RU

Avropa İttifaqı və 25 ölkə kömür elektrik stansiyaları tikməyəcək

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı (Aİ) və 25-ə yaxın ölkə kömürlə işləyən istilik elektrik stansiyaları tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu addım kömür yanacaq növündən istifadənin azaldılmasına yönəlmiş son qlobal öhdəlikdir. Yeri gəlmişkən, agentlik Bakıda keçirilən COP29 çərçivəsində müvafiq sazişin bağlandığı barədə bəyanata istinad edib. Məlum olub ki, sənədi Kanada, Böyük Britaniya və Almaniya imzalayıb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan və ABŞ isə indiyədək bu sənədə məhəl qoymayıb.

Sözügedən bəyanat isə Azərbaycanda keçirilən iqlim sammitində Aİ, ABŞ və digər ölkələrin tədbirin digər iştirakçılarını qazıntı yanacaqlarından uzaqlaşmaya dair 2023-cü il sazişini yenidən təsdiq etməyə çağırdığı bir vaxtda verilib. Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində mədən yanacaqlarının istehlakının və istehsalının azaldılmasını nəzərdə tutan saziş layihəsi hazırlanıb. Bu tədbirlər 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi daşıyır.

Bu arada, Avropa İttifaqının iqlim dəyişiklikləri üzrə komissarı Vopke Hoekstra deyib ki, bir çox ölkələrin artıq kömür enerjisindən imtina etməsinə baxmayaraq, ona tələbat artmaqda davam edir. “Yeni kömürlə işləyən elektrik stansiyalarının yaranması Yer kürəsində qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması üçün ən böyük təhlükələrdən biridir”, – deyə o, əlavə edib.

Yeri gəlmişkən  mənbə iddia edir ki, kömürdən mərhələli şəkildə imtinanın tərəfdarları 2025-ci ildə Braziliyada keçiriləcək COP30 danışıqları ərəfəsində kömür enerjisi ilə bağlı oxşar öhdəliklər götürmələri üçün digər ölkələrə təzyiq göstərəcəklər.

Xatırladaq ki, 2024-cü ilin iyulunda BMT-nin Baş katibi Antonio Quterreş bildirmişdi ki, Paris Sazişinə əsasən, 2025-ci ilə qədər ölkələr istixana qazı emissiyalarını azaltmaq üçün yeni öhdəliklər təqdim etməlidirlər. Bu da o deməkdir ki, ölkələr qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılmasına əməl etməli, 2030 və 2035-ci illər üçün emissiyaların mütləq azaldılması hədəflərini yerinə yetirməli və 2040-cı ilə qədər kömürdən tədricən imtina etməyi öhdələrinə götürməlidir. Güman edilir ki, ölkələrin öhdəlikləri enerji sistemlərinə yeni kömür elektrik stansiyalarının daxil edilməməsi vədini ehtiva edir.

Избранный
9
6
xalqqazeti.az

10Источники