RU

Parlamentdə nələrdən danışıldı... - İclasdan FOTOLAR

Dekabrın 10-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

 

Modern.az xəbər verir ki, S.Qafarova əvvəlcə dekabrın 7-də Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq Parlament Konfransı barədə məlumat verib.

 

Sonra cari məsələlərlə bağlı aparılan müzakirələrdə çıxış edən deputatlar bir sıra aktual mövzularla bağlı fikirlərini açıqlayıb, Ümummilli Lider Heydər Əliyevin yaxın günlərdə qeyd olunacaq anım günü ilə əlaqədar dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Çıxışlarda Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf, ordu quruculuğu istiqamətində önəmli rolu vurğulanıb.

 

Sonra gündəliyə daxil edilmiş 15 məsələnin müzakirənə başlanılılıb. Birinci məsələ Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası üzvlərinin təyin edilməsi haqqında qərar layihəsi olub.

 

Komissiyanın Əsasnaməsinə görə, onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilməlidir. Komissiyanın üzvlüyünə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyevin namizədlikləri təklif olunub.

 

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

 

Növbəti 6 məsələ üçüncü oxunuşda qanun layihələri olub, onlardan ikisi Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə söhbət açıb.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunduğunu bildirib.

 

Sonra komitə sədri “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

 

Parlamentin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsindən söhbət açıb.

 

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumatı isə Arzu Nağıyev verib.

 

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

 

Gündəliyin digər iki məsələsi uyğunlaşdırma xarakteri daşıyıb və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb.

 

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə danışıb.

 

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

 

Qanun layihələri səsə qoyularaq qəbul olunub.

 

Gündəliyin növbəti 4 məsələsi birinci oxunuşda olan qanun layihələri olub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

 

Komitə sədri bildirib ki, qanun layihəsi ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur.

 

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı Bəhruz Məhərrəmov məlumat verib.

 

Bildirilib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq, dövlət valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə və uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədirlər. Layihədə təklif olunan dəyişikliklər də, ilk növbədə, bu konstitusion müddəaların daha effektiv realizəsinə yönəlib.

 

Komitə sədri Hicran Hüseynova Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı təqdim edib.

 

Müzakirədə qaldırılan məsələlərə aydınlıq gətiriləndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

 

O, bildirib ki, qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilən bir sıra qanun layihələrinin və müxtəlif vaxtlarda qəbul edilmiş qanunların icrası məqsədilə hazırlanıb. Sənəddə həmin qanunların pozulması ilə bağlı məsuliyyətin yaradılması normaları nəzərdə tutulur.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.

 

Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib.

 

Sonra qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Избранный
52
modern.az

1Источники