RU

Beynin təkamülündə bağırsaq mikroblarının rolu- ARAŞDIRMA

Daha çox metabolik enerji dəstəkləyən mikroblar böyük beyinlərin təkamülündə açar rol oynaya bilər. İnsan beyninin təkamülü, enerjiyə olan yüksək tələbatı ilə digər məməlilərin beyinlərindən fərqlənir. Bu günə qədər tədqiqatçılar, beyin böyüməsi və onun saxlanması üçün tələb olunan enerjinin təmin edilməsində hansı bioloji mexanizmlərin iştirak etdiyini tam olaraq müəyyənləşdirə bilməyiblər. Lakin Şimal-Qərb Universitetinin tədqiqatçıları bu suala yeni perspektiv gətirə biləcək bir araşdırma aparıblar.

Araşdırmaya əsasən, insan və digər iri beyinli primatların bağırsaq mikrobları onların metabolik sistemlərinə təsir edərək daha çox enerji istehsalını dəstəkləyə bilər. Tədqiqatın nəticələri bağırsaq mikrobiotasının yalnız həzm prosesində deyil, həm də beyin enerjisi tələbatının qarşılanmasında mühüm rol oynadığını göstərir.

Laboratoriya şəraitində aparılan təcrübədə tədqiqatçılar insan, dələ meymunu (Saimiri) və makaka (Macaca) növlərinə aid bağırsaq mikroblarını mikrobsuz siçanlara implantasiya ediblər. Bu primatlardan insan və dələ meymunu iri beyinli növlər, makaka isə kiçik beyinli primat növü kimi seçilib. Tədqiqatçılar siçanlarda baş verən fizioloji dəyişiklikləri, o cümlədən çəki artımı, yağ faizi, aclıq qlükozası səviyyəsi və qaraciyər funksiyasını ölçüblər. Nəticələr göstərib ki, iri beyinli primatlardan alınan mikroblarla aşılanmış siçanlar, kiçik beyinli primatın mikrobları ilə aşılanmış siçanlarla müqayisədə daha çox enerji istehsal edib və enerjidən daha çox istifadə ediblər. Kiçik beyinli primatın mikrobları ilə aşılanmış siçanlar isə enerjini daha çox yağ kimi saxlayıblar. Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri insan mikrobları ilə aşılanmış siçanların biologiyasının dələ meymunu mikrobları ilə aşılanmış siçanların biologiyasına oxşar olmasıdır. Bu iki növ təkamül baxımından bir-birinin yaxın qohumu olmasa da, onların ortaq xüsusiyyəti — böyük beyinləri mikrobiotada oxşar dəyişikliklərə səbəb olub.

Tədqiqatın əsas müəllifi, Şimal-Qərb Universitetinin antropologiya professoru Katherine Amato bu nəticələri belə şərh edib: “Biz bilirik ki, yoğun bağırsaqda yaşayan mikroblar cəmiyyəti insan biologiyasına təsir edən maddələr ifraz edə bilər. Bu təsirlər arasında insulin müqaviməti və çəki artımı kimi metabolik dəyişikliklər var. Bağırsaq mikrobiotasının fərqliliyi, primatların müxtəlif beyin-enerji tələblərini dəstəkləyə biləcək hələ öyrənilməmiş bir mexanizmdir. İnsan və dələ meymunu mikroblarının yaratdığı fizioloji təsirlər, bu iki növün müstəqil şəkildə təkamül edərək daha böyük beyinlərə sahib olduğu ideyasını dəstəkləyir. Bu, təkcə ortaq əcdad faktorundan deyil, həm də böyük beynin metabolik tələblərinin oxşarlığından irəli gəlir”.

Bu tapıntılar bağırsaq mikroblarının təkamüldəki roluna dair yeni yanaşmalar ortaya qoyur. Bu, yalnız insanın beyin təkamülünün başa düşülməsi baxımından deyil, eyni zamanda, heyvan növləri arasında metabolik fərqliliklərin anlaşılması baxımından da əhəmiyyətlidir. Nəticələr göstərir ki, iri beyinli primatlarda enerji tələbatının artması, mikrobiotanın uyğunlaşması ilə tənzimlənmiş ola bilər.

Tədqiqatın nəticələri “Microbial Genomics” jurnalında dərc edilib. Bu araşdırma beyin ölçüsünün təkamülündə genetik və ətraf mühit faktorlarından kənara çıxaraq, bağırsaq mikroblarının da vacib faktor ola biləcəyini göstərir. Araşdırmanın davamı olaraq, tədqiqatçılar müxtəlif beyin ölçüsünə malik əlavə primat növlərinin mikroblarını tədqiq etməyi planlaşdırırlar. Bu, mikrobiotanın müxtəlif təkamül xətlərində necə dəyişdiyini və onun hansı metabolik üstünlükləri təmin etdiyini anlamağa kömək edəcək. Gələcək araşdırmalar mikrobların istehsal etdiyi birləşmələrin növlərini, bu birləşmələrin immun sisteminə təsirini və heyvanın davranışı ilə bağlı mümkün əlaqələri də araşdıracaq(azərtac).

Избранный
29
11
azpost.info

10Источники