RU

COP29-dan tarixi qərarlar

Prezident İlham Əliyev: "Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu"

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməklə daha bir tarixi uğura imza atdı.

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar ötən ilin dekabrında qəbul olunmuşdu. Azərbaycan bir ildən də az vaxtda bu mötəbər tədbiri bütün qabaqcıl təcrübələr nəzərə alınmaqla ən yüksək səviyyədə təşkil etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək". Buna qədər bir çox beynəlxalq tədbirlərə, yarışlara uğurla ev sahibliyi edən Azərbaycan zəngin təcrübəsindən, təşkilatçılıq bacarığından yiyələnərək daha bir beynəlxalq tədbiri keçirməyə müvəffəq oldu. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərarın qəbulu bunun bariz göstəricisidir

COP29 isə həm miqyasına, həm də qlobal əhəmiyyətinə görə ölkəmizdə keçirilən ən mötəbər tədbir hesab edilir.

80 dövlət və hökumət başçısının, 76 mindən çox nəfərin iştirak etdiyi tədbir - COP29 iqlim danışıqları üzrə tarixi nəticələrin əldə edilməsi, mühüm təşəbbüslərin dəstəklənməsi kimi qlobal əhəmiyyəti ilə diqqətdədir. COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. "Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu", - deyə dövlət başçımız bildirib. Noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı tədbir dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatdı.

Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bu gün müasir dünyada iqlim dəyişikliyi ilə bağlı problemlərə məruz qaldığı bir zamanda belə bir təədbir ölkəmizdə təşkili xüsusi ilə əhəmiyyətlidir. İqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır. COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Azərbaycan kimi dünya ölkələri də bu problemin həllinə töhfə verməlidirlər. COP29 qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə dönüş nöqtəsi kimi xarakterizə olunur.

PARİS SAZİŞİNİN 6-CI MADDƏSİ TAM ŞƏKİLDƏ İŞLƏK VƏZİYYƏTƏ GƏTİRİLDİ

Bakıda keçiriləən COP29-da bir sıra ilklərə imza atıldı. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. COP çərçivəsində hər bir ölkə qlobal istiləşmənin 1,5 C saxlanması, dekarbonizasiya ilə bağlı öhdəlik götürüb və bu öhdəliklərə riayət etmək üçün öz ölkələrində milli səviyyədə müəyyən tədbirlər görməli, ev tapşırıqlarını yerinə yetirməlidirlər.

2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Altıncı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq.

Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsidə diqqəti çəkəndir. Belə ki, 60-dan çox hökumət turizm sektorunda emissiyaların azaldılması və dayanıqlığın artırılması ilə davamlı turizm təcrübələrini təbliğ etməyə sadiqdir.

İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsinə gəlincə isə, 50 ölkənin dəstəklədiyi bu bəyanat, iqlim dəyişikliyinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edir. Milli iqlim siyasətləri, o cümlədən NDC-lər və NAP-lar çərçivəsində su ilə əlaqəli mitiqasiya və adaptasiya tədbirlərinin inteqrasiyasını təşviq edir.

İTKİ VƏ ZƏRƏR FONDUNUN TAM FƏALİYYƏTƏ BAŞLAMASINI TƏMİN EDƏN TARİXİ QƏRAR

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur. İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabrında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru təyin edilib. COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında "Qəyyumluq Sazişi" və "Katibliyin Ev Sahibliyi Sazişi", eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış "Ev Sahibi Ölkəyə dair Saziş"dir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Xüsusi olaraq vurğulayaq ki, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

Bütün bunlarla yanaşı, 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı. COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunlar 150 Tərəf tərəfindən təsdiq olundu.

BAKI ADAPTASİYA YOL XƏRİTƏSİ

Bildiyimiz kimi, COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi" qəbul olunub. Əlbəttə ki, bu Bəyannamənin qəbul edilməsi COP29-a Azərbaycan Sədrliyinin növbəti uğurudur. Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı genişlənib. Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini göstərir. "Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik", - deyə dövlətimizin başçısı bildirib.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı.

Növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. Daha bir mühüm məqam ondan ibarətdir ki, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Məqsəd COP29-un uğurla baş tutması və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq birliyin həmrəyliyinə nail olmaq idi. Azərbaycan bu məqsədə nail oldu.

Konfrans günlərində Azərbaycan yüksək təşkilatçılıq bacarığını, insan kapitalını və müasir texnoloji potensialını bir daha nümayiş etdirdi. COP29-da 4500-dən çox gəncin könüllü kimi iştirak etməsi də beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verdi. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzlu mövqeyi onu son illərdə yüksəksəviyyəli konfranslar və beynəlxalq tədbirlər üçün əsas məkanlardan birinə çevririb.

Bu və ya digər məsələlər bir daha göstərir ki, COP29 məqsədlərinə çatıb, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə böyük əhəmiyyətə malikdir. Beləliklə, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoymuş oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!"

Zümrüd BAYRAMOVA

Избранный
6
20
sesqazeti.az

10Источники