Özbəkistan Respublikasının Baş Prokurorluğu 25 noyabr tarixində Özbəkistan Prezidenti Administrasiyasının İnformasiya Siyasəti Departamentinin keçmiş rəhbəri Komil Allamjanova qarşı bu il oktyabrın 26-da törədilmiş sui-qəsd cəhdi ilə bağlı əlavə şəxslərin saxlanıldığını açıqlayıb. Bu barədə 1news.az Özbəkistanin Milli İnformasiya Agentliyinə (UzA) istinadən məlumat verir. “Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətin törədilməsi ilə ümumilikdə yeddi nəfərin əlaqəli olduğu müəyyən edilib. Onlardan beş nəfəri barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə axtarışa verilib”, - Baş Prokurorluqdan bildirilib. Təqsirləndirilən şəxslərdən biri olan Özbəkistan vətəndaşı Javlon Yunusov Cənubi Koreyada saxlanılıb və ölkəyə ekstradisiya olunub. Həmçinin, Qazaxıstan Respublikasında gizlənən təqsirləndirilən şəxs K.S.-nin yeri müəyyən edilib və onun iştirakı ilə istintaq hərəkətləri aparılıb. Qeyd edək ki, bu günlərdə Özbəkistan hüquq-mühafizə orqanlarının bəzi vəzifəli şəxsləri, o cümlədən Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri vəzifəsindən azad edilib. UzA-nın istinad etdiyi mənbənin sözlərinə görə, bu istefalar Komil Allamjanova sui-cəhdi ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilib. Xatırladaq ki, hadisə oktyabrın 26-na keçən gecə Daşkənd vilayətinin Kibray rayonunda baş verib. İki nəfər naməlum şəxs K.Allamjanovun olduğu yolsuzluq avtomobilini atəşə tutub və hadisə yeridən qaçıb. Atışma faktı ilə bağlı Özbəkistan Cinayət Məcəlləsinin 25-ci (“Cinayətə hazırlıq və cinayətə cəhd”) və 97-ci (“Qəsdən adam öldürmə”) maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, Komil Allamjanov 2017-2018-ci illərdə Özbəkistan Prezidentinin mətbuat katibi olub, daha sonra İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinə rəhbərlik edib. 2022-ci ildə o, Prezident Administrasiyasına qayıdıb, 2023-cü ilin sentyabrında isə özəl sektorda fəaliyyət göstərmək planlarını açıqlayaraq İnformasiya Siyasəti Departamentinin rəhbəri vəzifəsindən istefa verib.