RU

COP29-da Paris Sazişinin 6-cı Maddəsi tam şəkildə razılaşdırılıb

Bu gün COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir ki, davam edən danışıqlara nəhayət yekun vurulduğunu elan edib. Tərəflər COP29 Sədrliyinin il ərzində əsas prioritetlərindən biri olan bu nailiyyət naminə həm texniki, həm də siyasi danışıqlar çərçivəsində yorulmadan çalışıblar. Onların səyi nəticəsində illərlə davam edən danışıqlar başa çatıb və Paris Sazişinin yekun müddəası öz həllini tapıb.

 

Senzor.az bildirir ki, COP29 Sədrliyinin bəyanatında belə deyilir.

 

6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. Bu beynəlxalq əməkdaşlıq sayəsində milli iqlim planlarının (NDC) icra məsrəflərinin illik 250 milyard ABŞ dolları həcmində azalacağı gözlənilir.

 

COP29 Sədrliyi Tərəfləri qənaət olunan bu vəsaitləri yüksək iqlim ambisiyalarına yönəltməyə çağırır. Fevral ayında keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə malikdir. Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə edilib.

 

“Biz on ildir ki, davam edən danışıqlara yekun vurduq və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfini qorumaq üçün vacib mexanizmi işə saldıq”, deyə COP29-un Prezidenti Muxtar Babayev bildirib: “İqlim dəyişməsi transmilli problemdir və 6-cı maddə də transmilli həllərə yol açır, belə ki, atmosfer üçün emissiyaların harada azaldıldığı önəmli deyil”. 

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki məsələlərdən birini həll etdik. 6-cı maddə mürəkkəb görünsə də, onun təsirləri gündəlik həyatımızda hiss olunacaq. Onun icrası kömür zavodlarının dayandırılması, külək stansiyalarının tikilməsi və meşələrin salınmasını nəzərdə tutur. Bu, inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşunun yeni dövrünü bildirir”.

 

Bugünkü nailiyyət çətin əldə olunub. Qlazqo və Şarm Əl-Şeyxdə keçirilən COP konfransları karbon bazarları üçün əsas qayda, çərçivə və prosedurları uğurla müəyyən etdiyi halda, 6-cı maddənin yekun komponentləri natamam qalmışdı. COP29-dan əvvəl bu danışıqlarda yaşanan durğunluq daha geniş beynəlxalq iqlim əməkdaşlığının tam potensialının reallaşdırılmasında baha başa gələn gecikməyə səbəb olurdu.

 

COP29 Sədrliyi keçmiş çoxtərəfli problemləri həll etmək üçün xüsusi strategiya qəbul edib. Sədrlik il ərzində Tərəflər arasında konstruktiv dialoqa kömək edib və konsensusa nail olmaq üçün texniki və siyasi müzakirələri birləşdirərək irəliləyişə nail olub. Bu, COP29-un ilk günündə 6.4-cü maddə standartlarının erkən qəbuluna zəmin yaratmaqla, bugünkü əlamətdar nailiyyətə yol açıb.

 

COP29 Sədrliyi bu nailiyyətə çatmaq üçün təxminən on ildir ki, yorulmadan çalışan bir çox insana, o cümlədən ayrı-ayrı təşkilatlara öz səmimi minnətdarlığını bildirir. Onların illərlə göstərdikləri səy nəticəsində əldə olunan irəliləyişsiz bugünkü konsensus da mümkün ola bilməzdi.

 

Bu gün 6-cı maddə üzrə qəbul edilən yekdil qərarlar real, əlavə, təsdiqlənmiş və ölçülə bilən emissiyaların azaldılması və kənarlaşdırılması yolu ilə ekoloji bütövlük və şəffaflığın, eləcə də karbon bazarlarının etibarlılığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək və eyni zamanda, qlobal iqlim sərmayəsini idarə etmək üçün bu bazarların böyük potensialını üzə çıxaracaq.

 

Qəbul edilmiş təlimat və qaydalar karbon layihələrinin praktiki və inklüziv qalması, insan hüquqlarının müdafiəsi və dayanıqlı inkişafa töhfə verməsini təmin etmək məqsədi daşıyır və həm ölkələr, həm də layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etməyə imkan verən konsepsiyanı təmin edir. Bu qərarların qəbul edilməsi son deyil. Tərəflər qazandıqları təcrübə əsasında 6-cı maddənin qaydalarını davamlı olaraq tənzimləyə biləcəklər.

 

Избранный
41
1
senzor.az

2Источники