RU

ŞƏHİD ƏMANƏTİ - Əkrəm Şadmanovu əbədiləşdirən üzüklər

Əkrəm Şadmanov ll Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək bir neçə vacib yüksəkliklərin azad edilməsində xüsusi şücaət göstərib. 

Bu səbəbdən döyüş əməliyyatlarının sonrakı gedişi zamanı Şuşa şəhərinin ətrafında olan bir neçə yüksəkliyin müdafiəsi də məhz onun taboruna həvalə olunub. 

44 günlük Vətən müharibəsi bitdikdən sonra Əkrəm Şadmanov vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi,” İgidliyə görə medalı”, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunur. 

Müharibədən sonra döyüşlərdə iştirak etmək üçün yarım buraxdığı Silahlı Qüvvələrin Hərbi Akademiyasında Ali hərbi təhsilini davam etdirib.

2022-ci ilin sentyabr ayında keçirilən “Qisas əməliyyatı” zamanı Əkrəm Şadmanov döyüş sənədlərinin hazırlanması, bölmələrin idarə olunması və xüsusi şücaət göstərərək Kəlbəcər rayonu ərazisində olan “Kömürdağ” yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib.


2023-cü ilin sentyabr ayında aparılan “Antiterror” tədbirləri zamanı isə Ağdam-Xocalı istiqamətində döyüşlərin planlaşdırılmasında və aparılmasında xüsusi bacarıq nümayiş etdirərək bir neçə hakim yüksəkliklərin düşməndən azad edilməsində yaxından iştirak edib.

Polkovnik-leytenant Əkrəm Şadmanov 24.09.2023-cü il tarixdə Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən Kamaz markalı avtomobil ilə düşmənin yol üzərində qurduğu minaya düşərək şəhid olub.

Azərbaycan Prezdenti İlham Əliyevin 07.11.2023- cü il tarixli sərəncamına əsasən polkovnik-leytenant Şadmaov Əkrəm Yunus oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.


Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası bu gün polkovnik-leytenant Əkrəm Şadmanova həsr olunur.

Əkrəm Şadmanov ll Qarabağ müharibəsində iştirak etmək üçün magistratura təhsilini yarımçıq qoyub. 

Müharibə bitir və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında 2022-ci il dekabr ayında yarımçıq qalan təhsilini bitirir. 

Müvəffəqiyyətlə təhsilini başa vurduğu üçün Türkiyədə azərbaycanlı hərbçilər üçün xüsusilə hazırlanan 25 üzüyün biri də ona təqdim edilir. 

Əkrəm Şadmanovla bağlı bir çox dəyərlər-uğrunda canını fəda etdiyi Vətənin adı, təhsil aldığı akademiya, həyatına qəhrəmanlıq salnaməsi kimi yazılan 2020-2021-ci illər, eləcə də özünün əlavə etdiyi qızının və oğlunun adları həmin üzüyün üzərində əks olunub. 

Üzərində almaz qaş olan üzük, sanki o dəyərləri şəhidliyi ilə ölümsüz edən Əkrəm Şadmanovun ruhudur. 
Bəlkə də, buna görə oğlu Araz üçün bu üzük xüsusi önəm daşıyır. 

Söhbət zamanı 12 yaşlı Araz bildirir ki, bu üzük hələ atası şəhid olmazdan əvvəl də onun üçün çox dəyərli olub. “Atam özü də bu üzüyü çox sevirdi, demişdi ki, üzüyü sənə verəcəm. Atam şəhid olandan sonra üzük mənə qaldı, amma bu qədər tez mənim olsun istəməzdim. İstəyərdim ki, universitetə qəbul olandan sonra mənə üzüyü atam özü təqdim etsin, amma elə alınmadı. İndi anama demişəm ki, o üzüyü universitetə qəbul olanda sən mənə verərsən. Yəqin ki, atam da belə istəyərdi. O üzüyü evimizin ən görünən yerinə qoymuşuq, hərdən atam üçün darıxanda o üzüyə baxıram. Buna görə də demək olar ki, hər gün üzüyə baxıram, amma ona əl vurmuram. Fikirləşirəm ki, atam kimi ali təhsilli, savadlı insan olandan sonra üzüyü götürə bilərəm. Çünki atam o üzüyü asanlıqla əldə etməmişdi ki, mənim üçün də elə olmalıdır”.

Oğlu Araz üçün önəm daşıyan üzük güc və qətiyyəti simvolizə edirsə, Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən xanım üçün də ən önəmli əmanətə çevrilən üzük əbədi sevgi və sonsuz bağlılığı ifadə edir. 

Əkrəm Şadmanovun xanımı Gülşən xanım da həyat yoldaşından ona qalan ən dəyərli hədiyyənin məhz üzük olduğunu deyir. 

“Mənim üçün də onun ən böyük xatirəsi üzükdür. Ailəmizdə maddi sıxıntılar olduğu vaxt qızıllarımızı satmaq məcburiyyətində qalmışdıq, bura nişan üzüyümüz də daxil idi. Bir müddət ikimizin də üzüyü olmadı. Əkrəm buna görə çox heyfislənirdi. Antiterror əməliyyatı başlamazdan bir müddət əvvəl Əkrəm məni qızıl mağazasına apardı. İkimizin də çox sevdiyi yeni üzüklər aldıq, elə orada da içinə adımızı yazdırdıq, barmağımıza taxdıq. Qısa müddət sonra antiterror əməliyyatları başlayan ərəfədə Əkrəm üzüyü çıxarıb mənə verdi, dedi ki, bir müddət səndə qalsın, gəlib yenidən taxacam. 

Sözün düzü, buna görə çox pis oldum. İki üzüyün də məndə qalması qəribə hislər yaşatdı mənə. 
Həmin hadisədən bir neçə gün sonra Əkrəmin şəhid olması xəbərini aldıq. Xəbəri alanda ağlıma ilk o üzük gəldi. Bir müddət idi ki, üzüyümüz yox idi, niyə sentyabr ərəfəsində birdən-birə üzük almaq qərarına gəlmişdi Əkrəm? 

Bəzən düşünürəm ki, Əkrəm hər şeyi hiss edirdi. İndi də o üzüyü kolye kimi davamlı üstümdə gəzdirirəm. O üzüyü hər dəfə ovcumun içində sıxanda elə bilirəm ki, Əkrəmdən güc alıram. Onunla bağlı xatirələr çoxdur, elə əşyalar da. Onların xatirəyə çevrilməsi bizi çox incitdi, eyni zamanda güc verdi, eyni ilə Əkrəmin şəhidliyi kimi”.

Əkrəm Şadmanovdan Azərbaycana da əmanət qalıb: Vətəni və ailəsi. Ruhun şad olsun, hamıya doğma olan adam!

Избранный
7
11
modern.az

10Источники