RU

Suriya dirçələcəkmi...

Deyək ki, bu yöndə artıq ilk addımlar atılır. Hətta müəyyən sevindirici siqnallar da gələməkdədir. 

Bugünlərdə Suriya hərbi müxalifətinin lideri bəyan etdi ki, burada heç bir dini dövlət, xüsusən də dini diktatura qurulmayacaq. 

Bəşərin devrilməsindən cəmi bir neçə gün keçsə də yeni konstitusiya haqqında da söhbətlər gedir. Bunun özü də çox maraqlı nüansdır. 

Birincisi, ona görə ki, radikal dini-siyasi cərəyanlar adətən deyirlər ki, bizə hansısa dünyəvi qanunlar, konstitusiya-filan lazım deyil, şəriətimiz var, o da bəsimizdir! 

İkincisi, konstitusionalizm prinsipi bütün gənc dövlətlər üçün ən ilkin və  ümdə şərtlərdən biridir, çünki konstitusiya həm hakimiyyəti məhdudlaşdıran əsas amildir, həm də məsəl var, deyir ki, konstitusiyanı mənə göstər, deyim, sən necə ölkəsən!.. 

Odur ki, bütün bu bəyanatlar və çağırışlar cəmi xoş niyyətli siyasi müşahidəçiləri sevindirir, çünki hamı istəyir ki, neçə illərdir davam edən vətəndaş müharibəsinin xarabazara çevrildiyi Suriya dirçəlsin, insanlar (təkcə qardaş Türkiyədə milyonlarla suriyalı qaçqın var!) öz vətənlərinə qayıtsınlar, ölkə bərpa olunsun, normal həyat ritminə qayıtsın...

Sözsüz, narahatlıq da çox böyükdür və qalmaqdadır. Ötən dəfələrdə də qeyd etdiyimiz kimi, məşhur bir sovet filminin qəhrəmanı yoldaş Suxov demişkən: “Şərq "incə" məsələdir!" 

Birincisi, konstitusiya bütün hallarda, qeyri-məhdud hakimiyyətin qarşısında ən böyük sədd, sipərdir, amma hətta konstitusiyada da çox arzuolunmaz, xoşagəlməz şeylər yazıla bilər! Bəli, nəinki teokratik İranın, hətta bəlkə də taliban Əfqanıstanının da “konstitusiyası” var!

İkincisi, Suriya demək olar, tamam darmadağın edilib. BMT-nin ilkin hesablamalarına görə, onun bərpası üçün ən azı 400 milyard dollar tələb olunur! Tək qardaş Türkiyə bu qədər yükün altına girmək iqtidarındadırmı, xüsusən də nəzərə alanda ki, bu son illərdə təkcə suriyalı qaçqınları zəruri xidmətlərlə təmin etmək Ankaraya çox böyük məsrəflərə başa gəlib! 

Düzdür, müşahidəçilər diqqəti belə detala çəkir ki, Türkiyəinin bu məsələdə Qətər kimi varlı müttəfiqi var. Olsun! Amma yenə də ABŞ-ın və Qərbin yardımına çox ciddi ehtiyac olacaq. 

Üçüncüsü, Suriyada çox geosiyasi vektorlar cəmləşib. Ötən dəfələrdə soruşduğumuz kimi: ölkə ayrı-ayrı “geosiyasi təsir zonaları”na, “geosiyasi anklav”lara bölünməyəcək ki? Ən başlıcası, bu geosiyasi vektorlar arasındakı çəkişmə Suriyada proseslərin normallaşmasına mane olmayacaq ki? 

Ötən həftə Türkiyə hökuməti ilə ABŞ-ın dövlət katibi arasında Bəşər devriləndən sonra ilk rəsmi məsləhətləşmə baş tutdu. Dərhal qeyd edək ki, hələ ki anlaşma var, hərçənd hamıya məlumdur ki, bir məsələ - kürd yaraqlılarına münasibət Ankara və Vaşinqton arasında neçə ildir ixtilaf yaradır. 

Həm də deyəsən, ABŞ da “kürd zonası”nı özünün nəzarətində saxlamağa çalışır. Üstəlik, İsrail də Colan təpəliklərində (hətta bundan da bir az geniş!) möhkəmlənməyə, hətta burada öz təsir zonasını yaratmağa can atır. İrana gəldikdə, Tehran çox çabalayır, amma böyük ehtimalla, ona pay düşməyəcək! Moskva iddialarını dilə gətirməyə çox da tələsmir, çox böyük ehtimalla, Kreml daha bir ərəb diktatorunu “bazara” çıxardı. Kimə, nə üçün və neçəyə - bu məsələlərə də çox yaxın vaxtlarda aydınlıq gələcəkdir...

Qərəz, dünyanın bölgüsü davam edir. Bu xüsusda kiçik qeydimiz var, düşünürük, o, nisbətən gənc yazarlarımıza maraqlı olar. Rusiya, onun A.Duqin kimi geosiyasi ideoloqları, onların nəyə çağırması çoxuna məlumdur. Burada Qərbin klassik geosiyasi ideolojisi, onun Z.Bjezinski, H.Kissincer və s. kimi ideoloqları ilə bağlı məqamı qeyd etmək istərdik.

Onlar vaxtilə bizim kimi bütün siyasi yazarlar, xüsusən də geosiyasətdən yazanlar üçün əsl KUMİR idi.   

Amma keçmiş ABŞ prezidenti D.Eyzenhauerin maraqlı fikri var: solçuçarla vuruşa-vuruşa ölkəni sağçıların diktaturasına çevirə bilmərik! 

Bjezinski, hətta Kissincer və s. kimi politoloqlar da sovet imperiyasına qarşı ideoloji mübarizə apara-apara özləri ABŞ imperializminin ideoloqlarına çevrildilər. 

Ona görə də Qərbin yeni politoloji fikir nümayəndələrini araşdırmaq lazımdır. Məsələn, Fərid Zakariya kimi maraqlı politoloq var. Düzdür, onun da mübahisəli fikirləri az deyil, ABŞ hegemonluğu ideya kimi ona da yad deyil, amma bütün hallarda o, daha realistdir. 

Bunu onun üçün deyirik ki, Rusiya, nə bilim, Çin imperiyası kimi, elə ABŞ imperiyası da kimsəyə lazım deyil - onu nə avropalılar istəyir, nə də qeyri-xalqlar! 

Mütərəqqi insanlar beynəlxalq hüquqa, hamının qəbul etdiyi azadlıq və humanizm prinsiplərinə söykənən Dünya istəyir ki, heç olmasa, özləri də olmasa, gələcəkdə uşaqları rahat yaşasın...

Bunu həm də ona görə qeyd edirik ki, qoy, post-Bəşər Suriyası da bölünüb-bölüşdürülməkdən, böyük güclərin və geosiyasi vektorların çəkişmə meydanı, dünya bölgüsünün predmeti olmaqdan qurtulsun, ən azı ona görə ki, nə olur-olsun, suriyalıların da çoxu bizim müsəlman qardaşlarımızdır!..

 

Избранный
13
musavat.com

1Источники