RU

Azərbaycanın Suriyadakı sonuncu SƏFİRİ...

Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hakimiyyət devrilib. Noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” (HTŞ) silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.

Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd rejimini devirən “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Əl-Cəlalinin nəzarəti altında qalacaq.

Qeyd edək ki, Suriyadakı hadisələrə Azərbaycanda da fərqli reaksiyalar verilib.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. İki arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Ötən il Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdad Azərbaycanda səfərdə olub.

Modern.az-ın məlumatına görə, hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur.

Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.

Diplomat 2014-cü ilin noyabr ayında geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib. Qeyd edək ki, Mahir Əliyev hazırda Azərbaycanın Qətərdəki səfiridir. 

Yein hakimiyyətə gələn qüvvələr elan edib ki, yeni konstitusiyanın hazırlanması üçün lazım olan altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü ərzində ölkəni müvəqqəti hökumət idarə edəcək. Daha sonra yeni hökumət qurulacaq.

Qeyd edək ki, hakimiyyətə gələn qüvvələrin Türkiyə ilə müsbət əlaqələri var. Ekspertlər bildirir ki, Suriyada sabitlik təmin olunandan sonra Azərbaycan bu ölkəyə səfir təyin edə bilər.

Избранный
57
modern.az

1Источники