 280 manata çatdırılıb: “Yəni, hazırda ölkədə minimum pensiya 280 manatdır və bu məbləğin 2025-ci ildə dəyişməyəcəyi nəzərdə tutulur. Burada çox ciddi anlaşılmazlıq var. Güman edirəm ki, Milli Məclisdə büdcə müzakirələri zamanı bu məsələyə aydınlıq gətiriləcək”.

P.Heydərov vurğulayıb ki, gələn il sosial ödənişlərlə bağlı ciddi artımlar gözlənilir: “Hökumətin sosial müavinətlər, ödənişlərlə bağlı büdcədən nəzərdə tutduğu vəsaitin həcminə əsasən deyə bilərik ki, sosial müavinətlərin, əmək pensiyalarının, təqaüdlərin məbləğində ciddi artımlar olacaq. Bütün bunların fonunda Maliyyə Nazirliyi minimum pensiya məbləğinə toxunmamaq fikrindədir. Ola bilsin ki, hökumət bununla büdcə vəsaitlərinə “qənaət” edir. Əslində isə minimum pensiya məbləğinin artırılması bütün növ pensiyaların yüksəlməsinə şərait yaratmır. Bu növ pensiya alanların sayı da çox deyil. Bu nöqteyi nəzərdən tutaq ki, minimum pensiya məbləğinin 300 manata çatdırılması büdcə üçün yük deyil. Əgər hökumət istəsə, bu istiqamətdə müsbət qərar qəbul edə bilər”.

Qeyd edək ki, Hesablama Palatası gələn il üçün büdcəyə rəyində minimum pensiya məbləğinin 280 manat olacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirilib ki, Azərbaycan Respublikasında 2025-ci ildə minimum pensiya məbləği barədə Hesablama Palatası tərəfindən rəyin hazırlanması prosesində aparılan qiymətləndirmələr və təhlillər zamanı “Büdcə zərfi”nin, dövlət orqanlarının hesabat və statistik məlumatlarına, nüfuzlu beynəlxalq təşkilatların tədqiqatlarına istinad olunur.

Qeyd edilib ki, “Büdcə zərfi”ndə 2025-ci il üçün minimum pensiya məbləği ilə bağlı məlumata rast gəlinmədiyi üçün Strategiyada müəyyən edilmiş hədəfə uyğunluq cari ilin minimum pensiya məbləği əsasında hesablanıb: “Beləliklə, cari ilin minimum pensiya məbləğinin (280 manat) 2025-ci il üçün minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur: “Bununla bərabər bildiririk ki, ölkəmizdə minimum əməkhaqqının müəyyən edilməsi və minimum pensiya məbləğinin müvafiq məbləğə çatdırılması Azərbaycan Respublikasının Prezidentinin müvafiq hüquqi aktları ilə həyata keçirilir. Eyni zamanda bəzi media subyektlərində də yayılan “Rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial İnkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur?” sualı ilə bağlı bildiririk ki, rəyin əsas predmetlərindən biri də büdcə proqnozlarının ölkəmizin əsas strateji sənədinə adekvatlığının qiymətləndirilməsidir. Bu baxımdan büdcə proqnozlarındakı göstəriciləri Strategiyanın hədəflərinə uyğunluğu qiymətləndirilib”.

Избранный
4
16
hafta.az

10Источники