RU

Lamin Yamal “Golden Boy” mükafatını qazandı

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal “Golden Boy” mükafatına layiq görülüb.

Arena.az xəbər verir ki, “Golden Boy” mükafatı Avropada 21 yaşadək ən yaxşı oyunçuya təqdim edilən mükafatdır.

Bu il mükafat Yamala təqdim ediləcək. Qalib dekabrın 16-da İtaliyanın Turin şəhərində keçiriləcək nüfuzlu təqdimat mərasimində təltif olunacaq.

Xatırladaq ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə “Real”ın (Madrid, İspaniya) yarımmüdafiəçisi Cud Bellingem bu ada yiyələnib. “Barselona”da daha öncə bu mükafatı Lionel Messi (2005), Pedri (2021) və Qavi (2022) qazanıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 67 oyun, 13 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Избранный
18
arena.az

1Источники