"Rusiyanın Suriyaya hərbi yardımı və Əsəd rejiminə dəstək Putinin postsovet məkanının hüdudlarından kənarda Qərbin əzəmətinə və dominantlığına ilk ciddi meydan oxuması olub..."
Məhz Rusiyanın hərbi yardımı Bəşər Əsədə son doqquz ildə hakimiyyətini qoruyub saxlamağa kömək edib. Lakin sayılı günlər ərzində Kremlin Suriya layihəsi puça çıxdı və görünən odur ki, Moskva bunun qarşısını ala bilmədi.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşrinin rus xidmətinin müxbiri Stiv Rozenberq yazıb.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Əsəd prezident postunu və ölkəni tərk edib (haraya getdiyi barədə müfəssəl məlumat verməyib). Moskva "Suriyadakı dramatik hadisələri son dərəcə təlaş hissilə izləyir", - bəyanatda deyilir.
2015-ci ildə minlərlə hərbi qulluqçunun Əsədə yardım üçün göndərilməsi Rusiyanın qarşısında duran əsas vəzifələrdən birini-özünü dünyanın böyük dövləti kimi göstərmək vəzifəsini həll etməyə hesablanıb.
Bu, Vladimir Putinin postsovet məkanının hüdudlarından kənarda Qərbin əzəmətinə və dominatlığına ilk ciddi meydan oxuması olub.
Əvvəlcə bu vəzifənin öhdəsindən gəlindiyi görsənişi yaranıb. 2017-ci ildə prezident Putin Rusiyanın Suriyadakı Xmeymim aviasiya bazasını ziyarət edib və bəyan edib ki, bütün hədəflərə nail olunub.
Rusiyanın aviasiya zərbələrinin dinc insanlar arasında qurbanlara səbəb olduğu barədə geniş yayılan məlumatlara rəğmən, Rusiya Müdafiə Nazirliyi özünü kifayət qədər inamlı hiss edib və beynəlxalq KİV nümayəndələrini Rusiyanın hərbi əməliyyatının uğuruna şahidlik etmək məqsədilə Suriyaya göndərməkdən çəkinməyib.
Belə səfərlərdən biri zamanı zabitlərdən biri mənə deyib ki, Rusiya Suriyada "çox uzun müddətə" qərarlaşıb.
Amma məsələ təkcə nüfuz məsələsi olmayıb. Hərbi yardım əvəzinə Suriya hakimiyyəti Xmeymimdəki aviasiya bazasını və Tartusdakı hərbi-dəniz bazasını Rusiyaya 49 ilə icarəyə verib.
Rusiya Şərqi Aralıq dənizində mühüm platsdarm əldə edib. Bu bazalar hərbi podratçıların Afrikaya və əks istiqamətə göndərilməsi üçün əsas qovşaq olub.
İndi Moskva əsas suala cavab tapmalı olacaq: Rusiyanın bazalarının taleyi necə olacaq?
Rusiya XİN bəyanatında deyilir ki, Suriyadakı bazalar "yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib", lakin həm də bəyan edilib ki, "hal-hazırda onlar üçün ciddi təhlükə yoxdur".
Əsəd Rusiyanın Yaxın Şərqdə ən etibarlı müttəfiqi olub. Kreml ona böyük vəsaitlər xərcləyib, onun hakimiyyətinə dəstək üçün maliyyə, hərbi və siyasi resurslar yatırıb. Rusiya hakimiyyətinə onun devrilməsinin Moskva üçün böyük itki olduğundan başqa cür təsəvvür etmək asan olmayacaq.
Lakin Rusiya parlamentinin yuxarı palatasının vitse-spikeri Konstantin Kosaçev sosial şəbəkələrdəki postunda yazıb:
"Suriyada baş verənlər istisnasız olaraq hamı üçün çox ağırdır, hamı üçün faciədir. Rusiyalılar üçün vətəndaşlarımızın, həm diplomatlar və onların ailələri daxil olmaqla mülki şəxslərin, həm də, əlbəttə ki, hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifədir".