2019-cu ildə Suriyanın İdlib şəhərində baş verən partlayış nəticəsində ağır yaralanan “Cəbhat ən-Nusra” terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Türkiyə tərəfindən xilas edilmişdi. Türk mənbələrinə əsaslanan xəbərə görə, Culani başından aldığı qəlpə yarası səbəbilə Antakya xəstəxanasına aparılmış, orada əməliyyat olunmuş və komaya düşmüşdü.
Musavat.com həmin gün, 19 fevral 2019-cu ildə dərc olunan xəbəri olduğu kimi xatırladır:
**
“Cəbhat ən-Nusra”nın lideri komaya düşdü – Türkiyəyə aparıldı
“Cəbhat ən-Nusra” terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Suriyanın İdlib şəhərində partlayış nəticəsində başından qəlpə yarası alıb.
Bu barədə RİA Novosti agentliyinə türk mənbə məlumat verib.
Partlayış nəticəsində ağır yaralanan Əl Sulaninin Hatay vilayətinin Antakya şəhərində, dövlət xəstəxanasına yerləşdirildiyi deyilir.
Məlumata görə, Əbu Məhəmməd başından əməliyyat olunub. Hazırda o, komadadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, Dəməşq məhkəməsi Əbu Məhəmməd əl-Culani haqqında ölüm hökmü qərarı verib.
19.02.2019
**
Türkiyənin rolu və Culani ilə əlaqələr
2014-cü ildə Türkiyənin “Cəbhat ən-Nusra” təşkilatını terror siyahısından çıxarması, ardınca isə 2019-cu ildə liderini ölümdən xilas etməsi Ankara ilə Culaninin isti münasibətləri barədə suallar doğurur. İddialara görə, Culani son illərdəki fəaliyyətində Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri Hakan Fidan ilə yaxın əməkdaşlıq edib və əsas addımlarını məhz onunla məsləhətləşib.
Culani, Suriyada Əsəd rejiminə qarşı ən güclü müxalif qüvvələrdən biri olaraq tanınır. Onun təşkilatı, xüsusilə İdlib bölgəsində, Əsəd rejiminin əsas düşmənlərindən biri kimi fəaliyyət göstərib. Bu fakt, Culaninin Türkiyə üçün bölgədə strateji bir alət kimi istifadə edildiyi iddialarını gücləndirir.
HTŞ-nin transformasiyası: Yeni ideologiya və sivilləşmə
2017-ci ildə Culani rəhbərlik etdiyi təşkilatın adını “Heyət Təhrir əş-Şam” (HTŞ) olaraq dəyişdi. Bu, yalnız ad dəyişikliyi deyildi, həm də təşkilatın ideologiyası və fəaliyyəti ciddi şəkildə yenidən formalaşdırıldı. İddialara görə, bu dəyişikliklərin arxasında Türkiyənin dəstəyi dayanır.
1. Yeni ideologiya:
• HTŞ əvvəlki radikal dini ritorikasından uzaqlaşaraq, daha çox siyasi məqsədli bir təşkilata çevrildi. Türkiyə bu dəyişikliyi dəstəkləyərək, təşkilatın beynəlxalq aləmdə qəbul olunmasını asanlaşdırmaq istəyirdi.
2. Sivilləşmə və imic dəyişikliyi:
• HTŞ döyüşçüləri dini-geyimlərdən mülki geyimə keçdi. Bu, təşkilatın radikal görüntüsünü yumşaltmaq üçün atılmış mühüm addımlardan biri idi. Mülki idarəçilik strukturlarının yaradılması ilə HTŞ bölgədə daha çox siyasi təsirə malik oldu.
3. Mülki idarəçilik:
• Türkiyənin məsləhəti ilə HTŞ Suriyanın İdlib bölgəsində “Mülki İdarəçilik Şurası” yaratdı. Bu qurum yerli əhalinin ehtiyaclarını qarşılayan inzibati bir struktur olaraq fəaliyyət göstərir.