RU

Füzulidə tibbi aksiya

“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrinin aparılması, tibbi məsləhətlərin verilməsi və sağlamlıqlarının təmin edilməsi məqsədilə silsilə tibbi aksiyaları davam etdirir.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə səyyar müayinə dekabrın 13-də təşkil edilib. Aksiya zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşları Füzuli şəhərində sakinlər üçün müxtəlif tibbi xidmətlər göstəriblər.

Aksiyanın məqsədi işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin mütəmadi olaraq səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə onların sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, onlara bu sahədə dəstək və yardım göstərilməsi, həmçinin ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirilmələridir. Müayinələr institutun xüsusi təchiz olunan səyyar klinikasında aparılıb. Tibbi avadanlıqların tam dəsti ilə təchiz edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Fərqli diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən klinikalar ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb.

Aksiya zamanı Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazının öyrənilməsi həyata keçirilib. Həmçinin, vərəm aşkarlamaq məqsədilə (bəlğəm analizi və latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri) ixtisaslaşdırılmış müayinələr aparılıb.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 270-ə yaxın Füzuli sakini müayinə olunub.

Tibbi aksiyada yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Zərifə HÜSEYNOVA
XQ

Избранный
8
5
xalqqazeti.az

8Источники