RU

Ermənilər Əsədin simasında sadiq dostlarını itirdirlər - ŞƏRH

Əsəd sülaləsi orada yaşayan ermənilərə xeyli imtiyazlar vermişdi

Ata-bala hakimiyyətinin Türkiyə ilə də münasibətləri normal olmayıb

 Ermənistan Suriya dinamikasını xüsusi narahatlıqla izləyir. Bunun üçün bir neçə vacib səbəb var. Hələ Suriyada vətəndaş müharibəsinin ilk illərində Ermənistan xeyli sayda əsasən Hələbdən olan erməni qaçqını qəbul etmişdi. Müxtəlif hesablamalara görə, onların sayı 17-20 min nəfər idi. Digər yandan Qarabağda məğlubiyyət və bu bölgənin itirilməsi Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrlə birləşəndə neqativ təəssüratı dərinləşdirir. Türkiyənin Yaxın Şərqdə güclənməsi də İrəvanda əlavə risk kimi qəbul edilir. 

"Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq" - bunu Suriyanın sabiq prezidenti Bəşər Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyana söyləmişdi. Ermənilər Əsəd rejiminə sıx bağlıdırlar. Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət keçirlər. Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi. Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı. Ermənilər Əsədin simasında sadiq dostlarını itirdirlər. O baxımdan Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Ermənistanda isterikanı gücləndirdi. Əsəd rejiminin çökməsindən narahat olan erməni siyasi şərhçilər Əsədin devrilməsinin Ermənistan üçün acı nəticələrinin olacağını iddia edirlər. Bir çox erməni politoloq Əsəd rejiminin süqutundan əndişələndiklərini gizlətməyiblər. Erməni mediası və ekspertlər Əsədin getməsini Türkiyənin və dolayısı ilə Azərbaycanın bölgədə güclənməsi, yeni dünya nizamında möhkəm, etibarlı oyunçuya çevrilməsi kimi şərh edirlər, Zəngəzurun itirilməsindən danışırlar. Məsələn, politoloq Hrant Melik-Şahnazaryan bildirib ki, Türkiyə və Rusiya eyni məqsədi güdürlər: "Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var”. Onun fikrincə, “yaranan yeni dünya nizamı yeni güc balansını” nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan buna hazırlaşır:  “Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək, bu seçimi etdilər. Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik”. Pan-Erməni Milli Dövlət Partiyasının bəyanatında qeyd olunub ki, Suriya Ermənistan üçün dost dövlət idi: "İndi Suriya faktiki olaraq getdi və işğal olundu, bölgədə növbəti hədəf Ermənistan, İran və Gürcüstandır". Qeyd edək ki, Bəşər Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma “erməni soyqırımı”nı tanıyıb. Bəşər Əsədin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Bu amilin İranı öz sərhədləri daxilinə çəkəcəyindən narahat olan erməni politoloq və siyasətçilər əsas dayaqlarından – Tehranın himayəsindən məhrum olacaqlarını düşünürlər.

Siyasi şərhçi Əli Oruclu deyib ki, Bəşər Əsəd rejiminin süqutu təkcə Suriyada deyil, Yaxın Şərq regionunda yeni mənzərə yaratmaqdadır. Ekspertin sözlərinə görə, proses təkcə 53 illik Əsəd sülaləsinin çöküşü ilə yekunlaşmır, ümumilikdə diktatura rejimlərinə himayədarlıq edən Rusiya və İranın da ağır məğlubiyyətidir:

 "13 il vətəndaş müharibəsinin davam etməsi və Əsədin hakimiyyətdə qalması məhz Tehranla Moskvanın dəstəyi sayəsində mümkün olmuşdu. İranın Yaxın Şərq regionunda mövqelərini itirməsi və öz təhlükəsizliyi ilə bağlı qayğılarının artması İrəvanı əbəs yerə ciddi narahat etmir. Xüsusən, Suriya rejiminin çöküşü növbəti hədəfin İran olacağı ilə bağlı naratlığı artırır. Erməni icmasının ən güclü olduğu ölkələrdən biri məhz Suriyadır. Əsəd sülaləsi orada yaşayan ermənilərə xeyli imtiyazlar vermişdi. Həmçinin, ata-bala hakimiyyətinin Türkiyə ilə də münasibətləri normal olmayıb. Suriya PKK terrorçu başı A.Ocalana sığınacaq verən ölkələrin önündə olub. Zaman-zaman hər iki dövlət arasında fikir ayrılıqları və ixtilaflar yaşanıb. Ermənistan İrana və Suriyaya "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə yanaşıb. Ermənistan Əsəd rejimi simasında belə bir dostunu itirmiş oldu. Suriyanın gələcəyi və yeni siyasi düzəni qurulmasında Ankaranın müstəsna rol oynayacağında ermənilər qorxuya düşüb. Suriyada vəziyyətin hələ bir müddət qeyri-müəyyən qalacağı orada yaşayan 100 min etnik ermənilərin gələcək taleyini də sual altına qoyur. Ola bilsin, Ermənistana erməni köçü də başlasın. Bu indiki dönəmdə ciddi humanitar problemlərə yol aça bilər".
Ə,Oruclu əlavə edib ki, İranın Yaxın Şərqdəki mövqelərini itirməsi Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək: "Təbii ki, İranın zəifləməsi Türkiyənin qlobal gücə çevrilməsi, həmçinin Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi Ermənistan üçün ən acı reallıqlar deməkdir. Paşinyan hakimiyyəti Qərbdən, xüsusən də Fransadan himayədarlıq və təhlükəsizlik çətiri ilə bağlı vədlərin alsa da, meydanda bunların keçərli olmadığını dərk etməkdədir. İrəvanın ən fəal dəstəkçisi olan İranın zəifləməsi Zəngəzur dəhlizin açılmasına maneənin birinin aradan qalxması deməkdir. Dəhlizin açılmasında hələ az-çox müqavimət göstərən İran rejimidir. Bu rejim də artıq Suriya yolu ilə getməkdədir. Bütün baş verənləri lakonik olaraq ermənilərin qorxulu röyası adlandırsaq yanılmarıq".



Избранный
43
1
sherg.az

10Источники