RU

“Bismak” və “Çörəkçi”nin sahibi olan “Delta Qrup C.O.” niyə cərimələnib?

Azərbaycanda iki böyük zavoda sahib olan və eləcə də xarici məhsulların distributoru olan “Delta Qrup C.O.” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

 

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

 

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

 

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

 

Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-nin iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribyutorluq (dağıtım). Əhalinin gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə şirkətin iki böyük zavodu  (“Bismak” və “Çörəkçi”) fəaliyyət göstərib. 20 milyon manat nizamnamə kapitalına malik olan “Delta Group C.O.”MMC-nin direktoru və qanuni təmsilçisi İlkin Şabanovdur.

Избранный
11
1
tribunainfo.az

2Источники