RU

“Ya Premyer Liqanın səviyyəsini artırmalıyıq, ya da...”

"Azərbaycanlı futbolçuların ayrı-ayrı ölkələrdə oynamasına şərait yaratmalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqov deyib.

Moldovada baş tutan oyunları tribunadan canlı izləyən 65 yaşlı mütəxəssis Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının Avropa çempionatının seçmə mərhələsində göstərdiyi nəticələri dəyərləndirib:

“Reallığı dərk etmək lazımdır. Uşaqlar əllərindən gələni etdilər. Son saniyələrdə sırf öz səhvimizə görə qələbəni əldən verdik. Ancaq heyətlərə diqqət etmək lazımdır.

İrlandiyanın heyətində İngiltərənin “Sauthempton”, “Kristal Pelas”, “Liverpul” kimi klublarında, İtaliya və ümumiyyətlə, “Böyük beşlik” ölkələrinin çempionatlarında çıxış edən futbolçular var idi.

Bundan əlavə, rəqibin heyətində Danimarka, Belçika, İsveçrə kimi ölkələrdə oynayan futbolçular yer almışdılar.

Moldova yığmasının rəsmiləri ilə danışdım, dedilər ki, 19 yaşa qədər olan 400-ə yaxın futbolçuları xaricdə oynayır. Özü də hər biri rəqabətli çempionatlarda çıxış edirlər”.

Millinin sabiq baş məşqçisi beynəlxalq yarışlarda nəticə qazanmaq üçün Azərbaycan çempionatının səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb:

“Xoşuma gələn odur ki, ardıcıl iki məğlubiyyətdən sonra üçüncü oyunda futbolçular özlərində güc tapıb mübarizə apardılar və 1 xal qazandılar.

Adlarını çəkmək istəməzdim, elə futbolçular var ki, yaşca böyük rəqiblərə qarşı oynadılar. İstedadlı, potensialı olan futbolçularımız var.

İnanıram ki, gələcəkdə Azərbaycan futboluna fayda verəcəklər. Mübarizə aparan komanda var, amma bunun üzərinə keyfiyyət gəlməsə, nəticə qazanmaq çox çətin olacaq.

Bu gün çalışmalıyıq ki, futbolçularımız təzyiq altında, rəqabətli çempionatda çıxış etsinlər. Öz çempionatımızın səviyyəsini artırmalıyıq.

Ya da futbolçuların ayrı-ayrı ölkələrdə oynamasına şərait yaratmalıyıq. 19 yaş elə bir yaş dövrüdür ki, futbolda böyük addımlar atırsan. Özlərini göstərmələri üçün imkan yaradılmalıdır”.

Elxan Abdullayevin çalışdırdığı U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda cəmi 1 xal toplayıb.

İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzan komanda Moldova ilə bərabərə qalıb - 2:2.

Избранный
38
sportinfo.az

1Источники