Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Suriyanın inkişafında yeni dövrün başladığını açıqlayıb. SİA xəbər verir ki, siyasətçi sosial media hesabında Bəşər Əsəd rejiminin devrilməsi fonunda qonşu ölkədə yaranmış vəziyyəti şərh edib.
C.Yılmaz Suriya xalqının öz inkişafında yeni səhifə açdığını qeyd edərək, qonşu ölkə əhalisinin bütün təbəqələrinin iradəsini əks etdirən hakimiyyət sisteminə “sağlam keçidin” təmin edilməsinin vacibliyini vurğulayıb.
“Qarşıdurmadan uzaq, konstruktiv və hərtərəfli yanaşmaya riayət etmək lazımdır”, - deyə Türkiyənin vitse-prezidenti bildirib.
Siyasətçi regiondankənar qüvvələri Suriyada sabitliyə zərər vurmaqdan çəkinməyə, beynəlxalq ictimaiyyəti isə bu ölkənin yenidən qurulması prosesinə dəstək verməyə çağırıb.
“Suriya xalqına yeni iqtisadiyyatın qurulmasında, birlik və sabitliyin təmin edilməsində uğurlar arzulayıram. Milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq Suriyanın bütün sakinlərinin uzunmüddətli dinc yanaşı yaşaması üçün tezliklə şərait yaratmaq lazımdır”, - deyə C.Yılmaz vurğulayıb.
Vitse-prezident Ankaranın prioriteti kimi Türkiyəyə qarşı terror təhlükəsinin tamamilə aradan qaldırılmasını qeyd edib, həmçinin qonşu ölkəyə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib.
“Suriya suriyalılara məxsusdur!”, - deyə siyasətçi fikrini yekunlayıb.