RU

Minimum aliment 11 manat artırılır...

Image

Fatimə Hacıbəyli: “Ana işləyirsə və onun gəliri, yaşayışı normaldırsa kişinin ödədiyi alimentin miqdarı çox olmamalıdır”

2025-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata çatdırıla bilər. Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən  iclasında müzakirəyə çıxarılıb. 

Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.

Aliment məbləğinin artırılmasının boşanmaların sayını azaldacağını düşünənlər də az deyil. Güman edilir ki, aliment ödəməkdən çəkinən şəxslər boşanmaq istəməyəcəklər. Hər halda bu, yalnız bir qrupun fikridir. Digər qrup isə fikirləşir ki, həyat yoldaşı ilə bu və ya digər səbəblərdən dolayı fikirləri üst-üstə düşməyən, istənilən məsələdə yola getməyən, bir-birinə anlayış göstərməyən şəxslər üçün aliment məbləğinin artması əsas olacaq. Beləliklə, boşanmaların sayı daha da artacaq. Qeyd edək ki, boşanan şəxslərin əksəri maddi çətinlik yaşayan insanlardır. Uşaq sayı 2 və ya daha çox olarsa aliment məbləği daha da yüksək olur. 

“Aliment məbləğinin artırılması boşanmaların qarşısını almayacaq, əksinə, boşanmaların sayı daha da artacaq”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, aliment məbləğinin artması bəzi xanımların boşanmaq istəyini daha da stimullaşdıracaq: “Danılmaz faktdır ki, bu gün qızlar sərbəst yaşamağa üstünlük verir. Adi xırda problemi böyüdüb, kişi, qaynana, qaynata əziyyəti çəkməkdənsə, alacağı alimenti düşünüb ailəsini dağıdacaq. Beləliklə, boşanan ailələrin sayı artacaq. Ötən illərlə müqayisədə Azərbaycanda ailə institutu ciddi şəkildə deqradasiyaya məruz qalıb. Azərbaycanda klassik ailə modeli iflasa uğrayır. Yerinə isə yeni ailə modeli qoyulmayıb. Ailə institutundakı belə qeyri-müəyyənlik boşanmaların çoxalmasına gətirib çıxarır və çıxaracaq. Belə bir məqamda aliment məbləğinin artırılması boşanmaların qarşısını almayacaq. Əksinə, boşanmaların sayı daha da artacaq. Aliment məbləği elə təyin olunmalıdır ki, iki və daha artıq uşağı olan şəxslərə güzəşt edilsin. Təsəvvür edin, 700-800 manat əmək haqqı alan şəxs maaşının yarıdan çoxunu alimentə verir.

Onu da deyim ki, bu gün aliment verə bilməyən və yə verməkdən imtina edənlər az deyil. Belə olan halda son dayanacaq məhkəmə zalı olur. Aliment məbləğinin artırılması da bu gərginliklərə təkan verir. Düzdür, alimentin artırılması uşaqların yaşayışına müsbət təsir edəcək”.

Həmsöhbətimiz hesab edir ki, boşanmaların qarşısını almaq üçün alimentin artırılması çıxış yolu deyil: “Burada kompleks tədbirlər görülməlidir ki, boşanmaların qarşısı alınsın. Nikaha girən şəxslərin məlumatlandırılması lazımdır. Bu məlumatlandırmada tərəflərin bir-birinin hüquq və azadlığına, nüfuzuna hörmət etməsi, vətəndaş yetişdirmək bacarıqlarının formalaşması kimi amillər yer almalıdır. Alimentin verilməsi ilə bağlı xarici ölkələrin təcrübəsindən istifadə etmək olar. Məsələn, ana işləyirsə və onun gəliri, yaşayışı normaldırsa kişinin ödədiyi alimentin miqdarı çox olmamalıdır”.

Günel CƏLİLOVA





Избранный
11
baki-xeber.com

1Источники