RU

Cənubi Koreya prezidenti HƏBS EDİLİR

Vətəninfo.az xəbər verir ki, Cənubi Koreya Milli Məclisi 3 dekabrda elan edilmiş hərbi vəziyyətə görə prezident Yun Sok Yolun dərhal həbs olunmasını nəzərdə tutan qərar layihəsini qəbul edib.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, Milli Məclisdə hərbi vəziyyət elan edilməsində rolu olan 8 nəfərin həbs edilməsini nəzərdə tutan layihə səsverməyə çıxarılıb. Səsvermənin nəticəsinə əsasən, prezident Yun, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla 8 nəfərin dərhal həbs olunması tələbi ilə hazırlanan qərar layihəsi 94 əleyhinə 191 səslə qəbul edilib. Səsvermədə iştirak edən 288 millət vəkilindən 3-ü bitərəf qalıb.

Yunun vəzifədən uzaqlaşdırılması ilə bağlı təklif parlamentdə üçdə iki çoxluq əldə edilmədiyi üçün qəbul edilməmiş, buna görə müxalifət bu dəfə həbs qərarını gündəmə gətirmişdi. Digər tərəfdən, Yunun hərbi vəziyyət elanına görə mühakimə olunması üçün xüsusi səlahiyyətli prokuror təyin edilməsini nəzərdə tutan qərar da parlamentdə qəbul edilib.

Prezident Yun Sok Yol 3 dekabr gecəsi televiziya çıxışında müxalifəti dövlət əleyhinə fəaliyyətlərdə iştirak etməkdə ittiham edərək hərbi vəziyyət elan etmiş, lakin parlamentin bu qərarı ləğv etməsi və Nazirlər Kabinetinin də təsdiqlənməsi ilə geri addım atmağa məcbur olmuşdu. O, müxalifəti hökumətin fəaliyyətini həyata keçirməsinə mane olmaqda günahlandıraraq hərbi vəziyyətin Şimali Koreya tərəfdarı qüvvələri aradan qaldırmaq və konstitusiyalı azadlıq qaydasını qorumaq məqsədi daşıdığını müdafiə etmişdi.

“Vətənə xəyanət” şübhəsi ilə aparılan istintaq çərçivəsində prezident Yun Sok Yol üçün ölkədən çıxış qadağasının tətbiq edildiyi bildirilib.

Избранный
57
2
veteninfo.az

10Источники