RU

Rəqəmsal, yoxsaənənəvi diplomatiya?

Ìnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinə düşən fəaliyyət sahələrindən biri də diplomatiyadır. Diplomatiya tarix boyu dövlətlərarası əlaqələrin təşkili və inkişaf etdirilməsi baxımından ən mühüm vasitə olub. Ənənəvi diplomatiya əsasən, dövlət rəhbərləri, nazirliklər və rəsmi nümayəndələr arasında gizli görüşlər və sənədlər üzərində qurulub. Bu proses yüksək səviyyəli dövlət nümayəndələrinin fiziki və rəqəmsal olmayan yolla əlaqə qurmasını tələb edirdi. Ancaq son onilliklərdə texnologiyanın sürətli inkişafı ilə diplomatiya yeni bir dönəmə qədəm qoydu. Ìnternetin və xüsusilə sosial medianın meydana gəlməsi dövlətlərə beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatma imkanı verdi. Günümüzdə ənənəvi diplomatiyanın bir istiqaməti olaraq dəyərləndirilən rəqəmsal diplomatiya (ing.Digital diplomacy yaxud Ediplomacy) isə diplomatik məqsədlərə çatmaq üçün internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsidir. Dövlətlər artıq rəsmi diplomatik bəyanatları sosial media platformalarında paylaşaraq, dünya ictimaiyyətini dərhal məlumatlandırırlar.

Həmçinin, rəqəmsal diplomatiya dövlətlərə daha çevik və sürətli qərar qəbul etmə imkanı verir. Ənənəvi diplomatiya ilə müqayisədə, rəqəmsal diplomatiya daha çox zamanın sürətlə keçdiyi bir dövrdə həyata keçirilir. Bu sürət diplomatik reaksiyaların ani olmasını təmin edir və dövlətlərə daha dinamik bir xarici siyasət həyata keçirməyə imkan yaradır. Məsələn, böyük beynəlxalq münaqişələr zamanı dövlətlər sosial media vasitəsilə təcili reaksiya verməyə başladılar. Ancaq bu sürət bəzən problemi daha da böyüdə bilər, çünki qeyri-dəqiq və yanlış məlumatların sürətlə yayılması beynəlxalq səviyyədə anlaşılmazlıqlara səbəb ola bilər. Bu baxımdan, dövlətlər rəqəmsal diplomatiyanın gətirdiyi sürət və geniş əlaqə imkanlarından istifadə edərkən eyni zamanda, bu platformalarda yayılan məlumatların doğruluğunu diqqətlə yoxlamalıdırlar.

Bir çox beynəlxalq təşkilatlar və dövlətlər rəqəmsal diplomatiyanın üstünlüklərini qəbul edərək, ondan daha effektiv istifadə etmək üçün müvafiq                     strategiyalar və təlimatlar hazırlayırlar. Rəqəmsal diplomatiya həmçinin, dövlətlərə  daha şəffaf və açıq münasibət qurmağa kömək edir. Bu da dövlətlər arasında  qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını artırır, eyni zamanda beynəlxalq  aləmdə şəffaflıq və açıq diplomatiya prinsipinin güclənməsinə səbəb olur.

Beləliklə, məqalənin məzmununda rəqəmsal və ənənəvi diplomatiya arasındakı fərqlərlə, eyni zamanda hər birinin əhəmiyyəti ilə tanış olduqdan sonra gəldiyim nəticəni əsaslandırmaq üçün rəqəmsal və ənənəvi diplomatiyanın mənfi və müsbət cəhətlərini qeyd etmək istərdim. Fikrimcə, hər ikisinin həm müsbət, həm də mənfi cəhətləri var. Düzdür, rəqəmsal diplomatiya texnoloji inkişafla əlaqədar olaraq dövlətlər və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha sürətli və asan edir. Amma düşünürəm ki, ənənəvi diplomatiyanın rolu hələ də böyükdür. Çünki, üz-üzə görüşlər, şəxsi müzakirələr və etibar üzərində qurulan əlaqələr, xüsusən də strateji və uzunmüddətli məsələlərdə çox önəmlidir. Eyni zamanda, rəqəmsal diplomatiya böhran vəziyyətlərində də faydalıdır. Doğrudur, bunu inkar etmək olmaz, amma bu zaman əgər məlumatlar yanlış yayılar, dezinformasiya halları baş verərsə, bu dövlətlər arasında diplomatik böhranlara yol aça bilər. Ona görə də, fikrimcə, bu məsələyə böyük diqqət yetirilməlidir. Lakin buna baxmayaraq rəqəmsal diplomatiyanın sevdiyim cəhəti odur ki, böyük münaqişələr zamanı, dövlətlər sosial media vasitəsilə təcili reaksiya verə bilirlər. Ənənəvi diplomatiyanın sevdiyim cəhəti bu diplomatiya modelinin çox vaxt təmkin tələb etməsidir. Eyni zamanda ənənəvi diplomatiyanın uzunmüddətli, strateji və dərin müzakirələrə yönəlməsini də bir digər müsbət hal kimi qeyd etmək mümkündür. Lakin bütün bu qeyd etdiklərimi nəzərdən keçirdikdən sonra buradakı xüsusi bir məqamı ortaya çıxardım. O da həm ənənəvi, həm də rəqəmsal diplomatiyanın başlıca xüsusiyyətinin qabaqlayıcı, dəstəkləyici və tamamlayıcı olmasıdır. Bununla da əslində girişdə qeyd etdiyim "rəqəmsal,  yoxsa ənənəvi diplomatiya" sualına bir növ cavab tapmış oldum. Fikirlərimi ümumiləşdirib daha da konkretləşdirsəm, onu deyə bilərəm ki, hər iki diplomatiyanın öz yeri ve əhəmiyyəti var. Bu səbəbdən dövlətlər üçün ən optimal yanaşma rəqəmsal ve ənənəvi diplomatiyanı qarşılıqlı şəkildə istifadə edərək, qlobal əlaqələri daha sağlam və effektiv şəkildə qurmaqdır. Daha konkret ifadə etsəm, rəqəmsal diplomatiya ənənəvi diplomatiyanın güclü tərəflərini tamamlayaraq dövlətlərə qlobal siyasətdə daha effektiv olmaq üçün imkanlar təqdim edir.

Nəsibova Gülşən Rüfət qızı

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Fakültə: Siyasi idarəetmə

İxtisas: Politologiya

Qrup: P231

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
54
50
olaylar.az

10Источники