RU

Azərbaycan və Slovakiya XİN başçıları regional sülh səylərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar ilə görüşüb.

Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələri, COP29 çərçivəsində əldə olunmuş əhəmiyyətli qərarlar, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

COP29 çərçivəsində iki ölkə rəhbərləri arasında keçirilmiş görüş məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycan və Slovakiya arasında dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, eləcə də siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət, habelə energetika sahələri üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcudluğu və əldə olan imkanlardan istifadə olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Qarşı tərəf ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, COP29-un yekunları barədə ətraflı məlumatlandırılıb, sessiya çərçivəsində Bakı Maliyyə Məqsədi daxil olmaqla, bir sıra vacib qərarların qəbul olunduğu qeyd edilib.

C.Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, bərpa və yenidənqurma işləri, habelə sülh səyləri barədə ətraflı məlumat verib. Delimitasiya, eləcə də sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər qeyd olunmaqla yanaşı, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında mövcud ərazi iddialarının yaratdığı maneələr diqqətə çatdırılıb. İki ölkə arasında bərpa və yenidənqurma işləri, eləcə də minatəmizləmə sahəsində birgə səylər nəzərdən keçirilib.

Görüşdə eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
23
4
musavat.com

4Источники