RU

Azərbaycanda ən yüksək cərimə neçə manatdır?

Son vaxtlar ölkəmizdə bir sıra yeni cərimələrin tətbiqi, o cümlədən, bəzi cərimələrin artırılması müzakirə edilir. Məsələn, yaxın günlərdə  qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırıldı, ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olundu.

Təbii ki, yeni cərimələrin  aid olduqları sahələrlə yanaşı, miqdarları da müxtəlifdir.

Məsələn, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 221.1-1 və 221.3-1-ci maddələrinə əsasən tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə 9000 manatadək cərimə müəyyənləşəcək.

9000 manat əlbəttə ki, yüksək məbləğdir, ancaq ölkəmizdə bu məbləğdən daha yüksək cərimə miqdarları da var. 

Bizim.Media-ya açıqlama verən hüquqşünas Aytac Qurbanova bildirib ki, cərimələr hüququn yalnız sanksiya aləti deyil, eyni zamanda, ictimai nizamı qorumaq üçün güclü bir vasitədir.

Cərimələr qanun pozuntularının qarşısını almaq, ictimai intizamı qorumaq və hüquqi tərbiyəvi təsir göstərmək məqsədi daşıyır. 

"Azərbaycanda inzibati xətalara görə cərimələrin məbləği İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən tənzimlənir. Bu maddəyə görə fiziki şəxslər üçün maksimum cərimə məbləği 5000 manat vəzifəli şəxslər üçün 10 000 manat hüquqi şəxslər üçün 50 000 manatdır”.

 Hüquqşünas ölkəmizdəki ən yüksək cərimə miqdarlarından bəhs edib:

"Məsələn, Xəzər dənizinin sahilboyu zolağında torpaq istifadəsi ilə bağlı qanun pozuntularına görə fiziki şəxslər üçün 4 000 manat, vəzifəli şəxslər üçün 8000 manat hüquqi şəxslər üçün isə 40 000 manat məbləğində cərimə tətbiq edilir.

Bu cərimələr qanun pozuntularının qarşısını almaq üçün sərt sanksiyalar kimi nəzərdə tutulub və onların tətbiqi zamanı hüquqi əsaslandırmaların güclü olması tələb olunur”.

Aytac Qurbanova ölkəmizdə müəyyən olunan cərimələri  beynəlxalq təcrübə ilə müqayisə edib. 

"İsveçrədə radar cərimələri sürücünün illik gəlirinə uyğun olaraq tənzimlənir.

Bu yanaşma hər kəs üçün eyni dərəcədə təsirli bir sistem yaradır. Məsələn, yüksək gəlirli şəxslər üçün bu cərimələr yüz minlərlə avroya çata bilər.

Azərbaycanda mobil telefon istifadə edən sürücülərə tətbiq olunan cərimələr orta aylıq əmək haqqının təxminən 5%-nə bərabərdir. Bu rəqəm bəzi Avropa ölkələrinə nisbətən daha yüksəkdir.

Məsələn, İspaniyada bu nisbət 8.5%, Gürcüstanda isə cəmi 0.4%-dir.

Bu müqayisələrdən göründüyü kimi, Azərbaycanın cərimə sistemində sabit məbləğlərin tətbiqi cəmiyyətin müxtəlif təbəqələri üçün fərqli təsirlər yaradır, lakin bu yanaşma intizamı qorumaq üçün effektiv vasitə kimi çıxış edir”.

Müsahibimiz bildirib ki, cərimələrin əsas funksiyası hüquqi intizamı təmin etmək və qanun pozuntularının qarşısını almaqdır.

"Azərbaycanda tətbiq olunan cərimələrin məbləğinin müəyyənləşdirilməsi zamanı onların hüquqi və ictimai təsirlərini nəzərə almaq, hüquq sisteminin effektivliyini daha da artırmağa xidmət edir. Bu yanaşma hüquqi maarifləndirməni gücləndirərək, qanun pozuntularının azalmasına şərait yaradar, cəmiyyətin müxtəlif təbəqələri arasında hüquqi ədalətin qorunmasına dəstək verər, ictimai nizamın və qanunlara inamın daha da möhkəmlənməsinə səbəb olar”.

Избранный
36
10
valyuta.az

10Источники