RU

35 şirkətin rəhbəri məhkəmə qarşısında - Vəzifəli şəxslərlə əlbir olub

Azərbaycanda 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
 
İttihama görə, dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib. İş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.
 
İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.
 
Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.
 
Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib.
 
Fəqani Rəhimov qanunsuz işlərinin çoxunu "İnşaat-F” MMC vasitəsilə həyata keçirib. Həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib.
 
Razılaşmaya əsasən, "İnşaat-F” MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.
 
Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün Fəqani Rəhimovun "Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.
 
Eyni niyyətlə "Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb
 
Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün "Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.
 
Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.
 
Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
 
Dövlət ittihamçısı çıxışından sonra ittihama münasibət bildirən Fəqani Rəhimov özünü qismən təqsirli bilib. O, özünü özünə aid hissədə təqsirli bildiyini deyib.
 
Daha sonra vəsatət verən təqsirləndirilən şəxs bildirib ki, səhhətində ciddi problemlər var, hazırda müalicə müəssisəsində saxlanılır. O, barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.
 
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
 
Növbəti proses 2025-ci il yanvarın 7-də davam edəcək.
 
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.
 
İbtidai istintaq zamanı özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
 
Избранный
23
49
moderator.az

10Источники