RU

Diplomatik sahədə çalışan qadınların sayı artırılsın - TƏKLİF

Yaşlı diplomatlarımız da beyin mərkəzlərinə yönləndirilə bilər

Dünən Milli Məclisin plenar iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsində diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları müəyyənləşir. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycan 80-dən çox ölkəyə sərbəst gediş-gəlişi təşkil edə bilir.

Komitə sədri bildirib ki, COP29 konfransı ölkəmizin beynəlxalq imicini yüksəltməklə, iqlim və ekologiya sahəsində tarixi nəticələr əldə etməklə, 196 dövlətin 80 min iştirakçısı və dünyanın 80 dövlət başçısını Bakıya gətirməklə, bizə qarşı çıxan qüvvələrin üzərində diplomatik zirvənin parlaq nümunəsidir: "Bunu Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirmək olar”. S.Seyidov xatırladıb ki, “Diplomatik xidmət haqqında” qanun 2001-ci ildə qəbul olunanda Azərbaycanın 40-dək xarici nümayəndəlikləri fəaliyyət göstərirdi: "Bu gün isə onların sayı 88-dir. O vaxtlar Azərbaycan bir neçə ölkə ilə sərbəst gediş-gəlişini təşkil edə bilərdi, bu gün isə 80-dən çox ölkəyə Azərbaycan vətəndaşının pasportları ilə gediş-gəliş mümkün olur. Bu gün faktiki olaraq diplomatik təşkilatlarda öz nümayəndələrimizin həm sosial, həm diplomatik statusunu təmin etmək imkanını əldə edə bilirik”. 


"Həmin dövrdə gerizəkalı XİN rəhbərliyinin fəaliyyətsizliyi..."

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, AXC-Müsavat hakimiyyəti dövründə vəziyyət daha da faciəvi olub. Onun sözlərinə görə, qeyri-peşəkar və gerizəkalı Xarici İşlər Nazirliyi rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində Azərbaycan torpaqlarının işğalı ilə bağlı dünya ictimaiyyətində tamamilə yanlış fikir formalaşır: "Azərbaycana qarşı sanksiyalar tətbiq olunurdu. Həmin illərdə ölkəmizin imicinə yarıtmaz xarici siyasət nəticəsində çox ciddi və aradan qaldırılması üçün uzun illər lazım gələcək zərərlər yetirildi. Nəinki dünya ölkələri, hətta region dövlətləri ilə - Türkiyə, Rusiya və İranla münasibətlər anlaşılmaz səviyyə gətirilib çıxarılmışdı. Bütün bu faciələrin fonunda həmin dövrdə Naxçıvanda rəhbərlikdə olan Heydər Əliyev isə yüksək diplomatiya nümayiş etdirərək heç bir konflikt yaratmadan Sovet qoşunlarının Naxçıvandan çıxarılmasına nail olub. Türkiyə və İranla dostluq, mehriban qonşuluq münasibətləri yaradaraq Naxçıvanı da işğladan xilas edib. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə müstəqil Azərbaycanın xarici siyasətində dönüş yaradıldı, müasir diplomatiyanın, diplomatik xidmətin əsası qoyulmuş oldu".

Yaşlı diplomatlarımız üçün səfirliklərdə, XİN-də uyğun pozisiya yoxdur


Deputat Nigar Arpadarai deyib ki, diplomatik sahədə çalışan qadınların sayının artırılmasına ehtiyac var: 

"Ezamiyyətlər çoxdur. Bunun obyektiv səbəbləri var. Gender üzrə pozitiv ayrımçılığın tərəfdarı deyiləm. Lakin qadın diplomatlarının sayını artırmaq üçün müəyyən müddət kvota tətbiq etmək olar. Digər yandan, yaşlı diplomatlarımız üçün səfirliklərdə, XİN-də uyğun pozisiya yoxdur. O diplomatlarımız da beyin mərkəzlərinə yönləndirilə bilər. Digər məsələ kommunikasiya ilə bağlıdır. Faks və telefonla əlaqələr qurulurdu. İndi votsap, "email" var. Prinsipial yanaşma kimi bunları qeyd etmək olar. Bunlar diplomatik əməkdaşlar arasında koordinasiyanı sürətləndirə bilər". Parlament sədri Sahibə Qafarova deputatın çıxışına münasibət bildirib: "Gender bərabərliyində problem olan ölkələrdə kvota tətbiq olunur. Ona görə də düşünürəm ki, kvota bizdə yer tutmayacaq”.

"Diplomatlarımız liderimizdən örnək götürməlidirlər "

Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, qanunvericilik aktında diplomat olmaq istəyən soydaşlarımızın qarşısında yüksək  peşə standartları tələbinin əksini tapmasını çox düzgün sayır: "Burada da vurğulanır, bəli, diplomat mütləq xarici dil, ilk növbədə də getdiyi ölkənin dilini bilməlidir. Və unutmamalıdır ki, dil diplomata bir məsəldə deyildiyi kimi əsl niyyətini gizlətmək üçün yox, ilk növbədə onu reallaşdırmaq üçün lazımdır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev onlar üçün ən böyük örnəkdir. Əlbəttə, diplomat nə qədər çox bilsə, bir o qədər yaxşıdır. Ancaq onun bir amalı, bir məqsədi, bir hədəfi olmalıdır ki, o da Azərbaycana xidmətdir. Və harada çalışmasından asılı olmayaraq diplomatımız qiblə gözündə də məhz Azərbaycanı görməli, yenə də bu baxımdan liderimizdən örnək götürməlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 44 günlük savaş zamanı, Qərbdəki düşüncə mərkəzlərinin daha çox kontrsuallarla təmin edərək  üstünə göndərdikləri media təmsilçilərini yerində oturtmasında onun yüksək intellekti, bir neçə dildə mükəmməl danışması ilə yanaşı, burada həlledici faktor vətəninə, millətinə tam bağlı olmasıydı, onun maraqlarını hər şeydən üstün tutmasıydı. Və mənə elə gəlir ki, onun həmin dövrdəki müsahibələri, beynəlxalq ekspertlərlə görüşdə verilən sualları necə ustalıqla cavablandırması əsl master klasslardır. Diplomatlarımız bundan çox faydalana bilərlər. Məhz cənab İlham Əliyevin yüksək diplomatik bacarığı sayəsində biz 4 rayonumuzu ya qismən, ya da tam şəkildə döyüşsüz işğaldan qurtarmağı bacardıq, İkinci Qarabağ savaşındakı zəfərimizi bunun maraqlarına cavab vermədiyini düşünənlərə həzm etdirdik, Fransa kimilərini BMT-də əleyhimizə yönəlik qətnamələrinin qəbulunun qarşısını aldıq, rəsmi Parisin beynəlxalq müstəvidəki anti-Azərbaycan fəaliyyətini xeyli təsirsizləşdirdik. Ölkəmizi təcriddə saxlamağa çalışanların, boykotla hədələyənlərin özlərini təcriddə saxladıq ki, burada deyildi: COP29-un uğurlu təşkili onun ən gözəl sübutudur. Bu gün Azərbaycan diplomatiyasının qarşısında ilk növbədə regiona dayanıqlı və davamlı sülh gətirmək, 30 ildə ölkəmizə qarşı törətdiyi vəhşiliyə görə işğalçı Ermənistana təzminat ödətdirmək vəzifəsi durur. Əminəm ki, diplomatlarımız cənab Prezidentin liderliyi altında bu vəzifələrin də öhdəsindən uğurla gələcəklər”. 


Избранный
57
sherg.az

1Источники