RU

24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”: “Bir çoxu təhsilini yarımçıq qoyacaq”

“Təhsili davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilməsi ilə bağlı yeni yaş məhdudiyyətləri təhsilin dayanıqlığı və insan kapitalının inkişafı baxımından geniş müzakirə tələb edən bir məsələdir. Təklif olunan dəyişikliklərə əsasən, bakalavr təhsilində möhlət hüququ 24 yaşadək, magistratura üçün isə 26 yaşadək məhdudlaşdırılır. Əvvəllər bu sahədə yaş həddi qoyulmadığından tələbələrə təhsillərini tamamlamaq üçün daha geniş imkanlar verilirdi. Yeni tənzimləmə isə bir çox gəncin təhsilini yarımçıq qoyması təhlükəsini yarada bilər. Bu dəyişikliklərin təsirləri, xüsusən də xaricdə təhsil alan tələbələr və ölkə daxilində müəyyən çətinliklərlə üzləşən gənclər üçün ciddi şəkildə təhlil olunmalıdır”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Kamran Əsədov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi təklifindən danışarkən deyib. O bildirib ki, bu məhdudiyyətlər formal olaraq təhsildə gecikmələrin qarşısını almaq və gənclərin hərbi xidmətə vaxtında cəlb olunmasını təmin etmək məqsədi daşıyır:

“Mövcud qanunvericiliyə əsasən, hərbi xidmətə çağırış üçün təhsilini davam etdirən tələbələrə möhlət hüququ verilirdi və bu hüququn tətbiqində yaş məhdudiyyəti yox idi. Yeni dəyişikliklərdə yaş məhdudiyyətinin tətbiqi əsasən bu şəkildə müəyyən edilib: 

Magistratura təhsili alanlara 26 yaşadək möhlət hüququ.

Lakin bu addım praktik olaraq bir sıra problemlər yarada bilər. 

Təhsil prosesinin xüsusiyyətləri, tələbələrin akademik çətinlikləri və xarici amillər nəzərə alınmadan yaş həddinin sərtləşdirilməsi tələbələrin gələcək inkişafını risk altına qoyur”. 

O bildirib ki, təhsil yalnız standart bir vaxt çərçivəsinə sığdırılan proses deyil: 

“Gənclərin bakalavr və magistratura təhsilini müxtəlif səbəblərdən gecikdirməsi qaçılmazdır. Bu səbəblər arasında akademik çətinliklər, iqtisadi problemlər, ailə vəziyyəti və fərdi səbəblər xüsusi yer tutur. Məsələn, Azərbaycanda təhsil alan tələbələrin bir qismi təhsil haqqını ödəmək üçün işləməyə məcbur olur. Bu, onların təhsil prosesinin uzanmasına və akademik performanslarının zəifləməsinə səbəb olur. Xaricdə təhsil alan tələbələr üçün bu problem daha da qabarıq görünür. Türkiyə təcrübəsinə nəzər yetirsək, orada bakalavr təhsili üçün tələbələrə 7 il müddət verilir. Türkiyənin ali təhsil sistemi kifayət qədər mürəkkəbdir və təhsil alan gənclər müxtəlif səbəblərdən təhsillərini standart 4 ildə tamamlaya bilmirlər. Tələbələrə əlavə müddətin verilməsi təhsilin yarımçıq qalmasının qarşısını alır və daha savadlı kadrların yetişməsinə şərait yaradır. Azərbaycandan 15 mindən çox tələbə Türkiyə universitetlərində təhsil alır və onların bir çoxu təhsil müddətini uzadır. Yeni qanunvericiliyə görə, 24 yaş məhdudiyyəti tətbiq edildikdə bu tələbələrin əksəriyyəti yarımçıq təhsil ilə ölkəyə qayıtmağa məcbur ola bilər. Bu isə həm fərdi itkilərə, həm də ölkə üçün strateji əhəmiyyət kəsb edən insan kapitalının zəifləməsinə gətirib çıxarar”. 

Kamran Əsədov qeyd edib ki, təhsil sisteminə yaş məhdudiyyətinin sərtləşdirilməsi ilk növbədə təhsili bir formal prosesə çevirir: 

“Təhsil yalnız müəyyən yaş həddində başa çatdırılmalı olan bir proses deyil. Bu, hər bir fərdin potensialına və sosial şəraitinə uyğun olaraq çevik yanaşma tələb edən uzunmüddətli bir investisiyadır. Möhlət hüququnun 24 və 26 yaşla məhdudlaşdırılması təhsil prosesində müxtəlif çətinliklər yaşayan tələbələrin inkişafını məhdudlaşdırır. Bu məhdudiyyətlərin əsas problemləri biri budur ki, tələbələrin akademik və iqtisadi vəziyyəti nəzərə alınmır. Bir çox tələbə eyni zamanda işləmək məcburiyyətindədir və bu, təhsilin uzanmasına səbəb olur. Bundan başqa, xaricdə təhsil alan tələbələr üçün ciddi maneələr yaranır. Türkiyə və digər ölkələrdə təhsil sisteminin çətinliyi və əlavə müddətlərin tətbiqi nəzərə alınmadan sərt yaş həddi qoyulur. Həmçinin, təhsil yarımçıq qalarsa, gənclərin uzun müddət ərzində sərf etdiyi zaman və resurslar boşa çıxır. Bu, həm fərdi, həm də milli miqyasda böyük itkidir”. 

Təhsil eksperti vurğulayıb ki, inkişaf etmiş ölkələrdə təhsil müddətləri və hərbi xidmətə möhlət hüququ tələbələrin fərdi vəziyyətləri nəzərə alınaraq tətbiq olunur:

“Buna misal olaraq, Türkiyədə tələbələrə bakalavr təhsili üçün 7 il, magistratura üçün isə əlavə 3-4 il müddət verilir. Bu, tələbələrin təhsilini tamamlamaq üçün əlavə zaman və resurs qazanmasına kömək edir. Almaniya nümunəsində ali təhsil sistemi tələbələrə çevik yanaşır. Tələbələrə təhsili uzatmaq üçün geniş imkanlar verilir və bu müddətdə hərbi xidmət möhləti tətbiq olunur. Finlandiyada isə təhsilin fasiləsizliyi təmin edilir və hərbi xidmət üçün güzəştlər tələbələrin akademik göstəriciləri nəzərə alınaraq fərdi şəkildə tənzimlənir. Azərbaycanın da bu ölkələrdən nümunə götürərək möhlət hüququ ilə bağlı daha çevik və humanist yanaşma tətbiq etməsi vacibdir. Yaş məhdudiyyətinin sərtləşdirilməsi əvəzinə, tələbələrin akademik fəaliyyətinə əsaslanan fərdi yanaşma mexanizmi yaradılmalıdır”. 

Ekspertin sözlərinə görə, bu məsələnin həlli üçün bir neçə addım atıla bilər:

“Yaş məhdudiyyəti sərtləşdirilmək əvəzinə, bakalavr üçün 26 yaş, magistratura üçün isə 28 yaş həddi tətbiq olunmalıdır.

Xaricdə təhsil alan tələbələr üçün xüsusi qaydalar hazırlanmalı və təhsil müddətlərinə uyğun olaraq fərdi möhlət hüququ verilməlidir.

Tələbələrin akademik göstəriciləri və çətinlikləri nəzərə alınaraq möhlət hüququ mərhələli şəkildə tətbiq olunmalıdır. Təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə təhsili tamamladıqdan sonra hərbi xidmətə çağırılmaq üçün əlavə şans tanınmalıdır. Təklif olunan yaş məhdudiyyətlərinin tətbiqi təhsil sisteminin reallıqlarını və tələbələrin fərdi vəziyyətlərini nəzərə almadan hazırlanmış qərar kimi görünür. Təhsil ölkənin strateji inkişafı üçün ən vacib sahədir və hərbi xidmətlə bağlı möhlət hüququnun sərtləşdirilməsi bu sahəyə zərər vura bilər. Dünya təcrübəsi göstərir ki, tələbələrə daha geniş zaman çərçivəsi təqdim edilməli və onların akademik inkişafı prioritet kimi qəbul olunmalıdır. 

Azərbaycan üçün də daha çevik, ədalətli və təhsilin dayanıqlığını təmin edən mexanizmlər tətbiq edilməlidir. Əks halda, insan kapitalının inkişafı zəifləyəcək və ölkə ciddi kadr itkisi ilə üzləşəcəkdir”. 

Избранный
36
3
cebheinfo.az

4Источники