RU

Fəxri konsul: İrlandiyada Azərbaycanı təmsil etmək böyük şərəfdir

Azərbaycanı İrlandiyada təmsil etmək mənim üçün böyük bir şərəf və əhəmiyyətli bir məsuliyyətdir. Azərbaycan xalqını İrlandiyada layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Keçmiş nazir və senator kimi bu məsuliyyəti dərk edirəm və yeni əməkdaşlıq imkanları yaratmaq üçün çalışacağam.

Bunu Azərbaycanın Dublindəki ilk fəxri konsulu Terri Leyden AZƏRTAC-a məxsusi açıqlamasında deyib.

Bu vəzifəyə təyin edilməsinin onun üçün böyük şərəf olduğunu bildirən Terri Leyden iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün əzmlə çalışacağını vurğulayaraq deyib: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə təyin edilmək və İrlandiya Hökuməti tərəfindən təsdiqlənmək mənim üçün böyük bir şərəfdir. Azərbaycan xalqını İrlandiyada təmsil etməkdən qürur duyuram”.

Fəxri konsul iki ölkə arasındakı əlaqələrin möhkəm olduğunu və gələcəkdə daha da güclənəcəyinə inamını bildirib. O, xüsusilə ticarət, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına böyük diqqət yetirəcəyini vurğulayıb: “Azərbaycandan İrlandiyaya və İrlandiyadan Azərbaycanca nümayəndə heyətləri təşkil etmək, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı artırmaq niyyətindəyəm. İrlandiyada inkişaf etmiş kənd təsərrüfatı təcrübəsini Azərbaycan fermerlərinə təqdim etmək və qarşılıqlı iqtisadi inkişaf üçün strategiyalar işləyib hazırlamaq üçün gələn il Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirəm”.

T.Leyden Azərbaycanın COP29-dakı uğurlarını da yüksək qiymətləndirib. “Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük bir uğur idi. Azərbaycan dünya səviyyəsində iqlim dəyişikliyi mövzusunda mühüm bir platformaya çevrildi”, - deyə fəxri konsul bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Dublin

Избранный
19
2
xalqqazeti.az

3Источники