RU

AKP-nin sabiq deputatı: “İran Zəngəzur dəhlizi ilə bağlı iddialarından imtina etməlidir” - MÜSAHİBƏ

Bu həftə “Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsində gündəmimiz Suriyada baş verən proseslərdir. 

Qonağımız hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq deputatı, professor Mustafa Ilıcalıdır. Onunla Bəşər Əsədin devrilməsindən sonra Suriyada yaşananları, suriyalı qaçqınların ölkələrinə qayıtma prosesini müzakirə etdik. 

Həmçinin, siyasətçi Suriyanın terrorçulardan təmizlənməsi, Türkiyənin terrora qarşı mübarizəsi və Zəngəzur dəhlizi barəsində də danışıb. 

- Mustafa bəy, Bəşər Əsədin devrilməsindən sonra Suriyada yaşanan proseslərin bölgəyə hansı təsiri ola bilər? 

- Suriyada baş verənlərin bölgəyə hansısa mənfi təsirinin olacağını zənn etmirəm. Çünki Suriya xalqı zalım bir diktatordan xilas oldu.

Yeni hökumət də Suriyanın inkişafı yolunda vacib demokratik addımlar atmalıdır. Həmçinin, ölkənin ərazi bütövlüyü qorunmalı, terrora qarşı mübarizə aparılmalıdır. Ümid edirəm ki, Suriyada güclü bir hökumət qurulacaq. Əsəddən sonra belə bir hökumətin qurulması Türkiyə başda olmaqla, regionun bütün ölkələri üçün də önəmli olacaq. Bundan sonra bölgənin və regiondakı dəhlizlərin əhəmiyyəti daha da artacaq. 

- Dəhliz demişkən, Zəngəzur dəhlizinin perspektivlərini necə dəyərləndirirsiniz? 

- Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm də Türkiyə üçün olduqca əhəmiyyətlidir. Çünki iki ölkə də çox böyük gücdür. Bu dəhliz vasitəsilə tərəflərin iqtisadiyyatı daha çox inkişaf edəcək.

Həmçinin, Azərbaycanın ələqələrinin güclənməsi baxımından da Zəngəzur dəhlizinin açılması mühümdür. Zəngəzur dəhlizinin siyasi, iqtisadi və sosial əməkdaşlığın qüvvətlənməsinə, habelə Azərbaycanla Türkiyənin dünyadakı gücünün birlikdə artmasına səbəb olacağını düşünürəm. 

- O zaman Suriya məsələsinə qayıdaq. Əsədlə birlikdə İranın da məğlub olduğunu deyə bilərik. Çünki ona ən böyük dəstək verən ölkələrdən biri də məhz İran idi. Son yaşananlar isə Tehran hakimiyyətinin bölgədəki gücünün azaldığını göstərir. Bu vəziyyətdə İranın Zəngəzur dəhlizi ilə bağlı iddiaları qüvvədən düşəcək?

- İranın Bəşər Əsəd rejiminə dəstək verən iki ölkədən biri olduğu açıq şəkildə görünürdü. Təbii ki, sadəcə Əsəd deyil, onu dəstəkləyənlər də məğlub oldu. İran da bundan sonrakı xarici siyasətini və Azərbaycanla münasibətlərini nəzərdən keçirməlidir.

Hesab edirəm ki, artıq İran Zəngəzur dəhlizi ilə bağlı iddialarından da imtina etməlidir. Ümumiyyətlə, Suriyada baş verənlərin təsiri bütün dünyada özünü göstərəcək. 

- Suriyada 13 ildən çox davam edən müharibədə suriyalılara ən çox ev sahibliyi edən ölkə Türkiyə idi. Artıq müharibə bitdiyi üçün onların da ölkələrinə dönməsi gözlənilir. Bu proses necə həyata keçirilir? 

- Türkiyə Cümhuriyyəti 13 ildir müharibədən qaçan suriyalılar üçün qapılarını açdı və ev sahibliyi etdi. Prezident Rəcəb Tayyib Ərdoğan, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı və ümumilikdə “Cümhur İttifaqı” suriyalıların ölkəyə gəlişini dəstəklədi. Müxalifət isə seçki dönəmlərində suriyalılar məsələsini qabartdı. Lakin bütün bunlara baxmayaraq, hakimiyyət geri addım atmadı və suriyalılara ən yaxşı şəkildə ev sahibliyi etdi. 

Nəticə etibarilə, Əsəd devrildi və artıq suriyalılar könüllü şəkildə öz ölkələrinə getməyə başlaybılar. Hər gün çox sayda suriyalı könüllü şəkildə ölkəsinə qayıdır. Hazırda suriyalılardan bu barədə böyük tələb var. Türkiyə də buna görə daha bir sərhəd qapısını açıb.

- Türkiyədə milyonlarla suriyalı qaçqın var. Onların hamısı geri qayıdacaq?

- Türkiyənin etdiyi heç vaxt unudulmayacaq. Suriyalılar əvvəlki kimi öz ölkələrində yaşayacaqlar. Biz heç kimi məcburi şəkildə geri göndərməyəcəyik. Suriyanın çox böyük təbii sərvəti var. Lakin insanlar həyatları təhlükədə olduğu və qorxduqları üçün qaçdılar. 

Böyük əksəriyyətinin könüllü şəkildə ölkələrinə qayıdacağı gözlənilir. Yəni, proses könüllü və təhlükəsizlik şəkildə baş verəcək. Suriyada uzun illərdir davam edən müharibə bitdi və bu zülmü edən Bəşər Əsəd devrildi. Bundan sonra yeni hökumətlə Suriyada yeni demokratik ölkənin qurulacağına inanırıq.

- Türkiyə Suriyanın yenidən qurulmasında da iştirak edəcək?

- Bəli, Türkiyə Suriyanın yenidən qurulması üçün əlindən gələni edəcək. Ölkəmizin inşaat sahəsindəki zəngin təcrübəsi Suriyanın dirçəlməsində özünü göstərəcək. Yəni, Türkiyə Suriyanın inkişafı və yenidən qurulması prosesində iştirak edəcək. Artıq bununla bağlı addımlar atılmağa başlayıb.

- Əsədin devrilməsindən sonra Suriyada PYD/YPG terrorçularına qarşı da mübarizə başladı. Necə düşünürsünüz, Suriya tamamilə terrorçulardan təmizlənəcək?

- Tezliklə Suriyanın tamamilə terrorçulardan təmizlənəcəyini gözləyirik. Menbiçdə də terrorçulara qarşı böyük mübarizə oldu. 

Türkiyə də Suriyadakı PYD/YPG terrorçularının tamamilə məhv olunması üçün bütün gücünü səfərbər edəcək. Türkiyə son terrorçu məhv olana qədər mübarizəsini davam etdirəcək. 

- MHP lideri Dövlət Bağçalının Türkiyə Böyük Millət Məclisində (TBMM) PKK terror qruplaşmasının başçısı Abdullah Öcalanla bağlı çıxışı xeyli müzakirələrə səbəb oldu. Lakin bəziləri bu məsələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanla Dövlət Bağçalı arasında fikir ayrılıqları olduğunu iddia etdilər. Hətta Ərdoğanın Bağçalının çıxışından xəbərsiz olduğu belə deyildi. Bu iddialar nə dərəcədə doğrudur? 

- Təəssüf ki, bəziləri bu mövzudan da siyasi maraqları üçün istifadə etdilər. Əslində, Ərdoğan ilə Bağçalı arasında heç bir fikir ayrılığı yoxdur. Onlar 85 milyon vətəndaşımızın mənfəəti üçün çalışırlar. Bizdə “altılı masa”dakı kimi bazarlıqlar olmur, hər şey millətin mənfəəti üçün olur. 

AKP və MHP fərqli olsa da, hər ikisi millətin, ölkənin mənfəəti üçün çalışan partiyadır. Üstəlik, Rəcəb Tayyib Ərdoğan və Dövlət Bağçalı tez-tez görüşürlər, fikir mübadiləsi aparırlar. Onların arasında çox yaxşı münasibət var, bu münasibətin qazananı isə bütün xalqdır. Dövlət Bağçalı da Türkiyədə terrorun tamamilə bitməsi üçün belə bir təklif verdi. O, mükəmməl bir addım atdı. Ərdoğan da bir neçə dəfə Bağçalının açıqlamlarını dəstəklədiyini dilə gətirdi. 

Lakin bəziləri Ərdoğanla Bağçalı arasında fikir ayrılığı olduğunu iddia etdilər. Əlbəttə ki, bunlar həqiqəti əsk etdirmir. Müxalifət də bunun əsassız iddia olduğunun fərqindədir. 

- Dövlət Bağçalının tövsiyəsindən sonra Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) İmralıda Abdullah Öcalanla görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət etdi. Necə düşünürsünüz, bu görüş baş tutacaq? 

- Mən Bağçalının bu addımını DEM Partiyasına əl uzatmaq kimi dəyərləndirirəm. Onlar da bundan razı qaldıqlarını ifadə edirlər.

Ona görə də DEM Partiyanın müraciətinin qəbul olunacağını, həmin görüşdə isə müsbət mesajların veriləcəyini düşünürəm. Ümumiyyətlə, DEM Partiya Türkiyə partiyası kimi çıxış etməlidir. Onların millət vəkilləri səslərini aldıqları insanların problemlərini parlamentdə qaldırmalıdırlar. Həmçinin, DEM Partiyasının PKK ilə əlaqəsi tamamilə kəsilməlidir. 

- Görüşdən hansı nəticənin çıxması proqnozlaşdırılır?

- Abdullah Öcalan alçaq terror qruplaşması PKK-nın başında dayanan şəxs olaraq terrorçulara səslənməlidir. O, ilk növbədə PKK-nın ləğvini elan etməli və terroçuları silahlarını buraxmağa çağırmalıdır. Həmçinin, DEM Partiyası da PKK ilə əlaqəsinin olmadığını açıqlamalıdır. Əsas şərtlər və gözləntilər bunlardır və onu hər kəs qəbul edər. Heç bir müxalif partiya bundan narahat ola və ya buna qarşı çıxa bilməz. 

Избранный
27
40
cebheinfo.az

10Источники