Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək
Dekabrın 5-i və 6-sı Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək. Bu barədə aia.az-ın müxbirinə İcmanın səlahiyyətli nümayəndəsi məlumat verib. Səlahiyyətli nümayəndə bildirib ki, "Qərbi Azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq." Qeyd edək ki, 5 dekabr Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən gün ilə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.