RU

 Akademik Tofiq Nağıyev: Milli Ensiklopediyanın yeni nəşri üzərində işlər davam edir

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Milli Ensiklopediyasının XI və XII cildləri hazırlansa da, 2020-ci ildə baş vermiş pandemiya səbəbindən fəaliyyətimizdə müəyyən fasilələr yarandı. Lakin o çətin günlərdə belə biz X cildin vaxtında çapdan çıxmasını təmin etdik, eyni zamanda, növbəti cildlərin hazırlanmasını davam etdirdik. Elə həmin il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Cəmi 44 gün davam edən bu savaş Azərbaycanın böyük Qələbəsi ilə başa çatdı, tarixi torpaqlarımız işğaldan azad edildi. Bu möhtəşəm Zəfər bizim qarşımızda yeni məsuliyyət, vəzifələr qoydu.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev deyib. O bildirib ki, nəşrə hazır cildlərə yenidən baxılmalı, bu tarixi hadisə ilə bağlı baş verən bütün dəyişikliklər kitablarda əksini tapmalı idi: “Bu, bir sıra çətinliklərlə müşayiət olunan və xeyli vaxt tələb edən bir proses idi. Vaxt itirmədən növbəti nəşrlərin üzərində yenidən işləməyə başladıq və bu istiqamətdə işlər indi də davam edir.

Onu da qeyd edim ki, milli ensiklopediyanın nəşrindən bəri tarixi torpaqlarımız haqqında hazırlanmış məqalələrdə “erməni işğalına məruz qalmışdır” ifadəsini yazmaq mənəvi baxımdan çox ağrılı idi. İndi isə biz həmin ifadələri silir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfərdən, Qarabağın azadlığından, müqəddəs torpaqlarımız uğrunda vuruşan qəhrəmanlardan bəhs edən yeni tarixi faktlardan söz açırıq.

Hazırda milli ensiklopediyanın yenidən işlənmiş növbəti XI cildi çap prosesindədir. Yeni cildlərdə Azərbaycanın tarixi Zəfəri ilə bağlı mühüm məqamlar yer alacaq. Ensiklopediyanın məzmunu daha da zənginləşdiriləcək, yeni nəşrlər milli kimliyimizi, qürurumuzu əks etdirəcək.

Əlavə olaraq qeyd edim ki, 2025-ci ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ensiklopediya üçün məqalələrin hazırlanması prosesi sürətlə davam edir”.

Tofiq Nağıyev 2025-ci ildə Azərbaycanın ən böyük elm məbədi sayılan AMEA-nın 80 illik yubileyinin mühüm elmi və mədəni hadisə kimi ölkəmizdə qeyd ediləcəyinə də toxunub: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi AMEA-nın nəzdində fəaliyyət göstərən bir qurum kimi bu möhtəşəm yubileyə xüsusi diqqətlə yanaşacaq. Hazırda yubileyə həsr olunmuş xüsusi bir nəşrin hazırlanması ilə bağlı rəsmi göstəriş və ya tapşırıq daxil olmayıb. Lakin belə bir qərar qəbul edilərsə, Ensiklopediya Mərkəzi yüksək səviyyədə hazırlıq işləri apararaq yubiley buraxılışını təqdim edə bilər.

Xatırladım ki, 2008-ci ildə çap olunmuş ensiklopediyanın “Azərbaycan” adlı xüsusi cildində AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri, elmi nailiyyətləri, həmçinin bu sahədə fəaliyyət göstərən görkəmli alimlərin yaradıcılığı əks etdirilib. Həmin nəşrin “Elm. Texnika. Təhsil” bölməsi çərçivəsində “Təbiət və texnika elmləri” və “Humanitar elmlər və biliklər” mövzuları altında təqdim edilən məqalələrdə ölkəmizdə elmin müxtəlif sahələrinin formalaşması və inkişafı geniş şəkildə işıqlandırılıb. Həmçinin AMEA-nın strukturunda yer alan elmi-tədqiqat institutlarının fəaliyyəti və onların töhfələri haqqında dolğun məlumatlar verilib. Düşünürəm ki, həmin materiallardan istifadə etməklə, eyni zamanda, yubileyin əhəmiyyətini əks etdirən önəmli məlumatlar daxil olunmaqla xüsusi yubiley buraxılışını hazırlamaq mümkündür”.

 

Избранный
44
1
azertag.az

2Источники