RU

Rusiyaya sığınanlar: Mütəllibovdan Əsədə qədər...

Suriyada müxalif silahlı qüvvələrin Dəməşqə daxil olmasından sonra Prezident Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq verilməsi barədə qərarı Rusiya prezidenti Vladimir Putin şəxsən verib. “Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Bu, onun qərarıdır”, - deyə Kremlin mətbuat katibi qeyd edib.

 

Bəşər Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edirdi. O, 2011-ci ildən başlayan vətəndaş müharibəsi zamanı yüz minlərlə vətəndaşın ölümündə ittiham edilir. 

Əsəd son illərdə Rusiyadan sığınacaq alan ilk şəxs deyil.

 

Rusiyanın "Kommersant" qəzetində sığınacaqla bağlı məqalədə bir sıra məsələlər aydınlıq gətirilib. Məqalədə bildirilir ki, Əsəd son 32 ildə Rusiyadan siyasi sığınacaq alan ilk şəxs ola bilər. Sonuncu dəfə belə bir qərar 1992-ci ildə verilib. Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov və Şimali Koreya vətəndaşı Kim Myonq Syo siyasi sığınacaq hüququndan istifadə edən şəxslər arasındadır.

 

Rusiya əksər hallarda ölkələrindən qaçan liderlərə müvəqqəti sığınacaq verir. Bu isə onlara daha az hüquq verir və hər il yenilənmə tələb edir.

 

Modern.az Rusiyadan sığınacaq alan şəxsləri araşdırıb.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 1992-ci ildə istefa verdikdən sonra Rusiyaya gedib. Həmin vaxt qəzetlər yazırdı ki, Mütəllibov Rusiyadan siyasi sığıncaq istəyib. Ancaq ona siyasi sığınacaq verilib-verilməməsi barədə dəqiq məlumat verilməyib. Hər bir halda Mütəllibov Moskvada idi və uzun illər bu ölkədə yaşamağa davam etdi.

 

2005-ci ildə Qırğızıstanda baş verən inqilabdan sonra ölkə başçısı Əsgər Akayev istefa verdi və Rusiyaya getdi. O, hələ də Rusiyada yaşayır və burada yerləşən ali təhsil müəssisələrinin birində işləyir.

 

Həmin il Qırğızıstanın Baş naziri Nikolay Tanayev də Rusiyaya sığınanlardan biridir. Tanayev 2020-ci ildə Rusiyada vəfat edib.

2014-cü ildə Ukraynada baş verən “AvroMaydan”dan sonra bu ölkənin bir sıra liderləri Rusiyaya sığınıb. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, daxili işlər naziri Azarov, daxili işlər naziri Vitali Zaxarçenko inqilabdan sonra Rusiyaya qaçıblar. Onlar hələ də Rusiyada yaşayır.

 

Rusiya ABŞ kəşfiyyatının adamlarından hesab edilən Edvard Snoudenə də sığınacaq verib. O, 2020-ci ildə yaşayış icazəsi, 2022-ci ildə isə vətəndaşlıq alıb.

 

Rusiyanın Vətəndaş Yardımı Komitəsinin üzvü Yelena Burtina deyir ki, əslində hazırda Rusiyada siyasi sığınacaq almış adam yoxdur:

 

“Ayrı-ayrı hallar var idi. Əvvəlki zamanlarda bu status Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibova verilib. Normativ olaraq, bildiyimə görə, bu status işlənməyib, çünki fəaliyyətsizdir. Tənzimləmə ilə statusun iki növü hazırlanıb: qaçqın statusu və müvəqqəti sığınacaq. Amma qaçqın statusunun verilməsi halları çox nadirdir, ümumilikdə 300-ə yaxın insane verilib. Status, siyasi hüquqlar istisna olmaqla, demək olar ki, Rusiya vətəndaşının hüquqları ilə eyni hüquqlar verir. İcbari tibbi sığorta, pensiya, sosial hüquqlar - hər şey var. Ən çox istifadə edilən status müvəqqəti sığınacaqdır. Təmin etmək daha asandır, lakin daha az hüquq verir. Və uzadılmaya bilər”.

Избранный
10
44
modern.az

10Источники