RU

Çexiya Krım tatar sürgününü soyqırım kimi tanıyacaq

Yazını böyüt
Yazını kiçilt

Çexiya Senatının Xarici İşlər, Müdafiə və Təhlükəsizlik Komitəsi İosif Stalinin sərəncamı ilə 1944-cü il mayın 18-də Krım tatar xalqının deportasiyasının soyqırım kimi tanınması ilə bağlı Senatın qətnamə layihəsini qəbul edib.

Hafta.az-ın yazdığına görə, Çexiya 18 may 1944-cü il tarixli Krım tatar sürgününü soyqırım kimi tanıyan yeddinci ölkə olmağa hazırlaşır. Bu barədə bir neçə gün öncə Çexiyanın xarici işlər naziri Yan Lipavski Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə bildirib.

Sovet İttifaqının diktatoru, xalqlar həbsxanası olan Stalinin əmri ilə Krım tatar xalqının öz vətənindən qovulmasını soyqırım kimi tanıyan layihənin dekabrda səsverməyə çıxarılacağı gözlənilir.

Digər tərəfdən, Yan Lipavski Refat Çubarova, Çexiyanın Krım tatarlarına və Ukraynaya dəstəyini davam etdirəcəklərini bildirib.

Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Refat Çubarov nazir Lipavskiyə Rusiyanın işğalı altında olan Krım tatar xalqının hazırkı vəziyyəti, KTMM-nin Krımın maraqlarına uyğun olaraq üzərinə düşən vəzifəni yerinə yetirərkən üzləşdiyi əsas çətinlik və problemlər barədə məlumat verib.

Xatırladaq ki, Estoniya parlamenti oktyabr 16-da 18 may 1944-cü il tarixli Krım tatar sürgününü soyqırım kimi tanıyan altıncı ölkə olub. Daha əvvəl, 2015-ci ildə Krım tatar sürgününün Ukrayna Parlamenti tərəfindən soyqırım kimi qəbulundan sonra, 2019-cu ildə Latviya və Litva parlamentləri, 2022-ci ildə Kanada parlamentinin aşağı palatası olan İcmalar Palatası və 2024-cü ilin iyulunda Polşa parlamentinin aşağı palatası olan Seym sürgünü soyqırım kimi tanıyıb.

Избранный
9
hafta.az

1Источники