RU

DYP-dən sürücülərə XƏBƏRDARLIQ: “Bu avtomobillərlə yola çıxmayın!”

Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə  qurumdan məlumat verilib. Qeyd olunub ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər.

“Ötən gün Quba və Göygöl rayonları ərazisində təkərləri mövsümə uyğun olmayan avtomobillərlə törədilmiş 2 yol-nəqliyyat hadisəsində 2 nəfərin həyatını itirməsi, 4 nəfərin isə xəsarət alması bir daha qeyd olunan məsələnin diqqətdə saxlanılmasını tələb edir. Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq”.

Qurum, həmçinin vurğulayıb ki, mövsümlə əlaqədar olaraq istənilən vaxt hava şəraiti qəfildən dəyişə, qar yağa bilər:

“Artıq respublikanın bir sıra dağətəyi rayonlarında yolların səthinin buz bağlaması müşahidə olunur. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Sürücülərdən qış üçün təkər və işıq faralarını uyğun hala gətirmələri, avtomobillərdə olması lazımı avadanlıqları (zəncir, dartı kəndiri və s.) təmin etmələri, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələri, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur. Eyni zamanda, sürücülər, xüsusilə yağıntı düşən ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər”.

Избранный
19
22
nocomment.az

10Источники