RU

İlya Çavçavadze haqlı çıxdımı?

Gürcüstanda ədəbiyyat klassiki İlya Çavçavadzeni həmişə az qala mili qəhrəman hesab ediblər. 

Hətta gürcü kilsəsi ölümündən sonra onu kanonlaşdıraraq müqəddəs elan edib. 

Amma gürcü ədəbiyyatının klassikinin xalqı haqda çox tənqidi, hətta kəskin fikirlər səsləndirdiyi vaxtlar da olub, necə ki, bunu bir vaxtlar bizim də Mirzə Cəlil və Sabir kimi klassiklərimiz azərbaycanlılarla bağlı edirdilər, bir fərqlə ki, bizim milli kimlik məsələmiz bir az dolaşığa düşmüşdü onda, ruslar "tatar”, böyük əksəriyyətsə, sadəcə, "müsəlman” deyirdi bizə! İndi özünüz görün ki, rəhmətlik Əli bəy Hüseynzadə, daha sonra isə Məhəmməd Əmin Rəsulzadə nə böyük iş görüb!

Əlbəttə, biz sıravi insanlar böyük klassiklərin bu xüsusdakı sərt mövqeyini heç də həmişə bölüşmürük, amma hətta az qala iki yüz il keçəndən sonra belə razılaşmalı olursan ki, İlya Çavçavadzenin Gürcüstan və gürcülərlə bağlı dediklərində, hətta Mirzə Cəlilin və Sabirin bəzi məqamlarda elə biz azərbaycanlılar-müsəlmanlar haqqında da söylədiklərində böyük həqiqət payı varmış...

Qayıdaq Gürcüstana. Bəli, eks-prezident, ardıcıl qərbçi  M.Saakaşvili həbsdə qalmaqda davam edir, ölkə hazırda digər bir qərbçi prezidentlə - Salome Zurabişvililə vidalaşır, onu, yəni təcrübəli və peşəkar diplomatı, ən azı iki xarici dil (ingilis və fransız – belə deyilir!) bilən bir siyasətçini hətta ali təhsili olmayan və yalnız "kardinal” Bidzina İvanişviliyə fanatik dərəcədə sadiq olacağına görə (bunu hətta qeyri-müxalifətçi gürcü politoloqları iddia edir!) prezident kimi irəli sürülən və ötən şənbə günü də bu posta seçdirilən Mixail Kavelaşvili ilə əvəz etdi.

Bəli, ötən həftə Gürcüstandakı builki seçki prosesi də öz finalına yaxınlaşdı və bizi istər-istəməz böyük gürcü ədəbi klassikini bir daha xatırlamağa vadar etdi. 

Hamı yaxşı bilir ki, prezident Gürcüstanda heç də həlledici siyasi fiqur deyil. 

Son illərdə bu ölkədə prezident postu xanım Zurabişvilinin fəaliyyəti, qərbçi prezidentlə rusiyapərəst hökumət arasındakı qarşıdurmağa görə nəzərə çarpırdı. Amma prezident seçkiləri ölkənin siyasi durumunda həlledici amil rolunu oynaya bilər: bundan sonra ya siyasi etirazlar tam səngiyəcək, ya da, əksinə güclənəcək.

Deyək ki, hələ siyasi təhlilçilər bu iki senarinin hansının daha ehtimallı olduğunu deyə bilmirlər. Biz də yalnız risk edərək onu deyərdik ki, bəli, gürcü müxalifəti güclüdür, amma o, mövcud siyasi konfiqurasiyanı kardinal şəkildə dəyişmək iqtidarında deyil və böyük ehtimalla hazırkı hakim "Gürcü arzusu” koalisiyası müəyyən çətinliklərlə olsa da, hakimiyyətdə qaqlacaq və güman ki, ən azı yaxın dövrlərdə növbəti "qızılgül inqilabı” baş tutmayacaq Gürcüstanda. 

Birincisi, ona görə ki, parlament seçkilərinin nəticələrinin total saxtalaşdırılması haqqındakı söhbətlərə elə də inanmırıq – hakim partiya total saxtakarlığa getsəydi, ən azı özünə daha çox faiz yazardı, çünki onlar parlamentdə konstitusion çoxluğa nail olmaqçün az qala əldən-ayaqdan gedirdilər ki, müxalifəti mandatdan məhrum edib təkpartiyalı parlament qursunlar. Hətta Kobaxidze bu planlarına bəraət qazandırmaq üçün bəzi ölkələri nümunı kimi göstərirdi! Amma xoşbəxtlikdən buna nail ola bilmədilər. 

İkincisi, seçkilər həqiqətən də total saxtalaşdırılsaydı, insanlar müxalifətə daha çox səs versəydilər, bunun müəyyən əlamətlərini küçə və meydanlarda görərdik – parlament seçkilərindən sonra çox etiraz aksiyaları keçirildi, amma çox təəssüf ki, hətta bu məsələlərdə müəyyən qədər maraqlı olan xarici müşahidəçilər belə onlar haqqında "möhtəşəm aksiyalar” demədilər. 

Həm də belə faktı nəzərdən qaçırmaq lazım deyil ki, Gürcüstan cəmiyyəti də hələ seçim mərhələsindədir. Onların bir qismi düşünür ki, həqiqətən də Rusiya ilə münasibətləri sıxlaşdırmaq lazımdır ki, ölkənin ərazi bütövlüyü məsələsi, nəhayət ki, həll olunsun, Abxaziya və Cənubi Osetiya təzədən Tiflisin konstitusion müstəvisinə qayıtsın. 

Onu da deyək ki, bu fikri insanlara təkcə, yumşaq şəkildə desək, daha realist siyasi vektor olan hakim "Gürcü arzusu” koalisiyası və ya Rusiyaya bağlı gürcü oliqarxları təlqin etmir, onların gözünün önündə özünün çevik balanslaşdırılmış siyasətilə ərazi bütövlüyünü təmin edən Azərbaycan nümunəsi var! Amma biz dəfələrlə diqqəti belə bir detala çəkmişik ki, Azərbaycanın timsalında daha bir amil – Türkiyə faktoru var ki, onunla Rusiya getdikcə daha çox hesablaşmaq məcburiyyətindədir və biz bunu hətta hazırki Suriya proseslərinin də nümunəsində görürürk. 

O ki qaldı gürcü siyasi və iqtisadi elitasının bu xüsusdakı planlarına və bu senarini təkrarlamaq istəməsinə, nə demək olar, biz onlara da sidqi-ürəkdən uğurlar arzulayırıq...

İnsanların fərqli ovqatına gəldikdə isə, daha bir detalı da qeyd etmək lazımdır. Ukrayna hadisələri, açıq şəkildə demək lazımdır ki, gürcüləri çox qorxutdu, xüsusən də nəzərə alanda ki, onların artıq bu xüsusda da müəyyən təcrübələri var: bəli, bir neçə il bundan əvvəl baş vermiş Rusiya – Gürcüstan müharibəsi zamanı rus qoşunları az qala iki-üç saat ərzində Tiflisin qapılarına çatmışdılar! 

Həm də müəyyən qism insanlar düşünür ki, onsuz da Gürcüstanı tezliklə heç kim nə NATO-ya, nə də Avropa İttifaqına qəbul etməyəcək, odur ki, tələsməyə, risk etməyə heç dəyərmi?

Bəs siyasi proseslərin üfüqündə nə görünür? Bilirsiniz, daha təcrübəli siyasət adamları - siyasətşünaslar həmişə deyir ki, REALİST olun, əbəs yerə gücünüzü, qüvvənizi tükəndirməyin, hakimiyyəti dəyişməkdənsə, çalışın, onun siyasətini dəyişəsəniz, qərarlarına təsir edəsiniz! 

Düşünürük, gürcü müxalifəti də qüvvəsini bu istiqamətə yönəltməlidir – necə deyər, "maksimum planı” alınmırsa, onda "minimum”u yoxlamaq lazımdır.

Savadlı və cəsarətli seçici yetişdirmək lazımdır. Özünüz deyin, əgər insanların çoxu parlament seçkilərində gürcü müxalifətinə səs versəydi, hakim partiya nə edə bilərdi? Əgər o, aşkar şəkildə qarşıdurmaya getsəydi, indikindən də qat-qat izdihamlı etirazlarla üzbəüz qalmazdımı? 

Həm də çalışmaq lazımdır ki, inqilab küçələrdə yox, beyinlərdə olsun. Küçə inqilabları heç də həmişə arzuolunan nəticələrə gətirmir – bəzən onların nəticəsi xaos və idarəsizlik olur, hətta bu proseslərdə ərazilərinin bir hissəsinə nəzarəti itirən ölkələr də tapılır!

İndi hakim "Gürcü arzusu” partiyası da vəziyəti dəyişmək üçün intensiv şəkildə çıxış yolları arayır. 

Bu günlərdə hətta B.İvanişviliylə Fransa prezidenti E.Makron arasında telefon danışığının olduğu deyildi. 

Bundan sonra xəbər yayıldı ki, guya İvanişvili baş nazir Kobaxidzeni istefaya göndərmək istəyir, amma bu xəbərlər təsdiqlənmədi. 

Hazırda Qərb də Gürcüstana təzyiqlərini artırmaqda davam edir. Görən, proseslər üçün hansısa ortaq məxrəc varmı? Hakim gürcü partiyası avrointeqrasiya kursundan tam imtina edə bilməz, çünki məsələ ölkə konstitusiyasında əksini tapıb, bununçün konstitusiyanı dəyişmək lazımdır. 

Ortada Moldovanın da strategiyası var: Kişinyov Avropa İttifaqı ilə sıx yaxınlaşmağa çalışır, amma NATO ilə hələ müəyyən məsafə saxlayır! Bəlkə Gürcüstan üçün də bu yol daha məqbuldur? Axı ruslar özləri də  neçə dəfə deyib ki, onlar Avropa İttifaqı ilə NATO arasında bərabərlik işarəsi qoymurlar! Bəlkə indi bu variantı yoxlamaq lazımdır?

Qərəz, növbəti gürcü prezidenti futbolçu Mixail Kavelaşvili oldu, amma heç bir halda istəməzdik ki, balaca Gürcüstan böyük geosiyasi güclərin əlində futbol topuna çevrilsin, bu, bir qapıya qovsun, digəri tamam başqa qapıya!

Bilirsiniz, hansısa məqsədlərçün hətta Rusiya ilə də müvəqqəti "geosiyasi ticarət” yapmaq olar, əsas odur, bu hansısa siyasi partiyanın deyil, millətin maraqları naminə olsun. Amma uzaq perspektivə baxanda, vallah, Rusiya aldadıcı illüziyadır, hətta ruslar özləri nə vaxtsa daşı ətəklərindən töküb, "dinə-imana” gələcək, torpaqdan, ərazidən "doyduq” deyəcəklər, daha effektiv siyasət, xüsusən iqtisadiyyat qurub başqa xalqlardan əl çəkəcəklər...  

İndi onları başa düşmək olar – hazırki Rusiya yalnız imperiya şəklində mövcud ola bilər. Amma gürcüləri də başa düşmək lazımdır. Onlar avro-inteqrasiya iqtiqamətində həqiqətən də çox böyük addım atmışdılar. İndi nə olsun? Gürcüstan bütün bunlardan imtina etsinmi?..

Hüseynbala Səlimov

Избранный
16
qaynarinfo.az

1Источники