RU

Gənc alimlərə “yaşıl işıq”

Sumqayıt Dövlət Universitetində (SDU) doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ölkəmizin tanınmış ali təhsil müəssisələrinin rektorları, alimlər, ictimai-siyasi xadimlər, elmi araşdırmalar sahəsində ilk addımlar atan perspektivli gənclər iştirak ediblər.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş konfransın təşkilatçıları Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SDU-dur. “SOCAR Polymer” MMC, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə gerçəkləşib. Universitetin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmli “XQ”yə açıqlamasında dedi:

– Konfransın keçirilməsində əsas məqsəd doktorantura səviyyəsində təhsil­alanların və gənc tədqiqatçıların elmi-təd­qiqat fəaliyyətlərinin nəticələrinin ölkədəki elm adamları ilə müzakirəsini təşkil etmək, elmi-tədqiqat yaradıcılıqları üçün daha geniş stimullaşdırıcı imkanlar yaratmaqdır. Respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, bu mərhələlərdə təhsilini bitirmiş, müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar qatılıblar.

 Plenar iclasda SDU-nun rektoru, dosent Rüfət Əzizov doktorantların və gənc tədqiqatçıların növbəti elmi toplantısının Sumqayıtda keçirilməsindən məmnunluğunu bildirib. O, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt universitetində tətbiq edilən yeniliklərdən, tədris olunan ixtisaslardan, tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlərdən söz açıb. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir.

Elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə təşkil olunan konfransın əhəmiyyətindən danışıb. Bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edən nazir, ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını diqqətə çatdırıb. Bildirib ki, müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-təd­qiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.

Daha sonra Oksford Universitetinin tədqiqatçısı, Oxa şirkətinin baş mühəndisi, SDU Akademik Məşvərət Şurasının üzvü Tərlan Süleymanov “Sürücüsüz avtomobillər və onların tətbiqi”, Cənubi Florida Universitetinin doktorantı Turan Əhmədova “Təhsil liderliyində davamlılıq: töhfələr, icra və qərar qəbulunun təsiri”mövzularında məruzə ilə çıxış ediblər. 

Bədii hissə ilə bitən plenar iclasdan sonra Respublika konfransı işini bölmələr üzrə davam etdirib. Konfransa 287 tezis daxil olub, onlardan 251-i qəbul edilib. İki gün ərzində aparılan müzakirələr elmin bütün sahələrini əhatə edib. Texniki sahələr, Yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl bacarıqlar və yaşıl həyat mövzularındakı tezislərə üstünlük verilib. Konfransda çıxış edən bütün məruzəçilərə sertifikatlar təqdim edilib.

Ə.ƏLİYEV 
XQ 

 

Избранный
34
xalqqazeti.az

1Источники