RU

Azərbaycana kapital qoyuluşunun azalmasının səbəbi - rəy

Ekspert: “Bu, uzunmüddətli hal deyil, daha çox texniki xarakter daşıyır”

Artıq üçüncü aydır ki, Azərbaycanda əsas kapitala investisiya yatırımlarında azalma qeydə alınır. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan aydın olur ki, avqust ayı da daxil olmaqla 8 ay boyu artım nümayiş etdirən kapital qoyuluşları sentyabrdan azalma ilə əvəz olunub.

Rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində investisiya yatırılıb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalma deməkdir. Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.

İnvestisiyanın 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.

İnvestisiyaların 11 milyard 434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15725,9 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çox vəsait yönəldilmişdi. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 24,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artmışdı. Ümumi sərmayənin 9 milyard 422,3 milyon manatı və ya 59,9 faizi məhsul istehsalı sahələrinin, 5 milyard 498,6 milyon manatı (35,0 faizi) xidmət sahələrinin, 805,0 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdü. Ümumi sərmayənin 55,8 faizi dövlət, 44,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdu. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 77,6 faizini təşkil etmişdi. 

Maraqlıdır ki, bu il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmində artım var. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ölkəyə birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.5 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.4 milyard dollar olub.  Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.8 milyard dollar kəsir yaranıb. Qiymətləndirmələrə görə, doqquz ayda qeyri neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2.7 faiz artaraq 0.9 milyard dollar təşkil edib.

Rəsmi statistikadan da göründüyü kimi, bu ilin 11 ayında neft-qaz sektoruna kapital qoyuluşunda ciddi azalma var. Bu azalma böyük ölçüdə Azəri-Çıraq-Günəşli yatağında həyata keçirilən ACE layihəsi ilə bağlıdır. Belə ki, 6 milyard dollar dəyərində olan layihə yeni ACE platformasından neft-qaz hasilatını nəzərdə tutur. Bu ilin aprelində platformadan neft hasilatına başlanıb. Bu isə layihə üzrə kapital məsrəfli işlərin həcminin kəskin azalması deməkdir. 

Manatın

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, əsas kapitala investisiyaların azalması bir sıra istiqamətlərdə daha çoxdur: “İnvestisiyaların strukturuna nəzər yetirdikdə görürük ki, azalma daha çox nəqliyyat sektoruna qoyuluşlardakı azalmalardan qaynaqlanır. Bundan əlavə, mədən sənayesi, dövlət idarəetməsi, sosial müdafiə, sosial təminat sahələrinə kapital qoyuluşlarında da azalma müşahidə olunur. Düşünürəm ki, bu, uzunmüddətli hal deyil, daha çox texniki xarakter daşıyır. Hökumətin cari il ərzində digər istiqamətlərdə öhdəliklərinin müvəqqəti artması, xüsusilə də COP29-la bağlı xərclərinin artması nəticəsində digər istiqamətlərdə xərcləmələrə konservativ yanaşmaya gətirib çıxarıb. Bu halın 2025-ci il və sonrakı 1-2 ildə artımla əvəzlənəcəyi gözləniləndir”. 

Ekspert bildirir ki, əsaslı investisiyalarda dövlət aparıcı paya malikdir: “Lakin orta və uzunmüddətli dövrdə dövlət qoyuluşlarının hesabına artımın təmin edilməsi və onun davamlılığının qorunması mümkün olmayacaq. Buna görə də ölkədə investisiya mühitini cəlbedici hala gətirməklə birbaşa xarici investisiyalarının artmasına nail olunmalıdır. Bu sahədə böyük imkanlar var, Azərbaycan iqtisadiyyatı işlənməmiş, xam iqtisadiyyatdır. Normal investisiya mühiti olarsa, mədən sənayesində investisiyaların azalmasını da kompensasiya etmək mümkün olar. Bundan əlavə, xarici və yerli özəl investisiyaların aktiv cəlbi dövlət vəsaitlərinin işğaldan azad olunan ərazilərin bərpasına daha çox istiqamətləndirilməsinə imkan yaradar”. 

Qeyd edək ki, 2025-ci ildə dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Son illərin təcrübəsini nəzərə alsaq, bu vəsaitin ilin ortasında büdcə dəyişikliyi yolu ilə artırılacağını istisna etmək olmaz. Belə ki, 2023-cü il büdcəsində bu istiqamətə 3 milyard manat planlaşdırılsa da, dəyişikliklə 5 milyard 260 milyon manata, 2024-cü ildə 3 milyard 825 milyon manatdan 4 milyard 855,8 milyard manata qədər artırılıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

Избранный
27
musavat.com

1Источники