RU

Mürvət Həsənli Türkiyə əleyhinə sərt çağrış etdi: Türkiyədən idxal tamamilə dayandırılmalıdır

Məşhur “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət HəsənlininTürkiyə və Gürcüstandan toyuq əti və yumurta idxalının tamamilə dayandırılmalı olması ilə bağlı açıqlaması sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb.

Qeyd edək ki, Mürvət Həsənli Məşhur “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi olmaqla yanaşı, Azərbaycanda Toyuq əti və yumurta biznesini əsas monopliyaya alması ilə tanınır.

Qeyd edək ki, M. Həsənli Azərbaycanda Türk iş adamlarına qarşı düşmənçiliyi ilə tanınır. Bu və digər faktlara görə o, Türk iş adamlarının şikayətləri əsasında 2017 ci ildə Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmışdı. 

M. Həsənlinin qalmaqalla nətivələnən açıqlamasını təqdim edirik.

Oktyabr ayından etibarən vəhşi quşların mövsümi köçü ilə bağlı dünyanın bir çox bölgələrində broyler təsərrüfatlarında quş qripinin aşkarlanması halları çoxalmağa başlayıb. Azərbaycanın da daxil olduğu bölgədə Rusiyada və Türkiyədə də belə faktlar üzə çıxmaqdadır. Artıq qardaş ölkənin Konya, Əskişəhr, Afyon, Bursa və digər bölgələrində quşçuluq təsərrüfatlarında quş qripinə yoluxma faktları aşkarlanıb.

Məlumdur ki, Azərbaycana Türkiyədən həm 1 günlük cücələr, həm də yumurta idxal olunur. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyədən ölkəmizə 8 milyon 856 min 1 günlük cücə, 15 milyon 383,52 min ədəd inkubasiya üçün mayalanmış damazlıq yumurta gətirilib. Belə yüksək idxal şəraitində cücə və yumurta ilə quş qripinin də Azərbaycana gətirilməsi imkanı, bunun qarşısını almaq üçün atılacaq addımlarla bağlı suallara Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin cavablarını təqdim edirik:

– Mürvət bəy, payız-qış mövsümü gələndə vəhşi quşların köç yolu üzərində yerləşən ölkələrdə quş qripinə yoluxma halları kəskin artır. Azərbaycanda bu virusun yayılmaması üçün hansı addımlar atılır?

– Azərbaycanda epozootik vəziyyət daim nəzarət altındadır desək, yanılmarıq. Azərabycan Qida Təhlükəsizliyi Agentliyi region ölkələri, xüsusilə də ölkəmizə quş əti və ət məhsulları, yumurta idxal olunan mənbə ölkələrində vəziyyəti daim izləyir. Hər hansı yoluxma faktı qeydə alınan ərazilərdən idxal dərhal dayandırılır. Yalnız quş qripi deyil, heyvan və quşlar arasında kütləvi ölüm halına səbəb ola biləcək, həmçinin insan orqanizmi üçün təhlükə mənbəyi olan bütün xəstəliklərlə bağlı eyni addım atılır. Bu ərəfədə, bildiyiniz kimi, qardaş Türkiyənin bir neçə bölgəsində quş qripi aşkarlanıb. İlk olaraq aşkarlanma Konyada qeydə alındı. Biz onda AQTA-ya müraciət etdik, çox operativ qaydada Türkiyə tərəfi ilə də əlaqə yaradılaraq, Konyadan ölkəmizə quş əti, yumurta idxalı dayandırıldı.

– Artıq Türkiyənin çoxsaylı bölgələrində quş qripi aşkarlanıb. Bu halda hansı addımların atılması lazımdır?

– Çox təəssüf ki, dediyiniz həqiqətdir. Türkiyənin bir çox bölgələrində həm damazlıq yumurta istehsal edən, həm damazlıq cücə və ətlik toyuq yetişdirilən təsərrüfatlarda quş qripi aşkarlanıb. Həmin bölgələr karantin bölgəsi elan olunub, əvəzi ödənilməklə yoluxma aşkarlanan təsərrüfatlardakı bütün quşlar məhv edilir. Türkiyənin digər bölgələri ərazilərini hər hansı quş və quş məhsulları üçün tam qapadıblar. Bu, ölkədə toyuq əti və yumurtanı kəskin bahalaşdırıb. Azərbaycana Türkiyədən damazlıq və az miqdarda süfrə yumurtası, həmçinin 1 günlük cücələr idxal olunur. Bundan əlavə, dəfələrlə dediyimiz kimi, Türkiyədəki bir sıra şirkətlər gömrük rüsumlarından yayınmaq üçün öz məhsullarını Gürcüstan üzərindən Azərbaycana ixrac edirlər. Bildiyiniz kimi, Azərbaycanda yerli istehsalı qorumaq üçün damazlıq və süfrə yumurtası, toyuq ətinin idxalına əlavə rüsumlar tətbiq olunub. Bu, MDB dövlətlərinə, o cümlədən Gürcüstana aid deyil. Buna görə də bir sıra Türkiyə şirkətləri öz məhsullarını Gürcüstan adı ilə ölkəmizə göndərirlər. Yəni bu gün Türkiyədə quş qripi geniş yayılıbsa, yalnız oradan deyil, Gürcüstandan da idxal dayandırılmalıdır.
Biz bununla bağlı AQTA-ya müraciət etmişik. Agentyliyin sədri Qoşqar müəllim Təhməzli belə hallara çox həssas yanaşır, inanırıq ki, real təhlükəni bu dəfə də doğru qiymətləndirəcək və təhlükə aradan qalxana qədər həm Türkiyədən, həm Gürcüstandan yumurta və cücə idxalı dayandırılacaq.

– Azərbaycan quşçuluq təsərrüfatları quş qripi təhlükəsinə qarşı hansı addımları atırlar?

– Bütün təsərrüfatlarda AQTA-nın tərtib etdiyi təlimatlara uyğun təhlükəsizlik tədbirləri gücləndirilib. Bilirsiniz, quşlar müxtəlif xəstəliklərə qarşı son dərəcə həssasdırlar. Quşçuluq müəssisələri də həmçinin: xəstə bir quş 1-2 günün içində milyonlarla quşu yoluxdura bilir. Buna görə də müəssisələr məsələyə son dərəcə diqqətlə yanaşır, damlar, quşların saxlandığı ərazilər vaxtaşırı dezinfeksiya olunur, kənar təmasların qarşısı tam alınır.
Qeyd edim ki, bir sıra müəssisələr xaricdən, əsasən də Türkiyə və Gürcüstandan 1 günlük cücə, damazlıq yumurta alırlar. Bu isə o deməkdir ki, hazırda ölkəmizdə də quş qripinin yayılması riski çox yüksəkdir. Doğrudur, AQTA Qırmızı Körpü sərhəd-keçid məntəqəsi yaxınlığında xüsusi laboratoriya yaradıb, idxal olunan yumurta və cücələr nümunələr götürülərək yoxlanmamış ölkəyə buraxılmır. Lakin Türkiyədə virusun kütləvi yayılması yoluxmuş bir cücənin, yaxud bir xəstə toyuğun yumurtasının Azərbaycana keçməsi təhlükəsini dəfələrlə artırır. Bu baxımdan, müəyyən müddətdə həm Türkiyədən, həm də Gürcüstandan idxalın tamamilə dayandırılması qaçılmaz görünür. İnanırıq ki, AQTA rəhbərliyi həmişə olduğu kimi, indi də təhlükənin miqyasını doğru qiymətləndirəcək və zəruri addımlar atılacaq.

Избранный
8
4
interpress.az

10Источники