Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 25 noyabr Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” yarımstansiyasının, “Zar” KSES-in açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir. Artıq “İstisu” mineral suyunu rəsmi qəbullarda və görüşlərdə görmək olur. Bu, 44 günlük müharibədə qazanılan Qələbəni tərənnüm edən rəmzlərdən biridir.
Ağaverdi Əliverdiyev YAP Qusar rayon təşkilatının əməkdaşı.