RU

İsa peyğəmbər və Çingiz Mustafayevi yaşda ötən ANS

Müasir Azərbaycanla həmyaşlılıq ANS-çiləri unikal edir.

      
Dünən Şəkinin M.F. Axundov prospekti, 80 ünvanında yerləşən "VMF KAFE"də təsadüfən istedadlı bir jurnalistlə rastlaşdım. Sözün düzü, ANS TV və ANS PRESS-in yubileyləri ilə üst-üstə düşməyinə baxmayaraq, Şəkiyə çox vacib, lakin haqsız olaraq kölgədə qalmış bir ictimai xadim, ulu sənətkar və Şəkinin əsl mənasında memarını təltif etmək üçün gəlmişdim və çox gərgin şəraitdə mərasimin hazırlanması ilə məşğul idim. Bacım Xatirə ilə qonaqların siyahısını tərtib edərək bar arxasında parlaq “metallik şeyker”də peşəkarcasına nəyisə qarışdıran, aydın alban simalı barista xanıma yalnız bu kafedə hazırlanan Şəki fındığının tamı ilə “kofe-late” sifariş etdim. Bu zaman kassa qarşısında dayanan bir gənc mənə tərəf çevrildi və məni tanıyaraq masamıza yaxınlaşdı. Özü ilə möhtəşəm kofe qoxusunu gətirən gənc bir əlində kompüteri bərk-bərk sıxaraq, digər əlindəki kofedən qurtum alandan sonra mənə müraciət etdi:

- Siz Vahid Mustafa yevsiniz..?

Onun artıq kofe sahibi olduğuna paxıllıq hissi və ya işin başdan aşan zaman diqqəti yayındırmaq üçün, ona soyuq baxışımla müsbət cavab verdim və yenə də qarşımdakı siyahılara tərəf çevrildim. Gənc utanmadan masamız arxasında qalan yeganə boş kürsünü çəkib əyləşərək mənim diqqətimi cəlb etdi.

- Bu gün ANS-in ad günüdür. Sizi ürəkdən təbrik edirəm.

İri, adam yeyən gözləri ilə bu gənc elə bil məni də əlindəki hələ də sirli ətir saçan qəhvədən aldığı növbəti qurtum kimi udmaq istəyirdi.

- Mən ANS fəaliyyətdə olan zaman hələ balaca uşaq idim, amma çox yaxşı xatırlayıram ki, atam “Xəbərçi” proqramı başlayanda evdə hamıya sakit olmağı əmr edirdi və hamımızı ANS-in xəbərlərinə baxmağa çağırırdı. “Xəbərçi”yə baxanda atam həmişə deyərdi: “Dərindən nəfəs alın, bu veriliş əsl müstəqillik havasıdır!”.

Mən siyahılara “batan” başımı çıxarıb gəncə tərəf döndüm. Sözün düzü, onun həyasızlıqla bir sərhəddə yerləşən əzmkarlığı məni heyran edə bilməzdi. Və mən…

“Bəs ANS-in dövranı birdəfəlik sona çatdı?" sualını eşitdikdə bir az mat, bir az da şah vəziyyətinə düşdüm. Gənc, məndən fərqli olaraq sahibi olduğu kofedən bir qurtum da alaraq dərin, qarşısında uzun yolu görən bəbəyi ilə düz mənim gözlərimə baxmağa davam edirdi. İxtiyarsız cavab heyrətimi qabaqlayıb dilimi qaranlıq və sakit məkanı tərk etmək məcburiyyəti qarşısında qoydu:

- Təəssüf və eyni zamanda sevinc hissi ilə demək istəyirəm ki, bəli, həmin dövran sona çatdı! ANS-in və onun təkbaşına Azərbaycan uğrunda bütün dünya ilə əliyalın vuruşma dövranı sona çatdı.

Çırpılmış südün köpüklərini bığından silərək, baxışlarındakı marağı təəccüb və kədərlə əvəzləyən həmsöhbətim artıq bir az səngimiş ifa ilə davam edirdi...

- Bilirsiniz, atamın o ifadəsindən sonra mən də jurnalist oldum... Bilmək istəyirəm - deməli, ANS artıq heç vaxt olmayacaq?

Fürsətdən istifadə edərək şəkili barista xanımın pianoçu, eyni zamanda səviyyəli manikürə sahib əli ilə mənə uzatdığı, yulaf südündən hazırladığı fındıq tamlı lateni aldım. Həsrətində olduğum qəhvədən bir qurtum içdim, bir az sakitləşdim, bir az yaxşılaşdım və həmkarıma səbrlə cavab qaytardım:

- Yox, ANS olub, var və olacaq. Bu gün də ANS PRESS informasiya agentliyi və ANS ÇM radiosu fəaliyyət göstərir, "Bakifilm" kinostudiyası "Birlikdə" bədii filminin premyerasını edib və "Balans Studiyası" "Şərikli çörək" filminin bərpasını sona çatdırıb. Söhbət, cavan oğlan, dövrandan gedir - o dəliqanlı və başdanxarab dövrandan. O illər Azərbaycan Respublikasının illik büdcəsi cəmi 300-500 milyon dollarla hesablanırdı. Ölkə tam informasiya blokadasında idi və xaricə Azərbaycanın səsini yalnız ANS çatdırırdı. O illər biz Yaponiyanın NHK, Avropanın ORT, RTR, ZDF, ARD, TF-1, RAI-1, BBC, ABŞ-ın ABC News, CNN və NBC kimi media şirkətləri ilə əməkdaşlıq edirdik. Hər ay əməkdaşlıq etdiyimiz beynəlxalq media qurumlarının da sayı artırdı, Müstəqil Azərbaycanı tanımağa başlayan ölkələrin və xalqların da sayı. Azərbaycandan məlumatları öz xəbər lentlərinə qoymaq xatirinə mən Əfqanıstan, Çeçenistan, Bosniya və digər qaynar nöqtələrdən videoreportajlar hazırlayırdım. O zaman Azərbaycanın özü də "dəli yığıncağı"na bənzəyirdi. Hər il dəyişən hakimiyyət, cibində 10 min dollar olan hər bir şəxsin ordusu, ərzaq qıtlığı, reket və daim torpaqların itkisi ilə müşahidə olunan ölkəmizin müxtəlif ərazilərində yiyəsini tanımayan saysız-hesabsız “it sürüsü”... Kimin əli kimin cibindədir sualına hətta cib sahibləri də cavab verə bilmirdi... Lakin ANS işləyirdi! ANS ideologiya yaradırdı! Mən dəqiq bilirdim ki, ANS-in mədəni-maarif verilişləri ilə Azərbaycanın etnik azlıqlarını birləşdirmək lazımdır. Buna görə yəhudi Albert Aqarunov, rus Yura Çyornı, kürd Ruslan Həsənov kimi ardı-arası kəsilməyən qəhrəmanlar yaradaraq, Azərbaycanı multikultural ölkə kimi təqdim edirdim dünyaya. Ölkədə fəaliyyət göstərən xarici kanalların bağlanması uğrunda vuruşurduq və onları açıq yayımdan çıxarmağa müvəffəq olurduq. ANS düşmən mövqedə olan ölkələrin TV kanalları ilə savaşır, onların ağızlarını yumurdu, əhalimizin onların təsirinə düşməyinə imkan vermirdi. ANS yeni nəsil Azərbaycan jurnalistləri hazırlayırdı. ANS "Döyüş Alnınıza Yazılıb 2/216" ideologiyası ilə gələcək nəsli Qarabağ uğrunda döyüşə hazırlaşdırırdı. ANS işləyirdi, işləyirdi, işləyirdi!

Bu gün artıq o dövran yoxdur, bu gün Dövlət var, qanun var, qayda var, Ordu var! Bu gün vətəndaş özünü kifayət qədər mühafizə olunmuş hiss edir. Bu gün biz torpaqları itirmirik, geri alırıq. Bu gün ölkə büdcəmiz 20 milyard ABŞ dollarını ötüb və hər gün Azərbaycana yalnız təbii sərvətlərin satışından 30 milyon ABŞ dollarından çox pul gəlir. Şükür Allaha!

Odur ki, o dövran qurtardı və ANS o dövran üçün öz missiyasını tamamilə yerinə yetirdi! Yeni ANS TV-sizlik dövranı başladı, amma problemlər qurtarmadı. Problemlər həmişə olub, olur və olacaq. Uşaqpulu, pensiyaların azlığı, ümumiyyətlə Azərbaycanlı, bir insan həyatı faktoru… Bəs Azərbaycanda mövcud TV-lər nə ilə məşğuldur? Niyə Azərbaycan Xalqı bu qədər “TV qutuları” ilə əhatə olmasına baxmayaraq yenə ANS-in rənglərinin həsrətindədir? Bəlkə yeni TV-lərin flomasterləri fərqlidir, yağlı olsa da solğundur?

Deyirik “Hər Azərbaycan ailəsi bir Şəhid verib” – düzdür – ANS-i də həmin ailələr itirib. ANS Azərbaycanın bu günə qədər verdiyi 30 minə yaxın Şəhidin sırasındadır. Şəhid vermək isə çox ağırdır və bu yara heç bir vaxt sağalmayacaq.

Gənc şəkili jurnalistlə vidalaşandan sonra da həmsöhbətimin məni sonadək anlamadığı o iri gözlərini xatırlayırdım. Mən onu anlayıram - o zamanı və ANS-in hansı şəraitdə Vətənini qorumağını və bütün dünyaya dünyəvi, sivil və multikultural ölkə kimi göstərdiyi dövrünü görməyən anlamaz. Bu mənim, Seyfullanın və bizim əməkdaşlarımızın yolu idi və biz onu açıq alınla keçdik və bu günümüzə Şərəflə qədəm basdıq.

Odur ki, əziz ANS-çilər, hamınızı təbrik edir və bağrıma basıram. Fəxr edirəm ki, Sizinlə bir səngərdə çiyin-çiyinə döyüşmüşük! Sizinlə Azərbaycanın tarixini, videoxülasəsini yaratmışıq! Hər birinizin qarşısında baş əyirəm! Allah Sizi qorusun! Mən fəxr edirəm ki, mənim rəhbərliyim altında oddan-alovdan keçməyimizə baxmayaraq, mən bir dənə də olsun əməkdaşımı itirmədim! Hamısı sağ-salamat ailələrindədir!

Bu ağır, amma gözəl döyüş idi! Çətin, amma kişi dövrü idi! Və biz, ANS-çilər bu döyüşdən, bu dövrandan İtkisiz və Qələbə ilə çıxdıq!!!! O ki qaldı cavan yaşlarda ölümə, bu Allahın seçimidir və bəndə bu işlərdə sadəcə bir alətdir. İsa Peyğəmbər, Çingiz Mustafayev, cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının aqibətini unutmayın və Şükür edin Azərbaycanımızı qoruyan Allaha!
Избранный
3
2
yenilik.az

3Источники